Aqil ƏLƏSGƏR
Söz vaxtını çəkər. 2008-ci ildə DAK-ın Almaniyadakı qurultayına getmək üçün alman səfirliyinə müraciət edəndə, nümayəndələr arasında “şengen” verilməsi ən çətin olan mən idim. Həm o zaman “şengen” vizam yox idi, həm də iki ay öncə Xocalı soyqırımı ilə bağlı Brüsseldə keçiriləcək tədbirdə iştirak etmək üçün müraciət etdiyim Fransa səfirliyi viza verməmişdi.
Ancaq uşaqlara zarafatla dedim ki, “Almaniya mənə viza verəcək. Çünki heç bir babam almanlara güllə atmayıb”…
Hər zarafatın içində bir gerçək yatır… İşin kədərli tərəfi ata nəslim bəy olduqlarına görə, repressiyaya məruz qalıb ulu babam qardaşları ilə birlikdə sürgündə can vermişdi. Babam da sovet düşmanının oğlu olduğu üçün aparılmamışdı. Ana babam isə kolxoz sədri olduğundan kəndin iki-üç başıpapaqlısından biri kimi əsgər getməmişdi…
Bu gün hamı babalarının II Dünya savaşında şəkillərini paylaşır. Hamısını Allah qəni-qəni rəhmət etsin. Mənim babalarım repressiya qurbanı oldular, onlar da Sovetin müharibəsinin qurbanları…
Bizə aidiyyatı olmayan, əsarətində olduğumuz dövlətin qorunması üçün üç yüz mindən çox qurban verdik. Faşizmə qarşı stalinzmi müdafiə etdik. Üstəlik, müharibə bizim neftimizin sayəsində qazanıldı. Ancaq heç bir dəyəri olmayan bir “qəhrəman şəhər” adını belə bizə çox gördülər. Çünki Roma ordusunda qladiatorlar, yunan ordusunda troyalılar hansı funksiyanı daşıyırdılarsa, biz də ruslar üçün ondan fərqli deyildik. Bu gün də vəziyyət dəyişməyib.
Bu gün də II Dünya Savaşı “Böyük Vətən müharibəsi” kimi beyinlərə yeridilir. Necə ki, biz illərlə bu yalanla böyüdük. Hansı “böyük vətən”dən danışırıq? Aydınlarımızı repressiyaya məruz qoyub, bizi min illik keçmişimizdən qoparan, sərvətimizi talayıb, ermənini başımıza bəla edən “böyük vətən”dənmi?
Almanlar üzərində qələbə ilə qürrələnirik, heç düşündünüzmü, almanlar qələbə çalsaydı və Düdənginskinin ordusu Azərbaycanı rus işğalından xilas etsəydi, taleyimiz necə olardı? Kimsə Azərbaycan legionerlərinə “onlar işğalçıydı” deməyə qalxmasın, o zaman 1920-ci ildə şərqin ilk cumhuriyyətinin bayrağını endirən XI Qızıl Ordu “xilaskar”mıydı? Biri faşist, digəri bolşevik idi və iki işğalçı arasında seçim olmaz. Birində Gestapo vardı, digərində NKVD… Qısacası, bizim olmayan bir müharibədə qurban getdiyimizə yanaq yoxsa iki yalnışdan qələbə qazananın tərəfində olmağımıza yanaq, qərar vermək çətindir… Qələbəyə susamış bir xalq olaraq, hər sevincli anı yaşamaq istəməyimiz də anlaşılandır. Lakin könül istər ki, 8 mayda Şuşanın işğalını deyil, 9 mayda Şuşanın azad olunmasını, 26 fevralda Xocalının intiqamını almağımızı qeyd edək…
Nə isə…
Ancaq ən azından Azərbaycanın kökünü baltalayan Sovetlər o zaman məğlub olsalardı, tarix indi tamamən fərqli qeyd ediləcəkdi…
Bu arada mövzudan çox uzaqlaşdım. Almaniya səfirliyi “şengen”i olanlara deyil, ilk mənə viza verdi…