Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Neft böhranının gətirdiyi işsizlik

Müsavat Partiyasının fəalı Səbuhi Qulusoysebuhi

Neftin qiymətinin düşməsinin yaratdığı ajiotajın ardınca milli valyutanın devalvasiyası əhali arasında narazılığ doğurdu. Qısa müddət ərzində bir çox müəssisələr bağlanır, yaxud ixtisarlara start verilir. Neçə illər idi Azərbaycanda neft gəlirlərinin istifadəsində ciddi problemlərin olduğunu və qeyri-neft sektorunda yaradılan müəssisələrin daha çox neft gəlirlərindən pay alan oliqarxların nəzarətində işlədiyini qeyd edirdik. Son illər formalaşan media strukturları və idman sahələri də həmin oliqarx məmurlar tərəfindın himayə olunurdular.
Belə bir formal inkişafın uzunmüddətli olacağını düşünmək sadəlövhlük idi. Çünki sənayedə, idmanda, mediada, ümumiyyətlə, bütün sahələrdə dayanıqlı inkişaf etmək istəyiriksə, mütləq şəkildə rəqabətli mühitin formalaşdırmalı, müəssisələdə hazırlanan məhsullar bazar tələbatına uyğunlaşdırılmalı idi. Bazar şəraitində, rəqabətli mühitdə onlar formalaşıb inkişaf etməliydi ki, neft gəlirlərinin azaldığı dövr üçün onlar artıq dayanıqlı inkişafa malik olsunlar. Ancaq bunlar olmadı. Neft pullarının azalması və bölüşdürülməsindəki ədalətsizlik sonda bəzi oliqarxların gəlirlərinin azalmasına səbəb oldu.

 

Bu cür durumda onlar nəzarətindəki qurumlara davamlı maliyyə ayıra bilmirlər. Bu da həmin layihələrin iflasa uğraması ilə nəticələndi. Başqa sahələrdən fərqli olaraq, sənaye sahəsində yaradılan müəssisələrin bir çoxu fəaliyyətə başladıqda xaricdən məhsul gətirilməsinə qadağa qoyulur və bunu da yerli istehsalın gücləndirilməsi adı ilə edirdilər. Lakin yerli məhsullar müvafiq tələbatı keyfiyyət baxımından tam ödəyə bilmirdi, həm də məhsullar baha olduğundan onlara məcburi sifarişlər olurdu. Ölkəyə gələn neft pulları kəskin azaldı, bu halda vəsaitlərin bölünməsində problemlər oldu. Ölkə Avropa Yay Olimpiadası, Formula-1 yarışları keçirməyə hazırlaşdı və bu idman layihələrinə fantastik iri maliyyə vəsaitləri ayrılır. Bu üzdən idman, sənaye və media sahələrinin saxlanması üçün maliyyə ayrılması mümkün olmur. Nəticədə işçilərin ixtisarı və yaxud uzun müddət əməkhaqqı verilməməsi problemi oldu.
Sənaye ilində məhz sənaye istehsalının azalmasını müşahidə elədik. Bu azalma daha çox neft sektorunu əhatə edirdi. Bütün hallarda neft sektorunda nəzərəçarpan məqamlar daha çox sənaye parklarının, müəssislərin yaradılması barədə prezident sərəncamlarını görsək də, onların icrasına ciddi yanaşılmadı. Həmçinin proqramların reallaşması uzun zaman tələb edir. Hər bir iqtisadi proqramın kökündə bazar tələblərinə uyğunlaşmaq və bazar rəqabətinin formalaşması durmalıdır. Keçmiş sovet dövründən qalma formal iqtisadiyyat rəqabət mühitinə dözə bilmir və tezliklə sıradan çıxır. Uzun müddətdir ölkədə inhisarçılıq mühitinin hökm sürür, amma inhisarçılığın aradan qaldırılması üçün heç bir ciddi addım atılmayıb. 2006-cı ildən parlamentin müzakirəsinə verilən Rəqabət Məcəlləsi də hələ qəbul olunmayıb. Bu onu göstərir ki, məcəllə qəbul ediləcəyi təqdirdə bütün sahələrdə problemlərin həll olunacağı gözlənilmir. Hesab edirik ki, bu, hökumətin rəqabət mühitinə olan münasibətidir və hökumət rəqabətli mühitin yaradılmasında maraqlı deyil.
Başqa bir məqam, Azərbaycan 1997-ci ildən Dünya Ticarət Təşkilatına üzv olmaq üçün müraciət edib, ancaq indiyə qədər də hökumətin rəqabətli mühitin yaradılmasında tam maraqlı olmaması səbəbindən üzvlük ləngiyir. Bunu yerli istehsalın gücləndirilməsi üçün atılan addım hesab edirlər. Halbuki, yerli istehsalın dayanaqlığını istəyiriksə, mütləq şəkildə rəqabətli mühitin yaradılmasında maraqlı olmalıyıq. Eyni qaydada kənd təsərrüfatı kooperativləri haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də atılan addlmlar yetərli deyil. Bu işlər ləngidikcə, kənd kooperativlərinin yaradılmasının qarşısını alır. Belə bir halda müəyyən kompensasiyalar verməklə kənd təsərrüfatının inkişafına nail olmaq mümkün deyil. Azərbaycanda kənd təsərrüfatı sahəsində çox ciddi problemlər mövcuddur, əgər bu sahənin inkişafını istəyiriksə, “Kənd təsərrüfatı ili” elan etməkdənsə, problemlərin həlli istiqamətində ciddi addımlar atılmalıdır. Yalnız bu halda ölkə üçün strateji əhəmiyyətə malik olan kənd təsərrüfatının inkişafına nail ola bilərik. Çünki kənd təsərrüfatının inkişafı qeyri-neft sənayesinin inkişafı qədər önəmlidir.

Böhran dövründə işsizliyin sayının artması gözlənilən idi. Bu da öz növbəsində Azərbaycanda sosial böhranı və siyasi itaətsizliyi arıtırır. Hesab edirəm ki, problemin həlli geniş iqtisadi islahatların aparılması, demokratik institutların fəaliyyətinə şərait yaradılmasından keçir. İqtisadi islahatların aparılması üçün ilk növbədə hakimiyyətin siyasi iradəsi olmalıdır.
Sonda onu da bildirək ki, nə qədər ki, ölkədə korrupsiya, inhisarçılıq var, işsizliyin səviyyəsi yüksələcək və sosial böhran dərinləşəcək.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir