Milli Şura tanınmış bloqçu Mehman Hüseynovun həbsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
Martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə tanınmış videobloqçu Mehman Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. Onu məhkəmə zalında həbs ediblər.
Mehman Hüseynovu Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə verərək, onun Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə (böhtan) məsuliyyətə cəlb olunmasını istəmişdi. Polis rəisi iddia edir ki, Mehman Hüseynov bu il yanvarın 10-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimələnərək sərbəst buraxılan zaman mətbuata verdiyi açıqlamada ondan bir gün qabaq oğurlanaraq Nəsimi RPİ əməkdaşları tərəfindən işgəncəyə məruz qaldığını deməklə onlara böhtan atıb, şəxsən rəisin daxili işlər naziri və dövlət başçısı qarşısında nüfuzunu sarsıdıb. Polis rəisi Mehman Hüseynova 3 il həbs cəzasının verilməsini istəyib.
Hakim Ceyhun Qədimov məhkəmə prosesini tələm-tələsik yekunlaşdırıb, müdafiə tərəfinə çıxışa hazırlaşmağa vaxt da vermədən, 2 dəqiqəlik müşavirədən sonra Mehman Hüseynov barəsində 2 il azadlıqdan məhrumetmə hökmünü oxuyub.
Milli Şura bəyan edir ki, Mehman Hüseynova qurulmuş məhkəmə Azərbaycan hüquq sisteminin növbəti və daha aşkar rüsvayçılığıdır. Mehman Hüseynov yanvar ayında faktiki oğurlanaraq, yeri 1 gün cəmiyyətdən gizli saxlanılıb. Yalnız 1 gün sonra onu Nəsimi rayon polis əməkdaşlarının saxladığı bəlli olub və o, polisə tabe olmamaq ittihamı ilə məhkəmə önünə çıxarılaraq 200 manat cərimələnib. Mehman Hüseynov həmin vaxt məhkəmə çıxışında polsilərin ona işgəncə verdiyini hakimə göz yaşları içində danışıb və məhkəmənin qərarında onun dediklərini prokurorluğun araşdırmalı olduğu da göstərilib. Lakin ölkə ictimaiyyətinə belə bir araşdırmanın nəticəsi bəlli deyil. Əvəzində bloqçuya işgəncə vermiş polislərin rəisi böhtan ittihamı ilə onu məhkəməyə verib və nəticəsi də ortadadır. Bu fakt o deməkdir ki, şəxsin məhkəmədə ona verilən işgəncəni deməsi və özünü müdafiə etməsi cinayət əməli kimi tövsif olunub. Azərbaycan iqtidarı bununla daha bir analoqsuzluğa imza atıb.
Azərbaycanın hüquq-mühafizə orqanlarında, o cümlədən polis idarə və bölmələrində işgəncənin adi hala çevrildiyi çoxsaylı faktlarla artıq beynəlxalq təşkilatların hesabatlarında da əksini tapır. Azərbaycanın siyasi hakimiyyəti, hüquqi nəzarət orqanları bu faktları araşdırıb, uyğun tədbir görməkdənsə, işgəncəyə məruz qalan həbslə cəzalandırılır. Bu, ölkədə düşünülmüş şəkildə hüquqi nihilizmi dərinləşdirməkdən başqa bir şey deyil.
Milli Şura bəyan edir ki, Mehman Hüseynovun həbsində polis rəisinin böhtan iddiası formaldır. Həbsin səbəbi siyasidir və bilavasitə siyasi rəhbərliyin göstərişilə həyata keçirilib. Məqsəd ölkədə qorxu mühitini gücləndirmək, ifadə azadlığını daha artıq boğmaq, sosial şəbəkələrdə tənqidlərin qarşısını almaq, vətəndaş jurnalistikasını da sıradan çıxarmaqdır. Mehman Hüseynov ölkənin ən populyar və tirajlı videobloqçusudur. Dövlət orqanlarının yarıtmaz fəlaiyyəti, cəmiyyətin müxtəlif təbəqələrinin problemləri ilə bağlı onun hazırladığı çəkilişlər böyük maraqla qarşılanır və böyük auditoriya toplayır.
Milli Şura hesab edir ki, Mehman Hüseynovu hədəfə gətirən xüsusən də onun məmur-oliqarxların korrupsionerliyini təsdiqləyən silsilə çəkilişləridir. Onun tələsik həbs edilməsi haqda son qərarın verilməsinə isə İlham Əliyevin öz həyat yoldaşını birinci vitse-prezident təyin etməsini Mehman Hüseynovun bugünlәrdә videobloqunda ictimai müzakirəyə çıxarması səbəb olub. Azərbaycandakı avtoritar rejim müstəqil və tənqidi səsləri boğur ki, cəmiyyətdə bir ailənin hakimiyyətinə, korrupsionerlərin bütün hədləri aşan soyğunçuluğuna qarşı ictimai etirazlar olmasın. Konkret indiki halda Mehman Hüseynov rejimin Azərbaycan xalqını susdurmaq siyasətinin qurbanıdır.
Milli Şura hakimiyyətə səslənərək, bu rüsvayçı səhvini düzəltməyə çağırır və Mehman Hüseynovun dərhal azad olunmasını tələb edir. Milli Şura bildirir ki, hakimiyyət Mehman Hüseynovun həbsi ilə güddüyü məqsədə çatmayacaq, əksinə həm özünə qarşı xalqın nifrətini artıracaq, həm də dünyada daha artıq nüfuzdan düşəcək, demokratik dünyanın əlavə təzyiq və tənqidləri ilə qarşılaşacaq. Hakimiyyət buna qədər də çox sayda jurnalist və bloqçunu həbs etməklə özünə qarşı tənqid və ifşaların kökünü kəsməyə çalışıb, amma heç bir halda bu, alınmayıb. Milli Şura əmindir ki, bu dəfə də alınmayacaq.
Milli Şura ölkə ictimaiyyətini və demokratik dünyanı Mehman Hüseynovun həbsinə uca səslə etiraz etməyə, Azərbaycanda ifadə azadlığını tamam sıradan çıxarmaq cəhdləri qarşısında daha qətiyyət və əzmkarlıqla dayanmağa çağırır.