Keçmiş siyasi məhbusdan həbsilə bağlı sensasion müsahibə
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun şərləyərək həbs etdirdiyi keçmiş siyasi məhbus, jurnalist Pərviz Həşimli “Kanal 13″ə müsahibə verib. Pərviz Həşimli müsahibəsində həbsi və MTN-də məruz qaldığı işgəncələr barədə danışıb. Jurnalist bildirib ki, həbsindən xeyli əvvəl xüsusi xidmət orqanları tərəfindən izlənilib. Bu baxımdan da həbs olunacağı onun üçün gözlənilməz olmayıb:
”Həbs olunacağımı gözləyirdim. Hətta həbsimdən bir ay əvvəl ABŞ-ın ölkəmizdəki səfirliyinə məktub yazmışdım. Həmin məktubda xüsusi xidmət orqanları tərəfindən həbs olunacağımı, lakin mənə qarşı hansı ittihamların irəli sürüləcəyindən xəbərsiz olduğumu bildirmişdim. Həbsimdən əvvəl davamlı olaraq izlənilirdim. Həmçinin MTN-nin nəzarətində olan sayt və qəzetlərdə haqqımda böhtan xarakterli materiallar yayımlanırdı. Lakin mən bütün bunları ictimailəşdirməkdə bir qədər gecikdim. Bəlkə də vaxtında ictimailəşdirsəydim hər şey başqa cür olacaqdı”.
Eldar Mahmudovun “dövlət çevrilişi planı”
Pərviz Həşimli bildirib ki, Eldar Mahmudov və dəstəsinin hədəfinə gəlməsinə səbəb MTN barədə yazıları olub: “MTN-i tənqid edən yazılar yazmışdım. Bu yazılarımın bir çoxu öz imzamla, bəziləri isə başqa imza ilə dərc olunmuşdu. Həmin yazılarla bağlı elektron poçtuma təhdidlər gəlmişdi. Şəxsi kanallarım vasitəsilə də öyrənmişdim ki, həbsimə hazırlıq gedir. Eldar Mahmudov siyasi rəhbərliyi mənim həbsimin zəruriliyinə inandıra bilmişdi. MTN rəhbərliyinin məkrli planı var idi. Bu plan dövlət çevrilişi şousu ilə bağlı idi. Bu planla Eldar Mahmudov illərlə mübarizə apardığı rəqiblərini zərərsizləşdirmək istəyirdi.
Azrbaycanda bir ənənə yaranıb. Hansısa məmuru “vurmaq” istədikdə onu müxalifətə bağlayırlar. Məndən də tələb olunurdu ki, deyim ki, kimlərsə mənə pul verib. Mən də həmin pula silahları Əli Kərimli üçün almışam. Lakin belə bir ifadə verməkdən imtina etdim. Mənə qarşı zorakılıq oldu. Fiziki və psixoloji işgəncələrə məruz qaldım. Hətta mənə keçmiş maliyyə naziri Fikrət Yusifovu nümunə göstərdilər. Dedilər ki, Fikrət Yusifov bizim dediklərimizlə razılaşdı və Əli Insanovla Fərhad Əliyevin üzünə durdu. Sən ondan artıq deyilsən, sən də razılaş. Hətta mənə pul da təklif etdilər”.
Hədəfdə Cavid Qurbanov və Əli Nağıyev olub
Jurnalistin sözlərinə görə, MTN rəhbərliyi ondan əsasən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəis müavini Əli Nağıyevin əleyhinə ifadələr tələb edib: “Mənim Əli Nağıyevlə şəxsi tanışlığım yoxdur. Qardaşı ilə münasibətim var. Cavid Qurbanov isə bizim rayonun deputatı olduğundan münasibətim var idi. Məndən tələb edirdilər ki, onlardan pul alıb Əli Kərimliyə verdiyimi deyim.
Elçin Quliyev və Ilqar Əliyev mənə fiziki və psixoloji işgəncələr verirdilər. Cinayət Məcəlləsi ilə pulu masanın üzərinə qoyub deyirdilər ki, ikisindən birini seç. Mən isə onlarla razılaşmadım.
Mənimlə bağlı cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun icraatına verilmişdi. Bu şəxs vaxtilə MTN-də müstəntiq işləyib və qəddarlığı ilə ad çıxarıb. “Tolişi Sədo” qəzetinin mərhum baş redaktoru Novruzəli Məmmədovu şəxsən işgəncələrə məruz qoyub. Mənə istintaq vaxtı demişdilər ki, hakim Novruz Kərimov olacaq. Novruz Kərimov da sözsüz MTN rəhbərliyinin sifarişlərini yerinə yetirirdi.
Elçin Quliyev deyirdi ki, səni ən dözülməz şəraiti olan həbsxanaya atdıracam. Deyirdi ki, səni Qaradağın istisində, daş karxanalarının tozunda boğacam. Qismən də məqsədlərinə nail oldular. Ailə üzvlərim də təzyiqlərə məruz qaldı. Atamı işdən çıxarıldı. Gəncədə qardaşıma məxsus iaşə obyekti yerlə-yeksan edildi. Mən həbs edilən gün evimə basqın etdilər. Yoldaşım hamilə idi, sarsıntıdan bətnindəki uşağı itirdi.
Bundan başqa Ilqar Əliyev məni vurmuşdu. Elçin Quliyev isə təhqir etmişdi. Hətta bir dəfə Elçin Quliyevin kabinetində masanın üzərindən qayçını götürdüm ki, özümə xəsarət yetirim. MTN-də saxlanıldığım 8 ay mənə verilən 8 illik cəzadan ağır oldu. Hətta Bakı Istintaq Təcridxanasında məni rahat buraxmadılar. Məni “kars”a saldırdılar.
Ailə üzvlərimi təhdid altında saxlayıblar. Maskalı şəxslər gecə vaxtı gəlib qapını döyərək onları qorxudurmuş. Bütün bunlar səhhətimdə ciddi problemlərin yaranmasına səbəb oldu”.
Jurnalistin üzünə duran şəxs necə “verbovka” olunub?
Pərviz Həşimli onun üzünə duran Təvəkkül Qurbanov barədə də danışıb: “Təvəkkül Qurbanovun həyat yoldaşı MTN-nin Gəncə şöbəsinin Elşən Məmmədov adlı əməkdaşına məxsus restoranda mühasib işləyir. Elə onun vasitəsilə Təvəkkülü ələ alıblar. Mən bu adamı bir ay olardı tanıyırdım. Mənə zəng vuraraq demişdi ki, övladının təhsil problemi var və mənimlə bu məsələ barədə danışmaq üçün görüşmək istəyir. Mən də ona dedim ki, Bakıya gəlsin. Həbs olunan gün bundan mən zəng gəldi. Mən həmin vaxt ofisimdə idim. Mənə dedi ki, ofisin qarşısındayam. Israr elədi ki, bayıra çıxım. Mən bayıra çıxanda təxminən 10 ”CIP” gəldi. Maskalı şəxslər mənə qarşı zorakılıq etdilər, yerə yıxdılar. Təvəkkülün maşınından 6 ədəd “Makarov” tapançası çıxdı. Bu şəxs üzümə duraraq dedi ki, həmin silahları mənə gətirib. Guya silahları Rza və Hüseyn adlı Iran vətəndaşlarından alıb. Yeri gəlmişkən, bu Rza və Hüseyn adlı Iran vətəndaşlarının adı MTN-nin digər əməliyyatlarında da keçir.
Tapançalara gəlincə, bu silahların nömrə ardıcıllığı bir-birinə uyğun idi. Bu silahların qara bazardan alınması inandırıcı ola bilməzdi. Özü də bu siqnal tapançaları idi. Keçmiş nazir Nicat Quliyevin evindən də bu silahlardan “tapılmışdı”. Onun vəkilləri hətta Rusiyaya gedərək müəyyən etdilər ki, bu silahlar eyni qutudan çıxıb”.
“Elçin Quliyevlə Ilqar Əliyev deyirdilər ki, səni şərləmişik”
Keçmiş siyasi məhbusun sözlərinə görə, Elçin Quliyevlə Ilqar Əliyev açıq şəkildə ona deyiblər ki, səni şərləmişik: “Bir dəfə kamerada Cinayət Prosessual Məcəlləsini oxuyurdum. Həmin vaxt Ilqar Əliyev kameraya girdi. Kitabı əlimdə görən kimi aldı və dedi ki, bu kitab səni xilas etməyəcək. Elçin Quliyevlə Ilqar Əliyev açıq şəkildə deyirdilər ki, səni şərləmişik. Məhkəməyə gətiriləndə MTN-də qanunların ayaqlar altına atıldığını deyirdim. Həmçinin bu qurumda cinayətkar şəbəkənin fəaliyyət göstərdiyini bildirirdim. Sonda dediklərim təsdiqini tapdı”.
Pərviz Həşimli deyib ki, qanunsuz həbsi və işgəncələrə məruz qalması ilə bağlı Avropa Insan Haqlarına Məhkəməsinə müraciət edib. “Güman ki, yaxın vaxtlarda müraciətimlə bağlı kommunikasiya mərhələsi başlayacaq”, – deyə keçmiş siyasi məhbus bildirib.