Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Qərblə bazarlıq sevdası

 

Siyasi auksioan yenidən reallaşır

 

Azərbaycan hakimiyyəti ABŞ-da keçiriləcək Nüvə Sammitinə “ev tapşırığı” ilə gedir. Siyasi məhbusların önəmli hissəsini azad edən iqtidar Qərblə yenidən yaxınlaşa biləcəyinə ümid bəsləyir. Bir sözlə, siyasi auksioan yenidən reallaşır. Azərbaycanın Qərblə bazarlığa getməsi üçün imkanları kifayət qədər böyükdür. İranla sərhədlərimizin təhlükəsizliyinin bərpa edilməsi birbaşa ABŞ-ın marağındadır. Qərb enerji sahəsində Azərbaycanı mühüm tərəfdaşı kimi görür. Bu baxımdan son zamanlara qədər Qərb avtoritar rejimləri müdafiə edirdi. Lakin Azərbaycan hakimiyyətinin yanlış diplomatik siyasəti həyata keçirməsi zaman-zaman Qərbin və digər qüvvələrin təzyiqinə gətirib çıxarırdı. İndi isə Bakıdan seçim etməsi tələb edilir. Deyilənləri nəzərə alsaq deyə bilərik ki, siyasi məhbuslar problemi həll edilməsəydi, Azərbaycanla bağlı ciddi sanksiyalar meydana çıxa bilərdi. Artıq manevr imkanları məhdudlaşırdı və bəlli idi ki, gec-tez beynəlxalq aləm tərəfindən edilən təzyiqlər öz nəticəsini verəcək. “Qərbin Azərbaycandan ala bilməyəcəyi nəsə qalıbmı”, – sualı da aktual olaraq qalır. Məsələ ondadır ki, Qərbin Azərbaycandan ala bilmədiyi çox nəsnə qalıb. Bu gün Azərbaycan enerji layihələrində Qərbin tərəfdaşı olsa da, digər məsələlərdə ABŞ və müttəfiqləri Bakının Avropa ilə əməkdaşlığa sadiq qalacağına əmin deyillər. Bakı hələ də Moskvanı narazı salmaq istəmir. Bu gün Rusiya öz qoşunlarının İranla Azərbaycan sərhədinə yeritmək istəyir. Qərb bunun reallaşıb-reallaşmayacağına birmənalı olaraq cavab verə bilmir. Qərb tərəfindən həyata keçirilən təzyiqlər də məhz bununla bağlıdır. Digər tərəfdən, regiondakı sabitliyin qorunması, enerji layihələrinin davamlılığı üçün Qərbə Qarabağ problemini tezliklə həll edilməsi lazımdır. Ona görə də Qərbin Azərbaycandan ala bilmədiyi məsələlər həddən ziyadədir. Azərbaycanın Qərbə reverans etməsi onu deməyə əsas verir ki, Rusiya da Bakı ilə münasibətlərində taktikasını dəyişə bilər.

Son zamanlar “Qarabağ müharibəsi”nin yenidən alovlana biləcəyi ehtimalı geniş müzakirə edilir. Azərbaycan iqtidarı lokal müharibədə kiçik qələbə, bir neçə rayonun qaytarılmasına nail ola bilərsə, öz rəqiblərinə sarsıdıcı zərbələr vura bilər. Proseslərin təhlili də onu göstərir ki, Azərbaycan Kreml tərəfindən müharibəyə sövq edilir. Müharibə isə Qərbin maraqlarına cavab vermir. Ən azı enerji daşıyıcılarının təhlükəsizliyi baxımından Qərb buna razı ola bilməz. Rusiya isə irimiqyaslı deyil, lokal müharibədə maraqlıdır. Tərəflərə təzyiqini saxlaya bilməkdən ötrü Moskvaya status kvonun saxlanılması daha önəmlidir. Odur ki, irimiqyaslı hərbi əməliyyatlardan söhbət gedə bilməz. Düzdür, rəsmi Bakı bütün cəbhə boyunca müharibəyə başlamağa şirnikləndirilə bilər. Lakin Rusiyanın öz forpostu olan Ermənistana yardım etməyəcəyinə heç kəs zəmanət verə bilməz. Bu baxımdan, hərbi müttəfiqi olan Ermənistanı müdafiə etməkdən ötrü Rusiya son nəticədə Azərbaycanı sülhə vadar edə bilər. Bundan sonra isə rəsmi Bakı separatçı “DQR”-nin şərtlərini qəbul etməyə məcbur edilə bilər. Hər halda rəsmi Bakı bunu hesablayır və odur ki, irimiqyaslı müharibənin başlana biləcəyi ağlabatan deyil.

 

Nəzərə alsaq ki, Rusiya xüsusi xidmət orqanları MDB məkanında hələ də “at belində”dirlər, istisna edilmir ki, siyasi qətllər seriyası keçmiş SSRİ respublikalarını, o cümlədən Azərbaycanı da öz ağuşuna ala bilər. Azərbaycanı qarışdırmaq, xaos yaşayan ölkəyə qoşun yeritmək Putinin planlarından biri ola bilər. Ruslar hər an Azərbaycana daxil ola bilərlər. Xəzər vasitəsilə, Dağlıq Qarabağ ərazilərindən, ölkənin şimalından, havadan, qurudan, ağlına gəldiyi hər yerdən ölkəmizə hərbi müdaxilə edə bilərlər. Demokratiya paytaxtları isə “rus ayısı”nın qarşısında acizlik nümayiş etdirir, iqtisadi sanksiyalarla Kremli durdurmağa çalışırlar, Putin isə sağa və sola atəşlər yağdırmaqla təzyiqlərə cavab verir.

 

Putindən məntiqi addımlar gözləmək mümkün deyil. Dünyanı işğalla hədələyən, xalqlar və ölkələr üçün terror beşiyi olan Moskvanı cəzalandırmaq zamanın tələbidir. Prinsip etibarilə, Putin demokratik sivilizasiyanın sonunu yaxınlaşdırır. Putin qana susayıb. Terror, işğal onun üçün bir həyat normasına, bir mövcudluq tərzinə çevrilib. Bu baxımdan, Moskvanın Azərbaycanda terror həyata keçirə bilməsi ehtimalı da nəzərdən keçirilməlidir. Odur ki, yaxın zamanlarda Azərbaycanda faciələr yaşana biləcəyi ehtimalı meydana çıxır. Bunu istənilən xarici kəşfiyyat orqanı və yaxud ölkədəki qruplaşma həyata keçirə bilər. İstər aparıcı müxalifət partiyasının lideri, istərsə də aparıcı jurnalistlər sui-qəsdlə üzləşə bilər. Bunun qarşısını almaq üçün isə Qərblə daha sıx əməkdaşlıq prioritet təşkil etməlidir…

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir