Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

“Mənim adıma qeydiyyata alınmış QHT- nin qeydiyyatını ləğv edin”

Hüquq müdafiəçisi yenidən Ədliyyə nazirinə müraciət etdi

Demokratik İslahatlar Ugrunda İctimai Birliyin sədri, hüquq müdafiəçisi Oqtay Gülalıyev bir müddət öncə onun sədr və təsisçi olaraq göstərildiyi, dövlət qeydiyyatına alınmış “İnkişafa Yardım” İctimai Birliyinin dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlı Ədliyyə naziri Fikrət Məmmədova 2- ci dəfə yenidən rəsmi müraciət edib. Müraciətdə deyilir;

“Sədri olduğum Demokratik İslahatlar Ugrunda İctimai Birlik 1999- cu ilin 10 sentyabrında təsis edilib. Ötən müddət ərzində Birliyin qeydiyyata alınması üçün sənədlərini hazırlayıb müxtəlif vaxtlarda 10 dəfə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə  təqdim etmişik. Hər dəfə adı çəkilən idarə müxtəlif bəhanələrlə təşkilatımızı qeydiyyata almaqdan imtina edib. Halbuki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 8.3-cü maddəsinə əsasən QHT- nin qeydiyyatı ilə bağlı “Təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edir. İmtinaya səbəb olmayan bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə təqdim edilməlidir”.

Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi qanunun qeyd edilən imperativ göstərişlərini dəfələrlə pozduğundan təşkilatın təsisçiləri ƏN-nın  qanunsuz hərəkətlərindən məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Lakin təəssüflər olsun ki, ölkə məhkəmələri Ədliyyə Nazirliyinin göstərişlərindən kənara çıxa bilmədiyindən iddiamız təmin edilməyib.

Təmsil etdiyim Demokratik İslahatlar Ugrunda İctimai Birlik sıralarında 150- dən artıq QHT- ni birləşdirən Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının yaradıcılarından biridir. MSŞT Beynəlxalq İdarə Heyətinin 25 oktyabr 2016- cı il tarixdə Qazaxıstan respublikasının paytaxtı Astana şəhərində keçirilən növbəti toplantısı ərəfəsində məni Ədliyə nazirliyinə dəvət edərək təşkilatımızın qeydiyyata almaq niyyətində olduqlarını və bunun üçün müvafiq sənədləri yenidən nazirliyə təqdim etmək zəruriliyini bildirdilər. Mən təşkilatın qeydiyyatı üçün lazım olan bəzi sənədləri növbəti dəfə nazirliyə təqdim etdim, eyni zamanda məsul şəxs tərəfindən mənə təqdim edilmiş bir neçə sənədi imzaladım. Amma sonradan məlum oldu ki, təşkilatımızın adına, məqsəd və məramına uyğun olmayan, fəaliyyət istiqamətləri və Nizamnamə məqsədləri tamamilə fərqli olan bir adda- “İnkişafa Yardım” İctimai Birliyi adı altında QHT qeydiyyata alınıb. Yeni qeydiyyatdan keçən təşkilatın bizim təşkilatın adına, məqsəd və fəaliyyət istiqamətlərinə uyğun olmadığını bildirib bu barədə dəfələrlə izahat istəsəm də ƏN-nın məsul şəxsləri bu barədə rəsmi izhat verməkdən yayınmaqdadırlar. Mənim israrlı etiraz və təkidlərimə baxmayaraq 17 il təmsil etdiyim təşkilatı deyil, tamam fərqli bir təşkilat qeydiyyata alınıb ki, bu təşkilatın mənə və təmsil etdiyim Demokratik İslahatlar Ugrunda İctimai Birliyə heç bir aidiyyatı yoxdur.

Hazırda sədri və təsisçilərindən biri olaraq mənim adımın  göstərildiyi Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi tərəfindən qeydiyyatdan  keçirilmiş- “İnkişafa Yardım” İctimai Birliyinin adından fəaliyyət göstərmirəm və fəaliyyət göstərmək niyyətim də yoxdur. Çünki yuxarıda qeyd etdiyim kimi bu təşkilatın adı, məqsəd və məramı mənim fəaliyyət sahəmə uyğun deyil. Mən, Demokratik İslahatlar Ugrunda İctimai Birliyin təsisçisi və sədri olaraq 17 ildən artıqdır ki,  insan haqları, demokratik inkişaf sahəsində fəaliyyət göstərdiyim halda “İnkişafa Yardım” İctimai Birliyinin məqsədi iqtisadi təhlil və tədqiqatlar aparmaqdır ki, bu da mənim fəaliyyət sahəmə uyğun deyil. Mən hüquq müdafiəçisiyəm, iqtisadçı deyiləm.

Hörmətli cənab nazir,

Yuxarıda qeyd edilənləri nəzərə almağınızı,  sədri və təsisçisi olaraq göstərildiyim, dövlət qeydiyyatına alınmış “İnkişafa Yardım” İctimai Birliyinin qeydiyyatının ləğv edilməsi, eyni zamanda 17 ildir rəhbərlik etdiyim və qeydiyyatından əsassız olaraq imtina olunan “Demokratik İslahatlar Ugrunda” İctimai Birliyin qeydiyyata alınması üçün müvafiq addımlar atmanızı xahiş edirəm”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir