Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Ofisiant işləyib təhsil haqqını ödəyən aprel şəhidimiz… FOTO

102381“Gecələr gözlərimə yuxu getmir…” – Şəhid əsgərin atası

Aprel döyüşlərində qəhrəmancasına həlak olan igidlərimizdən biri də şəhid əsgərimiz Quliyev Mahir Qadir oğludu.

Torpaqlarımızın azadlığı uğrunda şirin canından keçən bütün şəhidlərimizin ruhunun qismən də olsa rahatlıq tapması üçün hər dəfə bir şəhid qapısını döyürük. Bu dəfə şəhid əsgərimiz Mahir Quliyevin döyüş yolunu varaqlamaq üçün Yasamal rayonunda yerləşən evlərinə yollandıq. Bizi şəhidimizin anası Lalə xanım qarşıladı. Evə daxil oluruq və başdan ayağa qara geyinən ana bizi görən kimi gözləri dolur. Evin bir tərəfində isə Mahirin şəkillərindən və şəxsi əşyalarından ibarət guşəsi yaradılıb. Biz həmin şəkillərə bir – bir baxaraq elə söhbətimizə şəhidimizin anası Lalə xanımla başlayırıq:

Şəhidimizin anası Lalə xanım: “Şəhid əsgərimiz Müşfiq Novruzov ilə tələbə yoldaşı olublar…”

“Mahir evin böyük oğlu idi, ondan başqa iki qardaşı var. Mahir 1993 – cü il dekabrın 21 – də dünyaya göz açdı. Elə dünyaya gəlişi ilə də hamımızı sevindirmişdi. Mənimlə çox yaxın idi, mənim üçün həm oğul, həm qardaş idi. İlk olaraq 6 nömrəli məktəbdə sonra 132 və 308 nömrəli məktəblərdə orta təhsilini başa vurdu. 2011 – ci ildə sənədlərini ali məktəbə verdi. Texniki Universitetin “Elektro telekomunikasiya və radio mühəndisliyi” fakulitəsinə qəbul olundu. Amma, ödənişliyə qəbul olunmuşdu. İlk tələbəçilik illərini biz təhsil haqqına köməklik edirdik. O, qəbul olunanda Texniki Universitetdə təhsil haqqı 600 manatdan 1200 manata qalxmışdı. Bizim də maddi vəziyyətimiz yaxşı olmadığına görə təhsil haqqını elə borc – xərc edib ödəyirdik. Amma, Mahir dərslərini oxuyurdu. O, şəhid əsgərimiz Müşfiq Novruzov ilə tələbə yoldaşı olub. Qismət elə gətirdi ki, apreldə də birlikdə şəhid oldular.

“Ofisiant işləyib təhsil haqqını ödəyirdi…”

Özü dərsdən sonra “İmperial” şadlıq sarayında ofisiant işləməyə başladı. Qazandığı pulla həm öz təhsil haqqını ödəyirdi, həm də evə də köməklik edirdi. 2015 – ci ildə universiteti bitirdikdən sonra hərbi xidmətə yola düşdü. İlk olaraq gənc əsgər kimi Gəncə şəhərində üç ay xidmət etdi. And içmə mərasimində yanına getmişdik. Sonra onu Tərtər rayonuna göndərdilər. Orda da iki dəfə yanına getdik. Həmişə də telefonla əlaqə saxlayırdı. Fevralın 7 – də on günlük məzuniyyətə gəldi. On gün qalandan sonra atası aparıb Mahiri hərbi hissəsinə yola saldı. Mən Mahirə görə çox narahat olurdum. Mənə deyirdi ki, ana, narahat olma bir il xidmət edib qayıdacam.

“Əsgər üzümə baxıb dedi ki, ana, bir – iki günə xəbər bilərsən…”

Fevralda gələndə dostuna etibarnamə verdi ki, diplomunun sürətini çıxarıb təsdiq etdirdikdən sonra hərbi hissəmə yollayın. Dostu da Mahirin dediklərini elədi. Diplomu bizə verdi ki, Mahirə yollayaq. Amma heç Mahir diplomunun üzün açmadı. (Ağlayır) Martın 20 – da Novruz bayramında bizimlə telefonla danışdı. Dedi ki, ana, məhlədə nə var, nə yox? Dedim ki, oğlum, sakitçilikdi. Dedi biz də bayramı qeyd edirik, qəşəng stol açmışıq. Aprelin 1 – də hadisələr başlayanda biz bilmədik. Mahir aprelin 1 – dən 2 – nə keçən gecə şəhid olaraq neytral ərazidə qalıb. Bizə xəbər gəldi ki, Mahir yaralanıb. Biz də burdan Tərtərə yollandıq. Orda bizə bir xəbər deyən olmadı, amma onu dedilər ki, yaralanıb. Biz də hospitalları gəzdik. Orda da Mahiri tapa bilmədik. Qapıda duran əsgərə yalvarıb dedim ki, oğlum, mən də bir əsgər anasıyam. Düzünü de, Mahirdən bir xəbər bilmirsən? Əsgər üzümə baxıb dedi ki, ana, bir – iki günə xəbər bilərsən. Bu söz mənə çatmadı. Mahirin cənazəsi gələndən sonra bildim ki, qapıdakı əsgər buna işarə edirmiş. Mahirin cənazəsini aprelin 9 – da gətirdilər. Bakıda üçüncü Fəxri Xiyabanda dəfn edildi. Bizə sonradan dedilər ki, Mahir bir neçə yaralı əsgər yoldaşını döyüş meydanından çıxarıb. Həm də düşmənin bir neçə zirehli texnikasını məhv etdikdən sonra şəhid olub”.

Şəhidimizin atası Qadir dayı tikintidə işləyir. Əlləri qabar olan ata indi fikrini dağıtmaq üçün bilmir ki, neyləsin. Lalə xanımın zəngindən sonra özünü evə çatdırır. Bizimlə söhbətində məlum olur ki, üç uşağı Bakıda kirayələrdə zülmlə böyüdüb. Evin ikinci oğlu Hüseyn Sərhəd Qoşunlarının Hərbi Akademiyasının dördüncü kurs tələbəsidir. Gələn ildən pilot olaraq xidmətə başlayacaq. Evin kiçik oğlu Cavid isə indi onuncu sinifdə oxuyur.

Şəhid atası Qadir ata: “Mahir haqqında nə danışım bilmirəm. Çox çətindi. Ali təhsilli oğlan idi. Ona baxanda ürəyim açılırdı. Mahirdən sonra gecə gözlərimə yuxu getmir. Elə bilirik ki, hələ də əsgərlikdədi, harda olsa, gələcək. Çox əziyyət çəkirik. Mənə mart ayında telefonda danışanda dedi ki, bir həftə təlimdə olacam. Elə Mahirgil təlimdən sonra aprel döyüşlərinə başlayıbar”. (Gözləri dolur)

Biz şəhid ailəsinin övlad itkisinə görə nə qədər çətinlik çəkdiklərini yaxşı anlayırıq. Ona görə də şəhidimizin atasını çox danışdırmağı məsləhət bilmədik. Şəhidimiz haqqında kiçik qardaşı Cavid də öz təəssüratlarını bölüşdü.

“Mahir mənə böyük qardaş kimi həm dərslərimdə, həm də həyatda çox kömək edirdi. Dərs ləvazimatlarımı alırdı. Əyinimə – başıma paltar alırdı. Heç vaxt istəmirdi ki, mən kimdənsə əskik olam. Bir qardaş kimi ona çox arxalanırdım. İndi bilmirik nə edək. Mahirdən sonra dərslərimi də oxumaqda çətinlik çəkirəm. Çox fikirli oluram”.

Sonda şəhidimizin ailəsinə Allahdan səbr, şəhidimizə isə rəhmət diləyib oradan ayrılmaq üçün icazə istəyirik. Onların qapılarını açdığımız üçün çox sevinirlər. İndi şəhid ailəsinin yalnız insanların mənəvi dəstəklərinə ehtiyacları var. (Moderator.az)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir