Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Gündəm Hadisə İctimai İnsan haqları Müsahibə Siyasət Xəbərlər

Eynulla Fətullayev yaydığı səs yazısına görə məhkəmədə Əvəz Zeynallıyla üz-üzə gəldi

“Haqqin.az” saytının baş redaktoru Eynulla Fətullayev “Xural.com” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının məhkəməsində dindirilib. O, Ə.Zeynallıya qarşı rüşvətalma ittihamıyla bağlı ifadə verib.

Məsələ burasındadır ki, Zeynallı ötən ilin sentyabrında Fətullayevin yaydığı səs yazısından sonra prokurorluqda başlanmış araşdırma nəticəsində həbs olunub. Sözü gedən səs yazısı “Xural.com” rəhbərilə vəkil Elçin Sadıqov arasındakı danışıqdan ibarət idi.

“Dedi ki, Əvəz Zeynallı ilə yaxınam…”

Oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən E.Fətullayev deyir ki, dostu – “Baku Steel Company” MMC-nin (poladəritmə zavodunun) keçmiş rəhbəri Rasim Məmmədovun həbsindən sonra vaxtilə özünün müdafiəçisi və isti münasibətləri olan Elçin Sadıqovun vəkil tutulmasını onun ailəsinə təklif etmişdi:

“Bir gün Elçin Sadıqov mənə dedi ki, Əvəz Zeynallı özünün “YouTube” kanalında Rasim Məmmədov haqqında təhqiramiz fikirlər işlədir. Bundan Mehriban xanım (Rasim Məmmədovun həyat yoldaşı) çox narahatdır. Elçin Sadıqov dedi ki, Əvəz Zeynallı ilə yaxınam, mən həll edəcəyəm”.

Onun sözlərinə görə, sonradan vəkil deyib ki, Ə.Zeynallı elə materialları dayandırmaqdan ötrü 20 min manat pul tələb edir. E.Fətullayev iddia edir ki, həbsdə olan işadamının xanımı Mehriban Məmmədova 20 min manatı E.Sadıqov vasitəsilə Ə.Zeynallıya göndərib.

Jurnalist deyir ki, bir müddət keçəndən sonra “Xural”ın efirində Ə.Zeynallı yenidən Rasim Məmmədov haqqında təhqir xarakterli fikirlər səsləndirib. Bundan dərhal sonra vəkil E.Sadıqova zəng edərək, pulun geri qaytarılmasını istəyib:

“Mənim zəngimdən sonra Elçin Sadıqov Mehriban xanıma Əvəz Zeynallı ilə aralarında olan danışığın səs yazısını atıb. O da mənə göndərdi. Pulu qaytarmağına 1 saat vaxt qoymuşdum. O müddətdə qaytarılmadı, ona görə mən də o səsi yaydım…”.

Ə.Zeynallı E.Fətullayevdən soruşub ki, onunla münasibətləri olduğu halda, niyə dostuna aid məsələni ondan soruşaraq, 20 min manat məsələsini dəqiqləşdirməyib?

O da cavabında bildirib ki, iki mənbədən – vəkil və dostunun həyat yoldaşından bunu öyrəndiyindən, ona zəng etməyib.

“Səsyazısı vardısa, niyə istintaq onu ortaya çıxarmadı?”

Ə.Zeynallı həbs olunmasına görə E.Fətullayevi günahlandırıb: “Məni bura saldırmısan…”.

Qarşı tərəf onun ittihamıyla razılaşmayıb: “Sən özün özünü ora salmısan…”.

Ə.Zeynallının fikrincə, E.Fətullayevin özü onun “Xural” kanalında R.Məmmədov haqqında səsləndirdiyi fikirlərə qulaq asmayıb:

“Siz heç bilmirsiniz ki, mən orada nə demişəm. Amma deyirsiniz ki, guya təhqir eləmişəm. Mən heç kimi təhqir eləmirəm. İstintaqdakı ifadənizdə demisiniz ki, Elçin mənim səsimi yazıb, pulu alıb Rasim Məmmədov haqqında danışmayacağımla bağlı sövdələşməyə getməyim barədə. Guya Elçin sizə deyib. Elə səs yazısı vardısa, niyə istintaq onu ortaya çıxarmadı?”.

Ə. Zeynallı R.Məmmədovun ailəsiylə heç bir sövdələşməyə getmədiyini, pul almadığını deyir.

Azadlıq Radiosu

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir