Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Turan”ın iki iddiasından biri üzrə qərar verildi

Oktyabrın 13-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “Turan” informasiya agentliyinin Vergilər Nazirliyinin Bakı Şəhər Lokal Gəlirlər Departamentinə qarşı iddiasına baxılıb.

Lokal Gəlirlər Departamenti 2017-ci il avqustun 16-da “Turan”da 2010-2016-cı illər üçün vergi yoxlamasının aparılması barədə qərar çıxarıb. İddiada həmin qərarın qanunsuz sayılması xahiş olunurdu.

Novator.az-ın məlumatına görə, hakim Müseyib Bayramovun sədrliyi ilə keçirilən iclasda iddianın təmin olunmaması qərara alınıb.

Agentliyin vəkili Fuad Ağayev qərardan apellyasiya instansiyasına şikayət verəcəklərini söyləyib.

“Turan”ın vergi orqanına qarşı ikinci iddiası da var. Lokal Gəlirlər Departamenti “Turan”a 2014-2016-cı illər üzrə əlavə vergi sanksiyaları hesablaması və agentlikdə növbədənkənar səyyar yoxlama təyin edilməsi barədə də qərar çıxarıb. Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 2017-ci il avqustun 7-də çıxarılmış həmin qərara əsaslanaraq “Turan”a qarşı vergi ödəməmək ittihamı ilə cinayət işinə başlayıb.

Agentlik 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə bu qərarların ləğvi üçün də iddia verib. Həmin iddiaya dekabrın 5-də baxılacaq.

Lokal Gəlirlər Departamenti avqustun 7-də 2016-cı il üçün 9 min manat, 2014-2016-cı illər üçün isə 37 min manat vergi təyin edib və agentliyə qarşı cinayət işi başlanıb.

Avqustun 24-də agentliyin direktoru Mehman Əliyev həbs edilib, sentyabrın 11-də başqa yerə getməmək iltizamı ilə azadlığa buraxılıb.

İstintaq iddia edir ki, Mehman Əliyev 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə 148310 manat məbləğində qanunsuz gəlir əldə edib, 2010-2016-cı illərdə 60080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.

Vergi ödəməkdən yayınma üzrə cinayət işi çərçivəsində “Turan”ın fəaliyyəti məhdudlaşıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir