Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət İctimai İnsan haqları Siyasət

İlham Əliyev öz hakimiyyətini gücləndirmək üçün müstəqil QHT-ləri sıradan çıxardı.

Müsahibimiz Demokratik Düşüncə Mərkəzi İctimai Birliyinin sədri Orxan Abbasovdur.

-Orxan bəy, Azərbaycanda Qeyri-Hökumət təşkilatlarının vəziyyətini necə qiymətləndirirsiniz? – Azərbaycanda konstitusiyanın və qanunvericiliyin imkan verdiyi çərçivədə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları 2013-cü ilin dekabrından başlayaraq sıxışdırılmağa başlamışdır. Buna səbəb Azərbaycanda vətəndaş cəmiyyətinin güclənməsi və ölkədə baş verən neqativ hallara qarşı adekvat münasibət bildirməsi olmuşdur. Xüsusilə İnsan hüquqları, azad və ədalətli seçki, korrupsiya əleyhinə, şəffaflıqla bağlı təşəbbüslər və beynəlxalq təşkilatlardan dəstək alaraq müstəqil fəaliyyət göstərən Azərbaycan Qeyri-Hökumət Təşkilatları təbii olaraq İlham Əliyevin yaratdığı avtoriotar rejimin xoşuna gəlmədi. Çünki, siyasi rejimdəki neqativlər, məmurların şəxsi maraqlarına görə tətbiq edilən sistemin mənfilikləri haqqında cəmiyyət maarifləndikcə bu rejim narahat olmağa başladı. Narahat olduqca da fikirləşməyə başladılar ki, vətəndaş cəmiyyətini sıradan çıxarmaq lazımdır. Hələ 90-cı illərin sonundan başlayan qəzetlərin sıxışdırılması müstəqil mətbuatın məhvilə nəticələndi və artıq Azərbaycanda demək olar ki, müstəqil çap mətbuatı yoxdur. Mətbuat zəifləyəndən sonra isə keçdilər QHT-lərin üzərinə.

-Orxan bəy, amma Azərbaycanda QHT-lər həm də fəaliyyət göstərirlər – Fəaliyyət göstərmək olar. Amma müstəqil fəaliyyət göstərmək lazımdır. Məsələ ondadır ki, 2007-ci ildə Azərbaycan hökumətin qəbul etdiyi QHT-lərlə bağlı konsepsiya və QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması müstəqil QHT-lərin məhvinə səbəb oldu. 2014-cü ildə açılan cinayət işləri həmin təşkilatların fəaliyyətini tamamilə iflic etdi. Onların bank hesablarına həbslər qoyuldu, təşkilat rəhbərləri haqqında cinayət işləri açıldı, bir qrup QHT sədri həbs edildi, bir qrupu ölkəni tərk etmək məcburiyyətində qaldı və s. Mən düşünürəm ki, bütün bunlar şəxsən İlham Əliyevin göstərişi ilə baş verdi. Əsas məqsəd də öz hakimiyyətini gücləndirmək və ictimaiyyətə verilən tənqidi fikirlərin qarşısını almaq olmuşdur. Təsəvvür edin ki, hamı AzTV-yə baxır və alternativ informasiya eşitmir. Xüsusi demokratik təşəbbüsləri dəstəkləməyən ANS televiziyasının bağlanması da buna sübutdur. Hal-hazırda ölkədə seçki proseslərini, insan hüquqlarının vəziyyətini araşdıran müstəqil QHT-lər yoxdur və yaxud onların fəaliyyət göstərməsi artıq mümkün deyil. Çünki, bu fəaliyyətlər faktiki olaraq qanunla qadağandır. İlham Əliyev rejimi bütün bu siyasəti bilərəkdən təşkil edir və onlar bəlkə də fərqində deyillər ki, Azərbaycanı perspektivdə Şimali Koreya gözləyir. Bu isə beynəlxalq aləmdən təcrid olmaq deməkdir. Artıq Azərbaycan əleyhinə sanksiyalar, Avropa İnsan Hüquqları Məhkəməsinin qərəraları səslənir. Bizim ölkədə Əliyev rejiminin bir hədəfi vardır ki, ölkənin bütün sərvətləri onların şəxsi istəklərinə və maraqlarına sərf edilsin.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir