Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir… – SORĞU

İki gün əvvəl Rusiyada baş vermiş Oktyabr Sosialist inqilabının 100 yaşı tamam oldu. “Böyük Oktyabr Sosialist İnqilabı” adı ilə qeyd edilən 7 noyabr Azərbaycan SSRİ-də ölkənin əsas ideoloji və siyasi bayramı sayılırdı.

Bu gün isə Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib.

28 aprel istilası ilə Azərbaycan Xalq Cümhuriyyəti süquta yetirildi. Ölkəmiz Sovet imperiyası dönəmində saysız mənəvi basqılara, qətl-qarətlərə məruz qaldı. Milli düşüncəmizin mümkün qədər inkişaf etməməsi üçün imperiya bütün yollara əl atdı. Bəlkə də, elə bu səbəbdəndir ki, 1918-ci il mayın 28-dən 1920-ci aprelin 28-dək mövcud olan AXC-nin hüquqi, siyasi və mənəvi varisi sayılan müasir Azərbaycan Respublikasında hələ də Sovet nostalgiyası ilə yaşayanlar, Sovet düşüncəsini təbliğ edən insanlar var. Onları dövlətçilik ənənələri, dövlət atributları, milli düşüncə, milli mübarizə deyil, Sovet dövrünün xatirələri, o illərdə “toxumu səpilən” fikirlər, Rusiyadan “əsən küləklər” riqqətə gətirir, həyəcanlandırır. Bəs ziyalılarımız necə düşünür, Oktyabr İnqilabını bayram edən, Sovet nostalgiyası ilə yaşayan insanlar haqqında hansı qənaətdədirlər?

İctimai xadim, yazıçı Mehriban Vəzir: “Bəli, o qanlı tarixdən, Yer kürəsinin tam yarısına bəla və müsibət gətirən, indiyə kimi də inkişafdan geri qoyan oktyabr inqilabından 100 il keçir. Hesab edək, tarixdə belə qanlı səhifələr çoxdur. Lakin bu tarixin unikallığı ondadır ki, hələ də Rusiya həqiqətlərin açılmasını, bu tarixin bir elm kimi bütün gerçəkləri ilə öyrənilməsinə imkan vermir. Xüsusilə, postsovet respublikalarda, Azərbaycanda tarix elmini nəzarətdə saxlayır. Bizim ölkəmizdə sövet dövrünün cinayətləri öyrənilmədi, araşdırılmadı, cəmiyyətə təqdim olunmadı. İqtisadi tarix öyrənilmədi. Sovet Rusiyası bizim nə qədər sərvətimizi oğurlayıb, toplum bu barədə məlumatsızdır. Öyrənilənlərin miqyası əhatəli deyil, birtərəflidir. Sovet cinayətlərinə şərik olanların övladlarına yüksək vəzifələr verilir. Məsələn, Mircəfər Bağırovun törəmələri nazirdir. Məmmədəmin Rəsulzadənin törəmələri isə ögey, yad, diqqətsiz qalıb. Bu və saysız hesabsız dəlillər belə bir nəticəyə gətirir ki, Sovet rejimi dövlətin dərin qatında davam edir, dəyişikliklər dekorativdir.

 

Belə bir vəziyyətdə Sovet nostalgiyası yaşayan bir zümrənin olması təbii deyilmi? Axı onlar gerçəkləri bilmirlər, məktəbdə bu barədə danışmırlar, mediada təbliğ etmirlər. Dostu düşməndən ayırmaq üçün, ilk növbədə, gərək məlumatlı olasan, həqiqətləri biləsən. Gerçəkləri bilmirsənsə, Sovet nostalgiyası da yaşayarsan, nurçu da olarsan, vəhabi də, kommunist də”.

Professor, teletənqidçi Qulu Məhərrəmli: “Rusiya inqilabı baş vermiş ən böyük inqilablardan biri idi. Bu inqilab Avropanın, dünyanın siyasi xəritəsinin dəyişməsinə təsir etmişdi. Mahiyyət etibarilə bu, dağıdıcı, ideologiya gətirən inqilab idi. Bu, əslində, rus inqilabıydı. Məhəmməd Əmin Rəsulzadə fevral burjua inqilabını “Rusiya inqilabı” adlandırır. Amma Böyük Oktyabr inqilabını isə “rus inqilabı” adlandırır. Bunun fərqi onda idi ki, bu, Rusiyanın daxili – hakimiyyət məsələsi olsa da, sonradan geniş mənada sosializm sisteminin yaranmasında mühüm element kimi sonra dünyanın siyasi mənzərəsinin dəyişməsinə təsir etdi. Bunun rus xalqına, xüsusən demokratiyanı məhv etmək istiqamətində çox ciddi zərərləri oldu. Rus intiligensiyası, rus ziyalı təbəqəsini yolundan sapdırdı. Dünyaya böyük dəyərlər vermiş, məsələn, Dostoyevski, Tolstoy kimi böyük yazıçılar vermiş bir ölkədə hərbi diktatura yarandı. Bu diktaturada fəhlə-kəndli hökuməti adı altında ideoloji bir dövlət yaratdılar. Təəssüf ki, bu dövlətin izləri, elementləri indi də yaşayır.

 

Mənim fikrimcə, bu Rusiyanı yolundan sapdıran, tarixin sükanını tamamilə yalnış istiqamətə yönləndirən inqilab oldu. Ancaq bu dövlətdə müəyyən dərəcədə sosial ədalət var idi. İndiki ədalətsizliklərlə üzləşən adamlara ona görə o quruluş bir az cazibədar görünür”.

İctimai-siyasi xadim, filologiya elmlər namizədi Vurğun Əyyub: “Bu inqilab Azərbaycanda olmayıb. Bu çevrilişin nəticəsində sonradan Azərbaycan Rusiya tərəfindən işğal olunub. Mənim Sovet hakimiyyətinə qarşı heç bir nostalgiya hissim yoxdur. Belə bir hakimiyyətin, belə bir dövlətin yenidən qurulmasını da heç vaxt arzu etməmişəm. Sovet nostalgiyası ilə yaşayan adamlara da heç bir rəğbətim yoxdur”.

 

 

Xalq şairi Nəriman Həsənzadə: “Sovet hökuməti ermənilərin və rusların dövləti idi. Elə o vaxtdan bizim torpaqlarımız ermənilərin əlinə keçdi. Çünki Rusiyanı idarə edənlər ermənilər idi.

 

Sovet dövrünün müsbət tərəfi yaxşı təhsil verməsi, insanları maarifləndirməsi idi. Amma onlar azərbaycanlılara necə divan tutdular… Nuru Paşa olmasaydı, Bakını Yer üzündən silmişdilər. Lenin Bakının yandırılması üçün Şaumyana məktub yazmışdı. Mart qırğınını yadınıza salın; erməni-bolşevik ordusu 300 min müsəlmana divan tutdu. Sovet hakimiyyətinin xeyirindən çox ziyanı olub, o dövrün nostalgiyasını necə yaşamaq olar?”

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir