Yenifakt.info

Müstəqil xəbərlər portalı

İnsan haqları

Milli Şuradan antirepressiya bəyanatı

milli suraAzərbaycanda repressiyaların yenidən güclənməsi ilə bağlı Milli Şura bəyanat yayıb. Bəyanatda deyilir:
“Azərbaycan hakimiyyəti ölkədə monarxiya quruluşunu qanuniləşdirməyə hesablanmış referenduma hazırlıq mərhələsində demokratik cəmiyyətə qarşı basqıları yenidən gücləndirib. Avqustun 11-də Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev “Bandotdel”ə aparılıb. Təkcə avqustun 12-də daha 3 repressiv hadisəsi baş verib.
Əvvəlcə, AXCP-nin gənc fəallarından biri Məsud Rzalı Qara Qarayev metrostansiyası ərazisində saxlanaraq polisə aparılıb və polisə müqavimət saxta ittihamı ilə 30 gün inzibati həbsə məhkum edilib. M.Rzalı həm sosial şəbəkələrdə, həm də real həyatda fəallığı ilə fərqlənib və onun məhz fəallığına görə həbs edildiyi şübhə doğurmur. Hakimiyyət belə gənc fəalları cəzalandırmaqla ictimai-siyasi proseslərə yeni qoşulan başqa gənclərdə qorxu yaratmaq, onları çəkindirmək niyyəti güdür.
Sonrakı hadisə mahiyyətinə görə daha qorxulu niyyətlərdən xəbər verir. Belə ki, AXCP sədri Əli Kərimlinin məhz onunla qohumluğa görə uzun müddətə azadlıqdan məhrum edilmiş və hələ də həbsdə olan qaynı Elnur Seyidovun həyatına real təhlükənin yarandığı bəlli oldu. Elnur Seyidov avqustun 12-də ailəsinə zəng edərək onu həbsdə öldürmək istədiklərini deyib. Məlumatın dərhal ictimailəşməsi və böyük əks-səda doğurması, Elnur Seyidovun vəkilinin anında işə qarışaraq onunla görüşə yollanması təbii olaraq hakimiyyət orqanlarını müəyyən qədər hərəkətə gətirdi və Ədliyyə Nazirliyi səviyyəsində Elnur Seyidovun həyatına təhlükə olmadığı açıqlandı. Səhərisi isə vəkil Elnur Seyidovun özü ilə görüşdü və baş verənləri öyrəndi. Elnur Seyidov üzləşdiyi təhlükənin detallarını hələlik ictimailəşdirmək istəməyib və bu, onun hələ də onu təhdid edənlərin siyasi girovluğunda olması baxımından başa düşüləndir. Yeri gəlmişkən, fəal cəmiyyətin köməyi ilə təhlükə bu dəfə adladılıbsa da, onun tamamilə aradan qalxdığını demək mümkün deyil.
Elnur Seyidov artıq keçmiş MTN-lə bağlı ifşalardan da bilindiyi kimi, tamamilə qurama bir iş üstündə daha 24 nəfərlə birlikdə mühakimə olunub. Sonradan digər 24 nəfər azadlığa buraxılsa da, Elnur Seyidov bəsdə saxlanılıb və bu, məhz onun AXCP sədri Əli Kərimli ilə qohum olmasına görədir. Hakimiyyət Elnur Seyidovu həbsdə saxlamaqla və indi də həyatını təhlükə altında qoymaqla Əli Kərimlidən qisas alır, onu mənəvi terrora məruz qoyur. Bu əməlin adı vətəndaşlara qarşı siyasi motivli dövlət terrorundan başqa bir şey deyil.
Eyni gündə baş verən üçüncü bəd olay isə ReAl hərəkatının icra katibi, tanınmış iqtisadçı ekspert Natiq Cəfərlinin həbsi oldu. Natiq Cəfərli gecə vaxtı məcburi şəkildə Respublika Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə, oradan da məhkəməyə aparılaraq barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həbsin səbəbi barədə hələlik rəsmi açıqlama verilməsə də, Natiq Cəfərlinin qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərini aşma kimi ictimai fəalların bundan əvvəlki həbslərində tətbiq olunmuş absurd və gülünc maddələrlə ittiham edildiyi bəllidir. Natiq Cəfərliyə qarşı rəsmi ittihamlar bəhanədən başqa bir şey deyil və Natiq Cəfərlinin bilavasitə ictimai-siyasi fəaliyyətinə görə həbs edildiyi danılmazdır.
Milli Şura bu hadisələrin hər birini qətiyyətlə pisləyir və hakimiyyətdən demokratik düşərgəyə qarşı repressiyaları durdurmağı tələb edir. Milli Şura bəyan edir ki, ictimai-siyasi fəalları saxta ittihamlarla həbs etmək, bir müxalifət təşkilatının liderini qohumunu həbsdə və təhlükə altında saxlamaqla mənəvi terrora məruz qoymaq nə ölkəni düşdüyü böhrandan, nə də hakimiyyəti üzləşəcəyi labüd süqutdan xilas edə bilər. Azərbaycan hakimiyyəti nəhayət anlamalıdır ki, cəmiyyətə münasibətdə nə qədər sərtlik göstərirsə, özünün iflas şəraitini bir o qədər ağırlaşdırmış olur.
Milli Şura Elnur Seyidova qarşı siyasi qisasçılığı dayandırmağa və onu haqqı olan azadlığa buraxmağa, eləcə də Məsud Rzalı və Natiq Cəfərlini dərhal azad etməyə çağırır”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir