Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Əli Kərimlinin qaynı həbsdə ölümlə hədələndi

elnurseyidov2Ona açıq şəkildə bildirilib ki, həyatına qəsd ediləcək

Əli Kərimli: “Elnur Seyidovun həyatına görə İlham Əliyev şəxsən məsuliyyət daşıyır”

AXCP sədri Əli Kərimlinin həbsdə olan qaynı Elnur Seyidov ölüm təhlükəsilə üz-üzədir. Bu barədə “Azadlıq”a Elnur Seyidovun yaxınları məlumat verib.

Yaxınlarının sözlərinə görə, avqustun 12-də Elnur Seyidovu ölümlə hədələyiblər. Ona açıq şəkildə bildirilib ki, həyatına qəsd ediləcək.

Bu hədənin səbəbi bəlli deyil. Lakin ehtimal var ki, Elnur Seyidovun ölümlə hədələnməsi AXCP sədri ilə qohumluğuna görədir. Onun həbsinin də əsas səbəbi elə budur.

Qeyd edək ki, Elnur Seyidov 2012-ci ilin martında “Texnikabank” işinə görə həbs edilib. Elnur Seyidova qarşı ittihamlar sübuta yetirilməsə də, o, 7 il 6 ay azadlıqdan məhrum edilib.

Elnur Seyidovun səhhətində ciddi problemlər var. O, təhlükəli xəstəliklər kateqoriyasına aid edilən dağınıq sklerozdan əziyyət çəkir.

“Texnikabank” işinə gəlincə, MTN ətrafında məlum hadisələrdən sonra bəlli olub ki, bu, bankı ələ keçirmək məqsədilə saxtakarlıqla quraşdırılan cinayət işidir. Bankın Yasamal filialının müdir müavini olmuş Elnur Seyidovun Əli Kərimli ilə qohumluğu eyni zamanda, onlara AXCP sədrindən bu yolla qisas almaq fürsəti də yaradıb. Təsadüfi deyil ki, “Texnikabank” işinə görə həbs olunanlar sonradan azadlığa buraxıldılar. Hətta iş materiallarında “mütəşəkkil cinayətkar dəstənin başçısı” kimi təqdim edilən bankın rəhbəri Etibar Əliyev də az sonra həbsdən buraxıldı. Amma Elnur Seyidov bu günə qədər həbsdə saxlanılır.

***

“Azadlıq” qəzetinin əməkdaşı Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Mehman Sadıqovla əlaqə saxlayıb və Elnur Seyidovun vəziyyəti ilə bağlı məsələ aydınlıq gətirməsini istəyib. M.Sadıqov 13 saylı cəzaçəkmı müəssisəsinin rəisi ilə əlaqə saxladığını və Elnur Seyidovun həyatı üçün təhlükənin olmadığını deyib.

E.Seyidovun vəkili Fəxrəddin Mehdiyev təcili cəzaçəkmə müəssisəsinə gedib və baş verənlərə aydınlıq gətirmək üçün müdafiə etdiyi şəxslə görüşmək istəyib. Onu jurnalistlər də müşaiyət edib. Lakin vəkilə E.Deyidovla görüş verilməyib. Vəkil məsələyə aydınlıq gətirmək üçün E.Seyidovla görüşə bu gün yenidən cəhd edəcək.

***

AXCP sədri Əli Kərimli də qaynının həyatına yaranmış təhlükəyə münasibət bildirib. Ə.Kərimli bu barədə “facebook” səhifəsində yazıb:

“Dostlar, xahiş edirəm bu məlumatı maksimum geniş yayın. İnsan həyatı təhlükədədir. Rejimin mənə görə həbs edib, girov götürdüyü qaynım Elnur Seyidovun həyatına real təhlükə yaranıb. Elnur 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Ağır xəstədir. Uzun illərdir ki, dağınıq sklerozdan əziyyət çəkir. Ancaq həyatına budəfəki təhlükə xəstəlikdən deyil. Elnur ailəsinə zəng edib və açıq mətnlə bildirib ki, onu ölümlə hədələyirlər: “Hədə realdır və mən 10 dəqiqədən sonra yenidən zəng etməsəm, bilin ki, hədəni realllaşdırıblar”.

Bu zəngdən sonra Elnur daha zəng etməyib. Ona görə də bu barədə açıq yazmalı oldum. Qaynımın həyatına yaranmış real təhlükədən ictimaiyyəti xəbərdar edirəm.

Dostlar, mən bilirəm ki, bu ölkədə paqon altında gizlənmiş cinayətkar dəstələr indiyə qədər də həm cəzaçəkmə müəssisəsində, həm də azadlıqda çoxlarını öldürüblər, qanını da batırıblar. Elnuru da öldürə bilərlər, ancaq qanını batıra bilməzlər. Çünki Elnur Seyidovun həyatına görə dövlət başçısı İlham Əliyev şəxsən məsuliyyət daşıyır. İlham Əliyev bu qətli durdurmalıdır!”

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir