Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

REGİONLARA AYRILAN 40 MILYARD VƏSAİT HARA XƏRCLƏNİB?

Regionlarda işsizlik narkomaniya və cinayət hallarının artmasına səbəb olub

Heç kimə sirr deyil ki, bu gün regionlarda yaşayan vətəndaşların iqtisadi durumu çox ağır və acınacaqlıdır. İşsizlik, görüntü xatirinə açılan müəssisələrin qısa zaman ərzində bağlanması, sosial müavinətlərin çox aşağı olması regionlarda yaşayan vətəndaşların zaman-zaman narazılığına hətta bəzi rayonlarda etiraz aksiyalarına səbəb olmuşdur. Regionlarda işsizlikdən əziyyət çəkən gənclər və orta yaşlı insanlar daha çox Rusiya və digər xarici ölkələrə üz tutub. Digər bir məqam isə işsizlikdən əziyyət çəkən insanlar arasında narkomaniya və cinayət hallarının əyalətlərdə təhlükəli səviyyəyə çatmasıdır.

2004-2016-cı illərdə regionların sosial-iqtisadi inkişafına 40 milyard dollar xərclənmişdir

Qeyd edək ki, hökümət tərəfindən 2004-cü ildən başlayaraq 3 dəfə olmaqla və 2004-2018-ci illəri əhatə edən “Regionların sosial iqtisadi inkişafın dair” dövlət proqramları qəbul olunmuşdur. Ümumiyyətlə 2004-2016-cı illərdə regionların inkişafına dair dövlət proqramlarına 35 milyard manatdan çox (təqribən 40 milyard dollara yaxın) vəsait xərclənmişdir. Heç kimə sirr deyil ki, bu illər ərzində korrupsioner məmur-oliqarxiya və yerlərdə olan icra hakimiyyətinin rəhbər şəxsləri tərəfindən büdcədən ayrılan vəsaitlərin talanması faktları mövcuddur. Bu pullar əsasən dəbdəbəli inzbati binalarının tikintisinə, sadəcə şəhər və rayoların mərkəzi küçəsinin təmirinə, hər icra başçısı təyin olunduğu zaman parkların sökülərək yenidən tikintisinə sərf olunmuşdur.

Regionlarda ciddi istehsal müəssisələri qurulmamışdır, sadə kəndlinin pay torpaqları oliqarx-məmurların əlində cəmləşmişdir. Əyalətlərdə su-meliorasiya işləri aparılmamışdır. Bundan başqa regionlarda 40-dan çox olimpiya-idman kompleksləri tikilmişdir ki, bu gün bunların demək olar ki, çoxusu istifadəyə yararsız durumdadır. Bütün bu və ya digər layihələrin tikintisinə, təmir xərclərinə bəlkə ən çoxu 10 mld manat xərcləmək kifayət olardı. Diqqət çəkən digər məqam isə tenderin qalibi olan şirkətlər isə məmur-oliqarx və ya icra başçılarına məxsus olan şirkətlərdir.

Dövlət tərəfindən bu qədər vəsaitin ayrılmasına baxmayaraq bu gün bəzi rayonlarda qazlaşma tam aparılmamış, yol infrastrukturu bərbad gündədir, təmirsiz məktəblərin sayı yüzlərlədir, kanalizasiya və su-meliorasiya işləri tam görülməmişdir. Ən acınacaqlısı budur ki, proqram çərçivəsində dövlət büdcəsindən ayrılan vəsaitdən başqa, hər bir rayon icra hakimiyyətinə ehtiyat fondundan milyonlarla vəsait ayrılmış, bundan başqa müxtəlif dövlət qurumlarına dövlət büdcəsindən böyük həcmdə vəsaitlər ayrılmışdır.

Zamiq Şükürov
iqtisadçı-ekspert

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir