Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

Türkiyə xalça istehsalını necə artırır, biz necə?

Türkiyə yaxın illərdə əllə xalçaları istehsalını inkişaf etdirməyi planlaşdırır. Bu məqsədlə ölkənin bır çox bölgələrində yeni emalatxanalar qurulacaq. Ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib ki, məqsəd Türkiyədə bu işlə məşğul olanların sayını 30 minə, əllə toxuma xalça ixracının dəyərini isə 1 mlrd. ABŞ dollarına çatdırmaqdır: “Bu rəqəm bir qədər əvvəl 1 mlrd. dollara yaxınlaşmışdı, sonradan 50-100 mln. dollar gerilədi. Hədəfimiz ixracda 1 mlrd. dolları keçməkdir”. Rəsmi məlumata görə, türkiyəli ustalar yun xalçaların toxunmasına 3-6 ay, ipək xalçaların toxunmasına isə 1-3 il vaxt sərf edir. Hazırda ölkənin istehsalı olan və əllə toxunan ipək xalçaların qiyməti 5-100 min lirə (2-43 min manat) arasında dəyişir. Bu xalçalar təxminən 30 ölkəyə ixrac edilir.
Son illər Azərbaycanda da xalçaçılığın inkişafına böyük vəsait ayrılmağa başlanıb. Artıq ölkənin müxtəlif bölgələrində 10 fabrik tikilir. Onlardan Füzuli və Şəmkir rayon filialları artıq tam gücü ilə fəaliyyət göstərir, digər filialların binalarının tikintisi isə davam etdirilir. Bu il də əlavə 10 filialın tikintisinə başlanacağı və filialların sayının 20-yə çatacağı planlaşdırılır. Amma problem ondadır ki, Türkiyə bu emalatxanaların sayını məhz bazar tələbatını hesablayaraq artırır. Ölkə bu sahədən böyük gəlir götürdüyünə görə, o istiqamətə böyük investiya yatırmağa davam edir. Belə ki, statistikaya görə, dünyada maşınla toxunan xalça ixrac edən ölkələr sırasında Türkiyə Çindən sonra ikincidir. Çin bazarın 17,7% -ni, Türkiyə isə 15,2%-ni təşkil edir. Dünyanın əllə toxunan xalça və kilimləri də Hindistan, Çin, İran, Pakistan, Türkiyə, Nepal və Tibet tərəfindən istehsal və ixrac olunur. Bu rəqəmlərə baxanda aydın olur ki, Türkiyə hər il xalça ixracından milyardlarla gəlir götürür. Azərbaycanda xalça satışı ilə məşğul olan insanlar da bu xalçaların bazarda ən çox satılan xalçalar olduğunu etiraf edirlər.

Azərbaycanla bağlı vəziyyət isə tamam fərqlidir. Rəsmi açıqlamaya görə, 2017-ci ilin 11 ayı ərzində iri istehsalçılar tərəfindən ölkədə 380,4 kv.metr xalça və xalça məmulatları istehsal olunub. Onun yalnız 20,6 kv. metri satışa göndərilib. Dekabrın 1-nə qədər anbarda qalıq xalça 1343 kv. metr təşkil edib. 2018-ci ilin yanvarın 1-nə kimi isə anbarlarda yığılıb qalan xalçaların həcmi 1222 kv. metr olub. Bu şərtlərdə emalatxanaların sayını artırmaqdansa, diqqəti keyfiyyətə yönəltmək doğru olmazmı?
“Azərxalça”nın rəhbərliyi görülən işlərin yaxın zamanda bəhrə verəcəyini inanır. Xalçaların yaxın zamanda xarici ölkələrdə satış sərgilərinə çıxarılacağı və sonra bu işin davam etdiriləcəyi bildirilir. Buna inanmaq istərdik, amma dünyadakı rəqabət mühiti başqa şey deyir. O mühitə düşə bilmək üçün ən əvvəl səyləri keyfiyyət üzərinə yönəltmək lazımdır. Ucdantutma emalatxanaların sayını artırmaqla bu işin uğur gətirəcəyini gözləmək yarıtmazlıqdan başqa bir şey deyil.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir