Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Vahid Əhmədov niyə və kimin hədəfindədir…

Prezidentin yenicə “Şöhrət” ordeni verdiyi deputata qarşı kampaniya başlaması təəccüblü görünür; Vahid Əhmədov: “Görünür ki, çıxışlarım kimlərinsə xoşuna gəlmir”

Hakim Yen Azərbaycan Partiyasının orqanı olan “Yeni Azərbaycan” qəzetində millət vəkili Vahid Əhmədova qarşı geniş yazı dərc olunub. Vahid Əhmədovun iqtisadi proqnozları və keçmiş fəaliyyəti ilə bağlı məqamlara toxunulub. “Vahid Əhmədovun görünən və görünməyən üzü-yaxud iqtisadi sferanın “ideoloji diversantı” adlı məqalədə Vahid Əhmədov sərt şəkildə hədəfə alınıb və o, Azərbaycanda iqtisadi inkişafı istəməməkdə ittiham edilib. Eyni zamanda millət vəkili hər kəslə yaxşı münasibətlər qurmağı bacarmaqda qəribədir ki, tənqid olunub. Yazıda qeyd edilir ki, V.Əhmədovun tərcümeyi-halına nəzər saldıqda onun bu gün “iqtisadi proqnozlar” verməyə mənəvi haqqının çatmadığı ortaya çıxır. Eyni zamanda məqalədə Vahid Əhmədov baş nazirin müavini və birinci müavini olduğu dönəmlərdə Azərbaycan iqtisadiyyatını çökdürməkdə suçlanıb.

Qeyd edək ki, sözügedən yazıya diqqət etdikdə onun dərc olunmasından iki gün öncə YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun mediaya verdiyi açıqlamadakı tezislərin orada əksini tapdığı bəlli olur. S.Novruzov ad çəkməsə də onun üstüörtülü şəkildə hədəfə aldığı şəxsin Vahid Əhmədov olduğunu sezməmək mümkün deyildi. YAP-ın qəzetindəki sözügedən məqalədə isə “kartlar” açılmış oldu. Bəlli oldu ki, S.Novruzov Vahid Əhmədovu hədəfə alıbmış.

Ölkənin tanınmış iqtisadçılarından və ictimai-siyasi xadimlərindən olan Vahid Əhmədova qarşı “Yeni Azərbaycan” qəzetində dərc olunmuş məqalə cəmiyyətdə birmənalı qarşılanmayıb. Məqalədən belə qənaətə gəlmək olar ki, kimlərsə Vahid Əhmədovun iqtisadi tənqidlərindən və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı ilə bağlı irəli sürdüyü təkliflərindən narahat olub. Deputatın fəaliyyəti, təklifləri sanki kimlərinsə şəxsi marağına toxunub.

Maraqlıdır ki, Vahid Əhmədovu az qala düşmən elan edən bu məqaləni yazanlar ölkə prezidenti İlham Əliyevin Vahid Əhmədova isti münasibət bəslədiyini sanki unudublar. Qeyd edək ki, bu ilin aprelin 1-də Vahid Əhmədovun 70 yaşının tamam olması münasibətilə prezident İlham Əliyev onu Şöhrət ordeni ilə təltif edib. Təltiflə bağlı sərəncamda Vahid Əhmədovun “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə” təltif edildiyi qeyd edilirdi.

Eyni zamanda Milli Məclisin sədri Oqtay Əsədov Vahid Əhmədovu təbrik edərək barəsində çox yüksək fikirlər bildirib. Həmin fikirlər “Milli Məclis” jurnalının sonuncu sayında da əksini tapıb. Həmin təbrik məktubunda Vahid Əhmədov “görkəmli iqtisadçı, fəal ictimai xadim, baş verən proseslərə həmişə yüksək vətəndaşlıq mövqeyindən yanaşan ziyalı, geniş ictimaiyyətin hörmətini qazanmış şəxsiyyət, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü kimi təqdirəlayiq fəaliyyət göstərən, qanun yaradıcılığı işinə öz layiqli töhfəsini verən deputat” kimi xarakterizə edilib.

Ölkə prezidentinin Vahid Əhmədova etimadının yüksək olduğunu daha bir ciddi fakt da ortaya qoyur. 2012-ci ilin 2 mart Quba hadisələri zamanı ölkə başçısı məhz deputat Vahid Əhmədovu əhali ilə danışıqlar aparmaq üçün görəvləndirmişdi. Prezidentin nə qədər dəqiq və uğurlu seçim etdiyi hadisələrin gedişində bir daha bəlli olmuşdu.

Prezidentin verdiyi yüksək qiymətdən və Milli Məclis sədrinin yuxarıda xatırlatdığımız sözlərindən sonra indi Vahid Əhmədov haqqında məhz “Yeni Azərbaycan” qəzetində belə bir məqalənin işıq üzü görməsi suallar doğurur. Vahid Əhmədovu kim, niyə vurur? Vahid Əhmədovu vuranlar ölkə prezidentinin ona münasibətini nədən nəzərə almayıblar?

Məsələyə Vahid Əhmədovun mövqeyini öyrənmək istəsək də o, hər hansı geniş şərh vermək istəmədiyini bildirdi. Onu bu şəkildə hədəfə alanların kim olduğunu təxmin etdiyini dedi: “Cəmiyyət məni yaxşı tanıyır. Çıxışlarım dövlətin, xalqın rifahının daha da yaxşı olması üçündür. Mən hər zaman öz mövqeyimi bildirən bir adamam. Həmişə dövlətçiliyə bağlı olmuşam, müstəqilliyə səs vermişəm. Bütün çıxışlarım və fəaliyyətim göz qabağındadır. Mənə qarşı o cür yazı ola bilsin ki, kiminsə sifarişidir. Bu sifarişin hökumət üzvlərindən gəldiyinə inanmıram. Mənim hökumət üzvləri ilə normal münasibətlərim var. Görünür ki, çıxışlarım kimlərinsə xoşuna gəlmir”.

“Yeni Azərbaycan” qəzetində V.Əhmədovun ünvanına dərc olunan yazının YAP-ın mövqeyi olub-olmadığı, ümumiyyətlə bu məqalənin ortaya çıxması ilə bağlı məsələyə qəzetin baş redaktoru, deputat Hikmət Babaoğlu şərh vermək istəməyib. Məsələ ilə bağlı unikal.org-a Hikmət Babaoğlu bu fikirləri səsləndirib: “Mən bunu şərh etmək istəmirəm. Yazı yazılıb və hamı da oxuyub. Bu sözlərdən sonra nəsə desəm artıq şərh sayılacaq”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir