Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Ərdoğan Soçidən niyə əliboş qayıtdı? – təhlil

Türkiyə prezidenti R.T. Ərdoğanın da Rusiya səfərinin ərəfəsinin “akustik” tərəfləri sonrası ilə müqayisədə daha effektili oldu: səfər ərəfəsində sanki hamı danışmağa tələsirdi, amma səfərdən sonra xeyli gözlədik, saytları və digər mənbələri kirimişcə izlədik, fəqət, diqqətimizi çəkən bir şey olmadı.
Əslində şəxsən biz elə bir effekt də gözləmirdik və bunu ötən dəfə yazmışdıq. Məsələ bundadır ki, Türkiyə ilə Rusiya biri – birinə nə qədər yaxınlaşsa da, onları ayıran dərin məqamlar var.
Birincisi, hələ SSRİ-nin sütuqu ərəfəsində geosiyasət üzrə ekspertlər diqqəti ona yönəldirdilər ki, sovet məkanının böyük hissəsində, xüsusən də Qafqazda və Mərkəzi Asiyada Türkiyənin təsiri artacaq.
Hətta rusiyalı analitiklər özləri bu cür proqnozlardan çəkinmir, tez–tez hipotetik “tük zolağı” haqqında yazılarla çıxış edirdilər. Düzdür, bu cür gözləntilər tamam təsdiqlənmədi və Türkiyə hökumətləri, məsələn, Mərkəzi Asiya ilə hələki etibarlı münasibətlər vektoru qura bilməyiblər. Amma Azörbaycanı götürsək və Gürcüstanla da sıx münasibətləri nəzərə alsaq, birmənalı şəkildə demək olar ki, Qafqazda buna nail olunub.
Ona görə də nə qədər yaxınlaşsalar da, yenə Rusiya Türkiyəni sovet məkanının böyük kəsimində özünün ən əsas rəqibi sayır.
Bu, məsələnin bir tərəfi… Digər bir yandan, hələ ötən yazıda qeyd etmişdik ki, Kremlin strateqlərində regional məsələlərə yaxınlaşmada obrazlı şəkildə desək, “canavar məntiqi” duyulur: canavarlar özlərinin ov sahələrini işarə etdikləri kimi, onların da məntiqincə, rus əsgərinin ayağı dəyən hər qarış torpaq artıq ya Rusiyanın milli maraqlar zonası, ya da ərazisidir…
Kreml keçmiş sovet məkanına məhz elə bu prizmadan yanaşır və onu nəinki heç kimlə bölüşmək istəmir, hətta hamı ilə dava aparır ki, siz də mənim bu “hüququ”mu tanıyın və təsdiq edin.
Elə bu səbəbdən də heç düşünmürük ki, nəinki yaxın vaxtlarda, hətta yaxın gələcəkdə Rusiya ilə Türkiyə arasında Dağlıq Qarabağ probleminə baxışda ortaq məxrəc formalaşa bilsin.
Sözsüz, Rusiyada anlayırlar ki, Türkiyəni də razı salmadan Azərbaycanla Ermənistanın münasibətlərini “yoluna qoymaq” və Dağlıq Qarabağ problemini tamam “çözmək” mümkün deyil, çünki Ermənistan və Türkiyə münasibətlərini sahmana salmaq problemi də var, ən azı Yerevanın blokadasının aradan qaldırması baxımından…
Üstəlik, Kreml bu müstəvidə həm də Ankaranın Bakıya getdikcə artan təsirini də nəzərə alır – məhz bu səbəbdən ötən illərdə Rusiya Ankaranın prosesdə rolunu “artırmağa”, onu da prosesə cəlb etməyə meyllənmişdi.
Yadınıza gəlirsə, hətta Minsk Qrupunun həmsədrləri də bir vaxt Ankaraya səfərə hazırlaşırdılar, çünki onda ortada konkret Lavrov-Putin plan və onu qəbul etdirmək istəyi vardı.
Hazırda da formal baxımdan ortada yeni şey yoxdur, köhnə plan əsas konturlarını saxlayır. Amma bütün bunlarla bahəm, Moskva münaqişənin “nizamlanması”ndakı aparıcı rolunu, heç bir ölkə ilə, eləcə də Türkiyəylə bölüşmək niyyətində deyil.
Elə bu səbəbdən də düşünürük ki, Putinlə Ərdoğan Qarabağ müstəvisində hansısa ciddi anlaşmaya nail ola bilməyiblər, hələ onu demirik ki, səfər ərəfəsindəki məlumatlara görə, Qarabağ problemi müzakirəyə çıxarılacaq məsələlər arasında heç də ön sıralarda deyildi!
Nə isə… Bu görüş də bitdi. İndi gündəmə başqa xəbər gəlibdir – Rusiyanın erməni əsilli xarici işlər naziri S.Lavrov hər iki ölkəyə səfər etməyə hazırlaşır.
Digər tərəfdən, Ərdoğanla Putinin görüşü ərəfəsində guya, Kremlin Azərbaycana və Türkiyəyə qarşı üç tələb irəli sürməsi haqda xəbərlər də dolaşdı və biz də ötən yazıda bu xüsusda fikrimizi bildirdik.
Bir məsələ də var ki, onu da gərək, diqqətə alaq. Kremlin ideoloqlarından biri, filosof – professor A.Duqin də maraqlı açıqlamaları ilə diqqəti cəlb edir. Guya ki, Türkiyə də yaxın vaxtlarda NATO ilə vida prosesinə start verəcək və s. və i.
Bir daha deyək ki, vaxtilə V.Jirinovski də oxşar bəyanatla çıxış etmiş və nə az, nə də çox, prezident Ərdoğanın özünə istinad etmişdi! Düşünürük, Türkiyə parlamentariləri, müxalif partiyaları və hətta hərbi elitası hakim partiyanı bu bəyanatları şərh etməyə çağırsalar, heç də pis olmaz! Amma təəssüflə vurğulamaq məcburiyyətindəyik ki, indi Türkiyədə də hamının əvəzinə elə prezident Ərdoğan danışmaqdadı, onun opponentlərinin səsi ya tamam eşidilmir, ya da olduqca zəif eşidilir…
Ən qorxulusu nədir? Türkiyə böyük dövlətdir, dövlətçilik ənənələri və yetərincə immuniteti var… Ona görə də düşünmürük ki, Türkiyə ilə belə “nömrə”lər keçsin. Hərçənd, Duqin bir söz deyir, başqaları Ankaranın da guya, Avrasiya İqtisadi Birliyinə meylləndiyini iddia edir! Amma yenə də bunları ciddiyə almağa tələsmirik….
Bizə gəldikdəsə, bəli, bizi tələyə sala bilərlər. Moskva heç vaxt Azərbaycanı da Avrasiya İqtisadi Birliyində, hətta KTMT – da görmək arzusunda olduğunu, eləcə də Qarabağda sülhməramlılarını yerləşdirmək istəyində bulunduğunu gizlətməyib…
Üstəlik, Azərbaycanı geri qaytarmağa ümidlərini də itirməyiblər. Düşünürlər ki, uzanan bu münaqişə gec –tez azərbaycanlıları cana yığacaq və onlar Kremlin qapısına üz tutaqcaqlar, çünki Dağlıq Qarabağ münaqişəsi hansısa “Kataloniya böhranı” deyil, əsl müharibədir və bu müharibədə gənc əsgərlər, bəzənsə qadınlar və uşaqlar həlak olur…
Kremldə düşünürlər ki, hətta bu da azərbaycanlıların “ağlını başlarına yığmasa”, onda onları yenə həmin Qarabağla şirnikləndirmək olar – bəli, Qarabağı elə qarabağlı ermənilərlə birgə, özü də mütləq xüsusi statusla və rus sülhməramlıların orada yerləşdirilməsi şərtilə onlara “qaytarmaq” və əvəzindəsə Azərbaycanın Avrasiya İqtisadi Birliynə və hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünə nail olmaq və bununla da illərlə oynanılan geosiyasi ssenarini tam uğurla bitirmək olar:   azərbaycanlılar düşünəcəklər ki, Qarabağı qaytardılar, əslində isə bütün Azərbaycanı itirəcəklər…
Bəli, Kremlin illərlə həyata keçirmək istədiyi plan budur. Ən narahatlıq doğuran tərəf isə odur ki, fon Rusiya üçün əlverişlidir. İnd bizim Avropa ilə, daha çox da onun vacib institutlarından birilə – Avropa Şurası ilə çox ciddi problemlərimiz yaranıb.
Nə demək olar? Unutmayaq ki, Rusiya ekspansiyasının qarşısını alan həm də bizim Avropa və eləcə də dünya ilə institusional əlaqələrimizdir! Onları qırsaq, Rusiya üçün bizi “hop!” edib udmaq lap su içmək tək asan iş olacaq!
Həm də demək lazım deyil ki, Türkiyənin də, Rusiyanın da Avropa Şurası ilə problemləri var! Onlar böyük dövlətlərdir, xüsusən də Rusiya özünü təkbaşına hətta NATO-ya bərabər rəqib kimi görür, ondan qala ki, Avropa Şurası ola!
Bizsə gənc və hələ “əzələləri bərkiməmiş” bir ölkəyik, bizim üçün hər bir əlaqə və hər bir tribuna önəmlidir – bunu heç vaxt unutmayaq…

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir