Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Faiq Əmirlidən vəzifədən sui-istifadə etmə ittihamı götürülüb

“Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirliyə CM-nin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddəsilə elan olunmuş ittihama xitam verilib. Bu haqda  Faiq Əmirlinin vəkili Aqil Layıcov məlumat verib.
Vəkil bildirib ki, mayın 2-də Kürdəxanıda 1 saylı Bakı İstintaq Təcridxanasında müstəntiq onun iştirakı ilə Faiq Əmirli ilə görüşüb, ittihamları bir daha elan edib. Məlum olub ki, Faiq Əmirlinin üzərində CM-nin iki maddəsi ilə ittiham saxlanılır – 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması).
 İttiham tərəfi Faiq Əmirlini  “Azadlıq” qəzetinin yayım direktoru işlədiyi dövrdə qəzetin gəlirini az göstərməklə, 39 min manat vergidən yayınmaqda və Fətullah Gülən ideyalarını “Azadlıq” qəzetində yaymaq niyyətində suçlanır. Guya Faiq Əmirli onun idarə etdiyi avtomobildən tapıldığı iddia olunan disklərdəki materialları mediada, o cümlədən “azadliq.info” saytında yaymaq istəyibmiş.
Vəkil Faiq Əmirliyə qarşı ittihamların tam qanunsuz və əsassız olduğunu deyir.
“Bu tip işlərdə, ittihamlarda məsələ məqsədə fokuslanmamalıdır. Əgər cinayət baş veribsə, şəxs məsuliyyətə cəlb olunmalıdır. Prokurorluq necə müəyyən edib ki, Faiqin belə bir niyyəti vardı? Yəni materialların yayılması, dərc olunması baş versəydi, bundan sonra məsuliyyətə cəlb oluna bilərdi”, – deyə Aqil Layıcov bildirib.
Qeyd edək ki, prokurorluq bu ittihamla dolayısıyla “Azadlıq”ı da Fətullah Gülən ideyalarını yaymaqda ittiham edir.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir