NHK Azərbaycanda fəal Rüstəmovu azad etməyə çağırıb
Norveç Helsinki Komitəsi (NHK) Azərbaycan hakimiyyətini uzun müddətdir aclıq edən fəal Saleh Rüstəmovu həbsdən azad etməyə çağırıb.
“Saleh Rüstəmov, Azərbaycanın görkəmli siyasi məhbuslarından biri bir həftədən çoxdur həbsxanada azad edilməsi tələbi ilə aclıq edir. Ailə üzvləri və vəkilləri son günlər onun səhhətinin kəskin şəkildə pisləşdiyini bildirirlər. Siyasi motivli həbsinə etiraz edən Rüstəmov ölənə və ya azad edilənə qədər aclığı davam etdirəcəyini bildirib”, deyə təşkilatın Facebook səhifəsində dərc edilmiş bəyanatında bildirilir.
Rüstəmov 2019-cu ildə siyasiləşdirilmiş ədalətsiz məhkəmə prosesi nəticəsində uydurma qanunsuz sahibkarlıq və narkotik cinayətləri ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycan hökuməti bu ittihamlardan çox vaxt hökuməti tənqid edən fəalların qanunsuz həbsi üçün istifadə edir, deyə sənəddə bildirilir.
İttihamlar Rüstəmovun siyasi məhbus ailələrinə yardım üçün vəsait toplaması haqqında iddialardan irəli gəlir. “Həbsdən sonra polis 17 gün Rüstəmovun ətraf mühitlə əlaqə yaratmaq və bir ay ərzində vəkillə görüş imkanından məhrum edib. Məhkəmədə o, dindirilmə zamanı polislərin bir neçə gün onu amansızca döyməsindən və təqsirini etiraf etməsi üçün ona təzyiq göstərməsindən danışıb. Amansız davranış və həbsdə saxlanılması haqqında şikayətlərlə bağlı heç bir araşdırma aparılmayıb”, deyə Norveçli hüquq müdafiəçiləri qeyd edirlər.
NHK hüquq müdafiə qruplarının və fəalların Azərbaycan hökumətinə Rüstəmovu dərhal və qeyd-şərtsiz azad etmək çağırışlarına qoşulur.
“Hökumət Rüstəmovun ədalətsiz və əsassız həbsini davam etdirməməli və onun həbsdə yavaş-yavaş ölməyini müşahidə etməməlidir”, deyə NHK-nin bəyanatında qeyd edilir.
* AXCP tərəfdarı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və “AXCP-nin qanunsuz maliyyələşdirilməsi” işi üzrə 7 il 3 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan Ali Məhkəmə onun cəza müddətini 2 ay azaldıb. Noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclıq aksiyasına başlayıb.