Azərbaycanda təhsilin səviyyəsinin aşağı olması rəsmi qurumlar tərəfindən də etiraf olunmaqdadır. Ölkədə təhsilin səviyyəsinin ildən-ilə aşağı düşdüyünü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanların nəticələrindən də görmək mümkündür.
Orta məktəblərdə keçirilən buraxılış imtahanları, həmçinin ali məktəblərə qəbul imtahanlarının nəticələri üzrə aparılan təhlillər göstərir ki, təhsilimizin səviyyəsi hətta MDB ölkələri üzrə aşağı həddədir. Hətta buraxılış imtahanlarında uğurlu nəticə göstərən şagirdlər də qəbul imtahanlarında biabırçı nəticələr əldə edirlər. Son illər qəbul imtahanlarından sonra keçid balının aşağı salınması artıq ənənə halı alıb. Bu il də istisna olmadı. Aşağı səviyyəli təhsilin acı nəticələri artıq öz bəhrəsini verir. Aşağı balla ali məktəbə qəbul olanları, təhsil aldıqları müddətdə onlardan bir qisminin tapşırıq və rüşvət hesabına oxuduğunu nəzərə alsaq, yaxın illərdə Azərbaycan hansı səviyyəli mütəxəssislərin yetişəcəyini təsəvvür etmək çətin deyil. Bəs təhsilinin bu vəziyyətə düşməsinin əsas səbəbi nədir və belə təhsil ölkəni hara aparır?
İctimai-siyasi fəal Mehman Həsənov hesab edir ki, strateji əhəmiyyət kəsb edən təhsilin səviyyəsinin bu qədər aşağı düşməsi arzuolunan deyil: “Bütün sahələrdəki qüsurları düzgün sistem yaratmaqla qısa zamanda aradan qaldırmaq mümkündür. Amma təhsili düzəltmək üçün on illərlə vaxt sərf olunur. Savadsız kadrların peşəkar təhsil sistemi yaratması mümkün deyil. Azərbaycan təhsilinin başında duranlar, eləcə də, az-çox imkanları olanlar övladlarını xarici ölkələrin nüfuzlu məktəblərində oxudurlar. Orta və aşağı təbəqənin övladları isə bərbad halda olan Azərbaycan məktəblərində oxumağa məcburdurlar. Acınacaqlı hal odur ki, bir çox yerlərdə ümumitəhsil orta məktəbləri əhəmiyyətsiz quruma çevriliblər. Uşaqlar məktəbdənkənar təhsil alırlar. Repititor olmadan heç kim ali məktəbə qəbul ola bilmir”.
Həmsöhbətimiz bildirir ki, orta məktəblər üçün yeni binalar tikilsə də, orada tədrisin səviyyəsini qaldırmaq mümkün olmayıb: “Müəllimlərin maaşının azlığı, sistemin düzgün qurulmaması bu sektorda böhrana səbəb olub. Təəssüf ki, aidiyyəti qurumlar nə problemlərin səbəblərini araşdırırlar, nə də təhsil sistemində bu gün baş verənləri aradan qaldırmaq fikirləri var. Azərbaycanda təhsil sisteminin inkişafı ümumi dövlətçiliyin inkişafına təkan verən amildir”.
Azərbaycan gənclərinin təhsildən uzaq düşdüyünü düşünən Mehman Həsənov qeyd etdi ki, gənclərin aşağı səviyyəli işlərdə çalışmalarının, yüksək vəzifələrə sahiblənə bilməmələrinin başlıca səviyyəsi təhsilsizlikdir: “Bu da öz növbəsində bir sıra risklər yaradır. Kriminogen durumun yaranması, iqtisadiyyatın inkişafının ləngiməsi, eləcə də digər sektorlarda müşahidə olunan sistemsizliyin, çatışmazlıqların kökündə təhsilsizlik durur. Problemin tezliklə aradan qaldırılması üçün təhsillə bağlı geniş strategiyanın hazırlanması və onun icrası istiqamətində konkret addımların atılması lazımdır”.