Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Nardaran hadisələrində həbs edilənlərin məhkəməsi davam edib

Nardaran hadisələrində həbs edilənlərin məhkəməsi davam edib -  ÖZƏT

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə, hərəkatın 16 üzvü və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 Məhkəmənin əvvəlində bildirilib ki, dövlət ittihamını müdafiə edən iki prokurorlardan biri – Elçin Məmmədov məzuniyyətə getdiyindən, onu Ramin Nağdəliyev əvəz edəcək.
Prosesin davamında təqsirləndirilənlərdən Abbas Tağızadə, Cabbar Cabbarov, Cahad Babakişizadə dövlət hesabına onlara təyin olunmuş vəkillərdən imtina etdiklərini və ailə üzvləri vasitəsi ilə özlərinə vəkil tutacaqlarını qeyd ediblər.
Prosesdə Tale Bağırzadə söz istəyərək mətbuatda onlar barəsində yazılanlarla bağlı çıxış edib.
O, terrorçu kimi təqdim olunmalarına etiraz edib və məhkəmədən bu qanunsuzluğun qarşısının almasını istəyib.
“Xahiş edirəm, məhkəmə bizə qarşı bu cür qanunsuzluqların qarşısının alınması barədə göstəriş versin”- deyə T.Bağlrzadə çıxışında qeyd edib.
Hakim Əlövsət Abbasov T.Bağırzdənin çıxışına münasibət bildirib. Hakim deyib ki, məhkəmənin KİV-lərə göstəriş vermək səlahiyyəti yoxdur. Ancaq təqsirləndirilən şəxslər vəsatət qaldırarsa, prosesin qapalı keçirilməsinə baxıla bilər.
Bundan sonra təqsirləndirilən şəxslər ifadə verib. Etibar İsmayılov Nardaran hadisələrinin necə baş verməsi haqda danışıb.
“Həmin gün ehsan verirdik… Bizim heç birimizdə silah olmayıb. Bunu prokuror, müstəntiq də yaxşı bilir. Silah səsləri eşitdim, evin qapısından çıxanda məni tutub mətbəxə atdılar. Döyüb maşına apardılar… Biz hamımız təzyiq altında sənədləri imzalamışıq. Gözlərim zəif görür, veriblər ki, imzala”, -deyə o ifadəsinə qeyd edib.
Təqsirləndirilən şəxsin vəkili Nemət Kərimli bildirib ki, müvəkkilindən qanunsuz yolla alınmış ifadə sübut sayıla bilməz və cinayət işinə xitam verilməsi üçün əsasdır.
Vəsatət baxılmamış saxlanılıb.
Digər təqsirləndirilən Bəhruz Əsgərov da işgəncələrə məruz qaldıqlarını iddia edib.
O, hadisə zamanı güllə yarası da aldığını bildirib.
 
Təqsirləndirilən şəxslərdən Balayev Fərhad da dindirilib. O, yaralıları xəstəxanaya apararkən tutulduğunu deyib. “Ölənlərdən Sarvan qohumumdu, yolda qan itirmədən öldü, xəstəxanada onu meyitxanaya təhvil verdim. Orda məni tutdular”.
F.Balayev sualları cavablandırarkən qeyd edib ki, “Müsəlman Birliyi” Hərəkatının üzvü olmayıb.
Təqsirləndirilən Şamil Abduləliyev də prosesdə ifadə verib. Ş.Abduləliyev bildirib ki, hadisə zamanı biri qarnından, ikisi də ayağından olmaqla, üç güllə yarası alıb və güllələrin ikisi hələ də bədənindədir. O, ifadəsində onlara qarşı irəli sürülən ittihamlarla razı olmadığını deyib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir