Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Baş Prokurorluq: Gülənlə bağlı kitablar qadağan deyil, amma…

Amerikada sürgündə yaşayan türkiyəli ilahiyyatçı Fethullah Gülenlə bağlı kitabların Azərbaycanda saxlanması və ya oxunması qadağan deyil, Baş Prokurorluğun sözçüsü Eldar Sultanov BBC Azərbaycancaya deyib.

Bu şərh, ötən həftə Bakıda müxalifət fəallarının həbsindən sonra onlardan Gülenlə bağlı “qadağan edilmiş” kitabların müsadirə edilməsindən sonra verilib.

Ötən həftə AXCP Xətai rayon Gənclər Komitəsinin sədri Fuad Əhmədli və Azadlıq qəzetinin maliyyə direktoru Faiq Əmirli saxlanılıb və onların barəsində əvvəlcə, 48 saat saxlanılması haqda qərar, daha sonra isə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Müxalifət, bu həbsləri hakimiyyətin öz opponentlərinə növbəti hücumu hesab edir və Azərbaycanda “Fəthullah Gülənlə 11 gün” kitabının Baş prokuror Zakir Qaralovun əmisinin redaktorluğu ilə çapdan çıxdığını deyir.

Faiq Əmirli
Faiq Əmirli.

Müxalifətçilərin həbsi

“Azərbaycan hakimiyyəti Türkiyənin dediyi kimi Fethullah Gülen tərəfdarı axtarırsa onu öz sıralarında axtarsın və AXCP tam məsuliyyətilə bəyan edir ki, bizim sıralarımızda elə adam yoxdur”, partiyanın sədr müavini Gözəl Bayramlı BBC Azərbaycancaya müsahibəsində deyib.

Hakim partiyadan olan millət vəkilləri bu iddianı “məntiqsiz” adlandırır və deyir ki, hakimiyyət nümayəndələri arasında Gülen tərəfdarları olsaydı onlara qarşı mübarizə aparılmazdı.

Fuad Əhmədlinin yaşadığı ünvana keçirilmiş baxış zamanı ona məxsus əşyaların arasında qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat və CD disklər, Fəthullah Gülenin çıxışları olan vərəqələr, “Gülən camaatı” adlandırılan qrupun üzvləri, “Hizmət imam”ları adlandırılan şəxslər və onların qarışılıqlı əlaqələrinə dair sənədlər aşkar edilib, Baş Prokurorluğun Dövlət Təhlükəsizlik Xidməti ilə birgə yaydığı məlumatda deyilir.

Prokorurluğun sözçüsü Eldar Sultanovun sözlərinə görə, Azərbaycanda Gülenlə bağlı ədəbiyyat qadağan deyil. “Sadəcə həmin kitabların idxalına Dini Qurumlarla İş üzrə dövlət Komitəsi müvafiq razılıq verməlidir”, o bildirir.

“Kitablar qoyulub”

Fuad Əhmədlinin atası Zəfər Əhmədov deyir ki, onların evində kitab rəfindən 14 kitab götürüblər. Onlar arasında 1989-cu ildəki dirçəliş jurnalı, Yusif Vəzir Çəmənzəminlinin povesti və bir neçə İslam dini tarixinə aid kitablar olub.

“Amma ordakı iki jurnalı nə anası, nə də mən görmüşəm ki, o nə jurnallardır. Onlar orda [kitab rəfində] ümumiyyətlə olmayıb. Səhv etmirəmsə, birinin adı “Yeni ümid” idi, o biri də nə idisə, Türkiyə türkcəsində idi”, Zəfər Əhmədov əlavə edir.

Ata deyir ki, oğlu Fuad Əhmədli elə də kitab oxuyan olmayıb və aparılan kitablar ona məxsus olan kitab kolleksiyasından aparılıb.

Fuad Əhmədlinin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev deyir ki, həbsdən apellyasiya şikayəti verilib. O əlavə edir ki, cinayət işinin istintaqı baxılması üçün Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaqa verildiyinə görə ittiham maddələri “dəyişə bilər”.

Şənbə günü saxlanılan Faiq Əmirlinin avtomobilinə baxış zamanı İstintaq İdarəsinin əməkdaşları “guya” Fethullah Gülene aid kitablar aşkarlanıb, Azadlıq qəzetindəki xəbərdə deyilir.

AXCP sədrinin müavini Gözəl Bayramlı iddia edir ki, hadisə yerində olan şahidlər deyib ki, Faiq Əmirli saxlanıldıqdan sonra “əraziyə gələn ağ rəngli maşın Faiqin maşınının baqajını açıb və həmin kitabı ora qoyub”.

“Faiq Əmirlinin maşınından çıxan “Fəthullah Gülənlə 11 gün” kitabı da artıq aşkarlanıb ki, birbaşa [Azərbaycan Respublikasının Baş prokuroru] Zakir Qaralovun əmisi Zahid Qaralovun redaktorluğu ilə nəşrə çıxıb. [525-ci qəzetin baş redaktoru] Rəşad Məcid də həmin kitaba ön söz yazıb”, Gözəl Bayramlı kitablar “birmənalı olaraq qoyulub” deyir.

BBC Azərbaycancaya danışan Rəşad Məcid sözü gedən kitaba ön söz yazmasını təsdiqləyir və deyir ki, kitab dərc olunduqdan sonra “onun bir neçə nüsxəsini ona da veriblər”.

Redaktorun sözlərinə görə, Türkiyənin “Milliyet” qəzetinin müxbirinin Fethullah Gülenlə müsahibəsi əsasında qurulan kitabın Azərbaycan dilində olan nəşrinə ön söz yazmaq üçün bir neçə il bundan əvvəl ona müraciət olunub və o, “kitabda hər hansı problemli fikir” görməyib və “sakit bir ön söz” yazıb.

“Kitabda Türkiyənin təbliği, türk insanın dünyada tanınması və türk məktəbləri barədə fikirlər idi”, Rəşad Məcid kitabın məzmunu haqqında danışır.

Qadağandırmı?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən BBC Azərbaycancaya verilən məlumata görə, qurum uzun illərdir Fəthullah Gülenin “camaatçılıq prinsiplərini təbliğ edən” dini kitablarının Azərbaycana idxalına mənfi cavab verir.

Komitənin Dinşünaslıq Ekspertizası söbəsinin müdiri Nahid Məmmədov deyir ki, dini mahiyyət daşıyan və qurumla razılaşdırılmayan kitabları əldə edən hər bir şəxs cinayət məcəlləsinin 167-2 maddəsi ilə məsuliyyət daşıyır.

Maddənin tələblərinə əsasən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayan şəxslər 5000 manatdan 7000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.

Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildiyi halda 7000 manatdan 9000 manatadək cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunur.

Ciddi səbəb

AXCP sədr müavini Gözəl Bayramlı hesab edir ki, həbslər “siyasi sifarişdir” və “partiyaya qarşı uzun illərdir davam edən repressiya siyasətinin tərkib hissəsidir”.

Xanım Bayramlı deyir ki, Azərbaycan hakimiyyəti Türkiyədə baş verən çevrilişə cəhd məsələsindən öz maraqları üçün istifadə etmək istəyir.

“Sadəcə ictimai rəyi azdırmaq istəyirlər. Fikri referendumdan kənara yönəltmək, Milli Şuranın referendumun əleyhinə keçirilən mitinqlərin effektini azaltmaq cəhdidir bunlar hamısı”, AXCP nümayəndəsi “hakimiyyət bununla heç nəyə nail ola bilməyəck və biz milli Şura olara referendum əleyhinə tədbirlərimizi davam etdirəcəyik” deyir.

Aydın Mirzəzadə
Aydın Mirzəzadə.

Millət vəkili Aydın Mirzəzadə deyir ki, deyilən iddiaların əsası yoxdur və referendumla bağlı müxalif partiya sentyabrın 3-dən başlayaraq “problem olmadan istədikləri qədər tənqid edəcəklər”.

“Mənə deyin nə vaxtdan Fuad Əhmədli ilə Faiq Əmirli Azərbaycan iqtidarının tənqidçisi olub? Bu adlar nəinki ictimaiyyət, heç gündəlik siyasi hadisələri izləyən siyasi analitiklərə tanış deyil. Tənqidçilər ortada ola-ola ictimaiyyətə adı məlum olmayan bir köməkçini saxlamaqla iqtidar hansı tənqidin qarşısını alır”, millət vəkili sual edir.

Millət vəkili fikrini davam etdirərək Gülen tərəfdarlarını “güclü qurulmuş, terrorla, gizli kəşfiyyat, insanların beyninin yuyulması ilə məşğul olan böyük bir şəbəkə” adlandırır və əlavə edir ki, “şəbəkə hər yanda olduğu kimi Azərbaycanı da öz təsiri altına almağa çalışır”.

“AXCP-nin üzvlərinin tutulması ciddi səbəblərə görə baş verib. Buna görə hesab edirəm ki, onların bəyanatı özünü sığortadan başqa bir şey deyil”, cənab Mirzəzadə vurğulayır.

Prezident Əliyev iyulun 18-də, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsini rəy almaq üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında sərəncam imzalayıb.

Dəyişiklər prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyətinin verilməsini və prezident vəzifəsinə namizədin hazırda 35 yaş olan minimal yaş həddinin aradan qaldırılmasını nəzərdə tutur.

Məlumata əsasən, mobil rabitə xidmətləri göstərən şirkətlərin müraciətləri əsasında aparılan araşdırmalar nəticəsində Fuad Əhmədli də daxil olmaqla 4 nəfər saxlanılıb.

Saxlanılanlardan 3-ü – Şahin İsrayılov, Fuad Ahmədli və Etibar Musayev işlədikləri mobil rabitə xidmətləri göstərən şirkətlərdə qanunsuz olaraq saxlanılan digər şəxs, Vüqar Qasımov və digər şəxslərin müraciətləri əsasında mütəmadi surətdə həmin mobil operatorların çoxsaylı abunəçilərinə dair fərdi məlumatları ötürürmüşlər.

Faktla bağlı saxlanılan 4 nəfər barəsində Cinayət Məcəlləsinin əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanılıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir