Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Milli Şura: “Gözəl Bayramlının həyatına görə İlham Əliyev məsuliyyət daşıyır”

Xəbər verildiyi kimi, şərlənərək həbs edilən AXCP sədrinin müavini Gözəl Bayramlının həyatına təhlükə yaranıb. Çünki onun müalicəsi üçün zəruri olan, Gürcüstandan həkim təyinatı ilə gətirdiyi dərmanları sərhəddə saxlayarkən əlindən alıblar və hələ də özünə qaytarmayıblar. Eyni zamanda onun müayinə və müalicə alması üçün edilən müraciətlərə cavab vderilmir. Buna görə də Milli Şura hakimiyyətin G.Bayramlının qəsdinə durduğu barədə bəyanatla çıxış edib. Bəyanatda deyilir:

AXCP sədrinin müavini, Milli Şuranın üzvü, tanınmış siyasətçi xanım, hazırda həbsdə olan Gözəl Bayramlının həyatı təhlükədədir. Təhlükəyə səbəb isə onu şərləyərək həbs edən hakimiyyətin ona qarşı anti-insani rəftarıdır.

G.Bayramlı mayın 26-da Gürcüstandan növbəti müayinə-müalicədən qayıdarkən Azərbaycanla sərhəddə saxlanaraq, saxta qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Həbs olunarkən onun Gürcüstandan həkim resepti ilə alıb gətirdiyi dərmanlar, eləcə də resept əlindən alınıb. O vaxtdan bəri dərmanları və müalicə resepti onun özünə qaytarılmayıb. Bir aydan artıqdır ki, dərmanların guya ekspertizaya verildiyi bəhanəsi ilə G.Bayramlının sağlamlığı üçün olduqca vacib müalicəsini aparmasına imkan verilmir.

G.Bayramlı bir sıra xəstəliklərdən əziyyət çəkir, üzərində dəfələrlə ağır cərrahi əməliyyatlar aparılıb. Həkimlər onun daimi təyin olunmuş dərmanları qəbul etməsini və vaxtaşırı müayinədən keçməsini zəruri bilirlər. Lakin özünü bütün dünyaya humanist, hətta düşmənə də münasibətdə tolerant kimi təqdim etmək istəyən Azərbaycan hakimiyyəti belə ağır vəziyyətdə olan siyasi rəqiblərindən birini, həm də şərləyib həbs etdirdiyi rəqibini nəinki həkim nəzarətinə almır, heç onun özünü müalicə etməsinə də imkan vermir.

G.Bayramlının ona təyin edilmiş dərmanlardan məhrum edilməsi onun həyatına sui-qəsd planından başqa bir şey deyil. Görünür, Əliyevlər hakimiyyəti əleyhdarlarını müxtəlif saxta ittihamlarla həbs etdirməklə də kifayətlənməyib, daha irəli getmək istəyir. Bu, siyasi hakimiyyətin öz vətəndaşlarının qəsdinə durmağa qədər idbarlaşmış qisasçılıq ehtirasından irəli gəlir.

Əliyevlər hakimiyyəti özünün Azərbaycan xalqına azacıq aidiyyatı olduğunu düşünürsə, bu anti-insani, qəddar davranışdan əl çəkməli, təcili G.Bayramlının müalicəsinə şərait yaratmalı və onu qanunsuz saxlandığı həbsdən azad etməlidir. G.Bayramlı şüurlu həyatını Azərbaycanın müstəqilliyi, demokratik dövlət quruculuğu, xalqımızın azad və firəvan yaşayışı uğrunda mübarizəyə həsr edib. O, ölkənin ən tanınmış qadın siyasi xadimlərindən biridir. Belə bir parlaq şəxsiyyəti qanunsuz olaraq həbsdə saxlamaq, üstəlik həbsdə müalicə imkanından məhrum edib həyatına təhlükə yaratmaq Azərbaycan xalqı adından çıxış edən istənilən siyasi qüvvə üçün qara ləkədir. Xalqımızın G.Bayramlı kimi övladlarına belə münasibəti ancaq xalqımıza düşmən kəsilən kimsələr göstərə bilər.

Milli Şura Əliyevlər hakimiyyətini bir daha siyasi məsuliyyətini dərk etməyə, rəqiblərinə qarşı inzibati terroru dayandırmağa çağırır. Milli Şura tələb edir ki, G.Bayramlı təcili şəkildə dərmanları ilə təchiz və həkim nəzarəti altında müalicə olunsun. Milli Şura həmçinin G.Bayramlıya qarşı qurama cinayət işinə xitam verilməsini və onun haqq etdiyi azadlığa buraxılmasını tələb edir.

Milli Şura yerli və beynəlxalq ictimaiyyəti G.Bayramlının həyatına sırf siyasi münasibətdən dolayı yaradılan təhlükə qarşısında daha ucadan etiraz etməyə çağırır.

Rəqib düşərgəyə mənsub bir qadın siyasətçiyə qarşı Əliyevlər hakimiyyətinin hazırda bəslədiyi münasibətin bənzərini yalnız müharibə əsirlərinin başına gələnlər içində tapmaq olar. Hərçənd ən qanlı müharibələrdə belə insanlara humanitar köməyin zəruriliyi nəzərə alınıb. Əliyevlər hakimiyyəti isə faktiki əsir götürdüyü siyasi rəqiblərindən birini tibbi yardım imkanından da məhrum etməklə, onun həyatına real təhlükə yaradır.

Milli Şura bəyan edir ki, Gözəl Bayramlının həyatına görə məsuliyyəti birbaşa ölkə başçısı İlham Əliyev daşıyır və onun hələ də imkanı var ki, törətdikləri növbəti bir qanunsuzluq daha ağır nəticələr doğurmadan məsələyə müdaxilə etsin. Əks halda İ.Əliyevin özü də bu anti-insanı əmələ görə onun iştirakçısı olan başqaları ilə yanaşı gec-tez qurulacaq ədalət mühakiməsi qarşısında cavab verəcək.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir