Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Hüquq müdafiəçisi siyasi məhbusları azad etməyə çağırdı

Elçin Məmməd: “Azərbaycan hakimiyyətinə siyasi məhbusları Qurban bayramı münasibətilə sərbəst buraxmağı tövsiyə edirəm”

PAƏvvəlki illərdən fərqli olaraq, bu dəfə müqəddəs Qurban bayramında əfv fərmanı verilməyəcək. Azərbaycan Prezidenti Yanında Dövlət Əfv Komissiyasından mətbuata verilən açıqlamada sentyabrın 1-2-də Qurban bayramı münasibətilə məhbusların azadlığa buraxılması ilə bağlı hər hansı fərmanın nəzərdə tutulmadığı bildirilib.

Qeyd edək ki, ənənəvi olaraq Qurban bayramlarında verilən əfv fərmanı siyasi məhbusların sərbəst buraxılması üçün ciddi imkan yaradırdı. Ona görə də bu il siyasi məhbuslar bayramı həbsxanada qeyd etməli olacaq. Sözügedən xəbər ictimai rəydə narahatlıqla qarşılanıb. Beynəlxalq təşkilatların və hüquq müdafiəçilərinin hazırladığı hesabata görə, hazırda Azərbaycanda 100-dən artıq vicdan məhbusu var. Müxalifətə, vətəndaş cəmiyyəti fəallarına və kütləvi informasiya vasitələrinə qarşı aparılan siyasi repressiyalar nəticəsində ölkədə siyasi məhbusların sayı getdikcə artır. Azərbaycanda dünyada insan haqları və demokratiya sahəsində vəziyyətin ən çox pozulduğu ölkələr sırasında yer alır. Hakimiyyətin bu dəfə də əfv fərmanı verməkdən imtina etməsi yaxın aylarda insan haqlarının ağırlaşmaqda davam edəcəyini deməyə əsas verir.

EM“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin prezidenti, hüquq müdafiəçisi Elçin Məmməd Azərbaycan hakimiyyətini qarşıdan gələn müqəddəs Qurban bayramında siyasi məhbusları azadlığa buraxmağa çağırıb. Elçin Məmməd ölkədə vicdan məhbuslarının sayının artması hallarının təhlükəli həddə çatdığını deyib:

“Hər kəsə məlumdur ki, həbsdə saxlanılan vicdan məhbuslarının heç biri cinayət törətməyib. Onlar şərlənərək, qondarma ittihamlarla həbs ediliblər. Bu gün Azərbaycan həbsxanalarında 100 nəfərdən artıq insan siyasi əqidəsinə, hakimiyyətə qarşı tənqidi mövqe tutduğuna görə əsassız cəza çəkir. Onların arasında müxalifət nümayəndələri, ictimai fəallar, bloqqerlər, jurnalistlər var. Azərbaycan dünyada jurnalistlərin ən çox həbs edildiyi ölkələrdən biridir. Hazırda Azərbaycanda 15 nəfər bloqqer və jurnalist həbsdə saxlanılır. İfadə azadlığına qənim kəsilən hakimiyyət dairələri bununla kifayətlənməyərək son günlər “Turan” İnformasiya Agentliyinin fəaliyyətinin dayandırılması istiqamətində hərəkətə keçib.

TİA“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi “Turan” İnformasiya Agentliyində aparılan yoxlamaları qanunsuz hesab edir və Vergilər Nazirliyi başda olmaqla rəsmi dairələri bu təzyiqlərə son qoymağa çağırıram. Azərbaycan hakimiyyətinə fəaliyyətini jurnalistlərə və ifadə azadlığına qarşı mübarizəyə həsr etməkdənsə, siyasi məhbusları qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə sərbəst buraxmağı tövsiyə edirəm. Siyasi məhbuslar cinayət törətmədiyinə görə, onları əfv etmək ifadəsi əslində, düzgün səslənmir. Yəni ölkə rəhbərliyi heç bir günahı olmayan həmin insanları qeyd-şərtsiz azadlığa buraxmalıdır. Sadəcə olaraq, Qurban bayramı mənəvi dəyərlərinə və əhəmiyyətinə görə, həbs edilmiş bir çox insanların, o cümlədən siyasi məhbusların azadlığa buraxılması üçün rəmzi məna daşıyır.

SMHesab edirəm ki, iqtidar bu fürsəti qaçırmamalı və milli barışıq naminə bütün vicdan məhbuslarını, hətta barəsində istintaq hərəkətləri davam etdirilən fəalları da azad etməlidir. Azərbaycanda müstəqil məhkəmə sistemi olmadığından hazırda ölkədə siyasi məhbuslarla yanaşı, xeyli vətəndaş qondarma ittihamlarla həbs olunub. Bu baxımdan, Qurban bayramında əfv fərmanının və ya amnistiyanın verilməsinə ciddi ehtiyac var. Təəssüf ki, hakimiyyət yaranmış acınacaqlı vəziyyəti görməzdən gəlir və cəmiyyətlə qarşıdurmaya gedir. Belə halların davam etməsi Fundamental İnsan Hüquq və Azadlıqlarına dair Konvensiyanın 5.3-cü, 6-cı, 7-ci və 14-cü  maddələrinin, Avropa Şurası Nizamnaməsinin 3-cü maddəsinin, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktı»ın 9-cu maddəsinin 3-cü bəndinin tələblərinin kobud şəkildə pozulması deməkdir. Azərbaycan hakimiyyəti eyni zamanda, Avropa Birliyinin  Şərq Tərəfdaşlığı Proqramı Çərçivəsində götürdüyü beynəlxalq öhdəliklərə və Avropa Parlamentinin Azərbaycanda “İnsan Hüquq və Azadlıqlarının Vəziyyətinə dair” 10 sentyabr 2015-ci il tarixli qətnaməsinin tələblərinə ziddir”.

SMElçin Məmməd onu da vurğuladı ki, Azərbaycan hakimiyyətinin beynəlxalq hüququn prinsiplərini və normalarını kobud şəkildə pozulması Azərbaycana qarşı beynəlxalq sanksiyaların tətbiqi üçün ciddi arqument yaradır. Belə bir kənar təzyiqlər qarşısında geri çəkilmək məcburiyyətində qalan YAP hakimiyyətinin siyasi məhbusları azad etməsi qarşısıalınmaz prosesdir. Ona görə də iqtidar dünyada və xalq arasında rüsvaçı duruma düşmədən vicdan məhbusları problemini həll etməli və ölkədə demokratiya sahəsində ciddi islahatlar aparmalıdır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir