Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Hacı Fərahim qardaşımız tam sağlam idi, onu maşında döyə-döyə öldürdülər…”

Fuad Tale

“Əgər bizdə silah olubsa, Quran bizə qənim olsun. Əks halda, bu ssenarini quranlara, günahsız adamları qətlə yetirən, işgəncə verənlərə qənim olsun”

Tale Bağırzadə: “Günahsız qardaşlarımızın da, o iki polisin də ölümü Daxili İşlər Nazirliyinin üzərindədir”

“Hacı Fərahim qardaşımız tam sağlam idi, onu maşında döyə-döyə öldürdülər…”

Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və daha 16 nəfərin mühakimə olunduğu “Nardaran işi” üzrə məhkəmə istintaqı başlayıb.

Məhkəmə prosesini izləməyə gələnlər arasında təqsirləndirilən şəxslərin yaxınları, ölkənin demokratik ictimaiyyətinin nümayəndələri, o cümlədən AXCP sədri Əli Kərimli, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, ABŞ səfirliklərinin təmsilçiləri də vardı.

“Məlikməmmədin nağılı bundan daha maraqlıdır”

Məhkəmə iclasında əvvəlcə prokuror ittiham aktını elan edib. İttiham aktında yazılıb ki, Tale Bağırzadə tərəfdarlarını toplayaraq, mütəşəkkil dəstə yaradıb, hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusion quruluşunu dəyişməyə yönəlik çağırışlar edib, dəstə üzvlərinə terror aktlarının törədilməsinə dair qanunsuz göstərişlər verib.

Məhkəmə qarşısına çıxarılan 18 nəfərdən Fuad Qəhrəmanlı istisna olmaqla, digərlərinə qarşı CM-nin 20-dən artıq maddəsilə ittiham irəli sürülüb. Onların arasında qəsdən adam öldürmə, kütləvi iğtişaşların təşkili, terrorçuluq və s. ittihamlar var. İş materiallarında yazılıb ki, bu şəxslər həbs olunarkən onların hər birinin üzərindən əl qumbarası, avtomat, tapança, patronlar götürülüb.

Fuad Qəhrəmanlı isə dövlət əleyhinə açıq çağırışlar etməkdə, milli, irqi, dini nifrət və düşçənçiliyin salınmasında ittiham olunur. Qeyd olunub ki, Fuad Qəhrəmanlı 2015-ci ilin sentyabrından dekabrınadək “facebook” səhifəsində yazdığı statuslarda Azərbaycan hakimiyyətini Yezidə, günahkar gücə bənzədib, xalqı və müxalifəti nardaranlılara, o cümlədən Tale Bağırzadə və onun tərəfdarlarına dəstək verməyə, İmam Hüseyn kimi şəhid olmağa çağırıb.

Məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasov təqsirləndirilən şəxslərdən ittihamları qəbul-etmədiklərini soruşarkən onların cavabları belə olub: “İttiham aktında yazılanlar ssenaridir”, “Məlikməmmədin nağılı bundan daha maraqlıdır”, “polisləri də özləri öldürüblər, imkan verin, sübut eləyək”… Fuad Qəhrəmanlı isə ittiham aktını “dövlət adından hazırlanmış siyasi repressiya aktı” adlandırıb və özünü qətiyyən təqsirli bilmədiyini deyib. Tale Bağırzadə də orada yazılanların cəfəngiyyat olduğunu bildirib.

Nardaran əməliyyatını MTN hazırlamalıydı, amma…

Ardınca təqsirləndirilən şəxslərin dindirilməsi mərhələsi başlayıb və ilk ifadə verən Tale Bağırzadə olub. O bildirib ki, noyabrın 26-da Nardaranda əslində nə baş verdiyi bilmək üçün ondan əvvəlki hadisələri nəzərdən keçirmək lazımdır. Ötən il noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərində yol verilən pozuntularla əlaqədar Müsəlman Birliyi Hərəkatı olaraq, seçkinin nəticələrini tanımadıqlarını və bu barədə bəyanat yaydıqlarını deyən ilahiyyatçının sözlərinə görə, bundan sonra parlamentdə onların cəzalandırılmasına dair fikirlər səslənib: “Saxtakarlıqla, korrupsiya ilə formalaşdırılan bir orqanı Milli Məclis adlandırmağa da adamın dili gəlmir. Görünürdü ki, hakimiyyətin əsəbləri tarıma çəkilib. Bunun nəticəsi olaraq, noyabrın 2-də məni Yasamal Rayon Polis İdarəsinə çağırdılar. Ondan əvvəl də MTN-ə çağırmışdılar. MTN-də məni Antiterror Mərkəzinin rəis müavini, sonradan Kürdəxanı türməsində özünü asan İlqar Əliyev qəbul eləmişdi. İlqar mənə dedi ki, “onsuz da ölkədə vəziyyət pisdi, devalvasiya-filan, siz də adamları qaldırmayın”. Sonradan bildim ki, Nardaran əməliyyatını MTN hazırlamalıydı, sadəcə, MTN ətrafında məlum hadisələr baş verdi və bu işi Daxili İşlər Nazirliyi görəsi oldu.

“Əli Həsənov xəbər göndərmişdi ki, bunlar Allahşükürün işləridi”

Yasamal polisində məni idarənin yeni rəisi, Səttar Mehbalıyevin oğlu İsfəndiyar Mehbalıyevin yanına apardılar. O, mənə qarşı fiziki zor tətbiq elədi. Amma sonra buraxdılar. Anladım ki, bunlar bizi təxribata çəkmək istəyirlər, gözləyirlər ki, mənə qarşı elədiklərinə görə biz ayağa qalxaq. Amma mən əksini elədim. Məsələni qanun müstəvisində həll eləmək üçün zorakılıqla əlaqədar prokurorluğa şikayət elədim. Gördülər biz tərəfdən heç kim ayağa qalxmır, üç gün sonra – noyabrın 5-də Sabunçu təxribatını törətdilər. Müavinim Elçin Qasımovu evindən oğurlayıb apardılar, “toka” verdilər. Elçin Qasımovun müdafiəsi üçün idarənin qarşısına gedən dinc adamlara qarşı məqsədli şəkildə təxribat yaratdılar. Noyabrın 7-də telekanallarda, xüsusən Fətullah Gülənin kanalı olan “Xəzər TV”də bizi İŞİD və digər terror təşkilatı, onların liderləri ilə müqayisə edirdilər. Guya, biz terrorçuyuq.

Bundan sonra Əli Həsənov və Kamal Abdullaya yaxın olan bir QHT rəhbəri yanıma gəldi. Bildirdi ki, Əli Həsənov deyir, bütün bunlar Allahşükürün işləridi. Həmin adama dedim ki, Azərbaycanda televiziya məkanına Əli Həsənov özü başçılıq edir. Mənə qarşı zorakılıq edən İsfəndiyar Mehbalıyev Əli Həsənovun qudasının oğludur”.

“Bizi ömürlük həbsə atmaq üçün ssenari düzüb-qoşublar”

Tale Bağırzadə deyir ki, Nardaran əməliyyatı Prezident Aparatının mətbəxində hazırlanıb: “Mən bunu “dəvəquşu əməliyyatı” adlandırıram. Başlarını quma salıblar, bədənlərindən xəbərləri yoxdur. Bütün ictimaiyyət, beynəlxalq təşkilatlar gördü ki, Əli Həsənov da daxil olmaqla, Prezident Aparatındakıların hazırladığı ssenari nə qədər primitivdi”.

Nardarana getməsinin səbəblərindən danışan ilahiyyatçı bildirib ki, Milli Qəhrəman Mübariz İbrahimovun ölümünün ildönümü mərasimində ona qarşı təxribat hazırlandığı barədə məlumat alıb. Ona görə də mərasimdə iştirak etməmək və ümumiyyətlə, bir müddət şəhərdən uzaqlaşmaq qərarı verib: “Biz təxribata getmirdik. Çünki mübarizəmiz dinc, sivil olub. Heç bir xarici qurumla bağlılığımız olmayıb. Bunları da təlaşlandıran elə bu idi. Bizi ömürlük həbsə atmaq üçün ssenari düzüb-qoşublar. Amma onu unutmasınlar ki, özləri də ömürlük hakimiyyətdə qalası deyillər. Bizim mübarizəmiz isə həbsdə də davam edir. Seçib iki dindar polisi, dinc adamları öldürdülər. Əgər günahımız varsa, biz, yoxdursa, o zaman bu hadisələri törədənlər, bu maddələri bizə verənlər şərəfsiz, alçaqdılar. Mənim heç bir çıxışımda silahlı çevrilişə çağırış barədə bir kəlmə də yoxdur. Mən həbsdən çıxandan sonra verdiyim müsahibələrdə, çıxışlarımda bildirmişəm ki, Azərbaycanda islam dövləti qurmaq qeyri-mümkündür. Hə qədər həyasız olmalısan ki, bunun əksini yazasan. İstintaqı aparanlar o qədər savadsızdılar ki, 12-ci İmam duası eləməyimi çevrilişə cəhdin sübutu kimi təqdim ediblər. Bu gün Allahşükür, digər saray mollaları da bu duanı oxuyur, indi onları da tutmaq lazımdır?!

Qurana and içirik ki, bu maddələrin heç birinin bizə aidiyyəti yoxdur. Əgər bizdə silah olubsa, Quran bizə qənim olsun. Əks halda, bu ssenarini quranlara, günahsız adamları qətlə yetirən, işgəncə verənlərə qənim olsun. Qoy gəlsinlər, burada Qurana and içsinlər ki, bizdən silah çıxıb. Əlimi Qurana basaram ki, günahsız qardaşlarımızın da, o iki polisin də ölümü Daxili İşlər Nazirliyinin üzərindədir”.

“Maşına mindirəndə dəhşətə gəldim, cəsədləri, üz-gözü qan adamları tapdalayırdılar”

İlahiyyatçı cinayət işinin materiallarında olan “Hacı Tale Bağırzadənin müraciəti” adlı kitabçadan da danışıb: “Yazıblar ki, guya, o kitabça hamımızın evimizdən çıxıb. Yalandır. Ümumiyyətlə, belə bir kitabça olmayıb. Onu 26 noyabrdan sonra özləri hazırlayıblar. Eşitdiyimə görə, hüquq müdafiəçisi adlandırılan bəziləri artıq-əskik danışıblar. Heç kim artıq danışmasın, həqiqəti bilmək istəyirsə, bu məhkəməyə gəlsin. Düzdür, bu məhkəmənin sonda hadisələrə obyektiv qiymət verəcəyinə inanmıram. Amma ən azı, burada həqiqət üzə çıxır. İnanıram ki, bizim mübarizəmiz nəticəsini verəcək, bir gün bu hakimiyyət bu elədiklərinə görə qanun qarşısında cavab verəcək. Biz ianı toplayıb, uşaq evlərinə, kasıb ailələrə yardım edirdik. Təsəvvür edin, uşaq evinə yardım aparmışıq, ertəsi gün MTN ora basqın edib ki, niyə bunları içəri buraxmısız”.

Tale Bağırzadə həbs olunub aparılarkən maşında, ondan sonra da Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində həm özünün, həm də digər yoldaşlarının işgəncəyə məruz qalmasından da danışıb: “Bütün ifadələr işgəncə altında alınıb. Məni “bandotdel”də döyəndə deyirdilər ki, deyirdin, arxanda Allahın var, bəs nə oldu? Mən də ona cavab verdim ki, məni saxlayan Allah var ki, sənin kimisinin qarşısında sınmıram. 26 noyabrda biz namaz üstündə idik. Küçədən silah səsləri gəldi. Qara maskalılar güllə ata-ata içəri hücum elədilər. Mebel maşınları ilə gəlmişdilər. Məni qandallayıb mebel maşınına mindirəndə dəhşətə gəldim. Cəsədlər, üz-gözü qan olan adamları tapdalayırdılar. Hacı Fərahim qardaşımız tam sağlam idi, onu maşında döyə-döyə öldürdülər. Məni maşına atandan sonra əllərindəki silahların arxası ilə başıma, üz-gözümə vururdular, elə orada burnumu sındırdılar. Aparıb bizi “bandotdel”də yerə atıb təpikləyirdilər. Üç gün özümdə olmadım. Hətta prokurorluğun müstəntiqi gəlib məni görəndə onlara dedi ki, “daha bu qədər də eləməyin də… “Dubinka” ilə ayağımın altına o qədər vurmuşdular ki, gəzə bilmirdim”.

Tale Bağırzadə vurğulayıb ki, onların heç birində silah olmayıb: “İşgəncə verib yalan ifadə almaqla deyil, ortaya çübut qoysunlar. Hanı əməliyyatın çəkilişi? Bizim üstümüzə qoyduqları silahlarla Qarabağı almaq olardı. Əgər biz o evdə dövlət çevrilişi hazırlayırdıqsa, orada qadın, körpə uşaqlar nə gəzirdi? Nə qədər vicdansızdılar ki, hücum zamanı avtomatı uşaqlara da tuşlayıblar. Əvvəl başladılar ki, İrana işləyirsiz, sonra Milli Şuraya keçdilər, axırda da dedilər ki, imkanlı adamların adlarını de bizə”.

“Dedilər ki, Milli Şuranın əleyhinə ifadə versən…”

İlahiyyatçının sözlərinə görə, Müsəlman Birliyi Hərəkatı 2015-ci il yanvarın 13-də təsis olunub. Həmin vaxt özü həbsdə olub. Təşkilatın yaranma məqsədinin milli iradənin ifadəsi olduğunu deyən Tale Bağırzadə qeyd edib ki, qurumun dövlət qeydiyyatına alınması üçün üç dəfə sənədlər Ədliyyə Hazirliyinə təqdim olunsa da, hər dəfə geri qaytarılıb.

Tale Bağırzadə “bandotdel”də ona Milli Şuraya qarşı ifadə verəcəyi təqdirdə verilən vəddən də danışıb: “26 noyabrda məni o qədər döymüşdülər ki, üç gün özümdə olmadım. Üç gün sonra çağırdılar ki, maddəni yüngülləşdirəcəyik, sən sadəcə, yaz ki, bizim arxamızda Milli Şura, Nardaran hadisələrinin arxasında Cəmil Həsənli, Əli Kərimli dayanır. Üstəlik, bunu da dedilər ki, onlar ABŞ-a işləyir, sizi istəmirlər. Cavabında dedim ki, mənim damarımda kişi qanı axır, nəinki onların, heç sizin də üzünüzə dura bilmərəm. Onda gərək mən yaşamayım. “Bandotdel”də “Şrek” ləqəbli biri var, vahiməli biridi, bundan sonra o, otağa girdi, başladı döyməyə. Üç gün ağlasığmaz işgəncələr verdilər. Elə mənəvi işgəncələr verirdilər ki, sonra özümə bir şey eləyəcəyimdən qorxub yanıma adam salırdılar. Hiss eləyirdim ki, Milli Şuranı bu işə qoşmaq istəyirlər. Bu alınmayanda Leyla Yunus həbsdən buraxılan gün Fuad Qəhrəmanlını tutdular. Ondan sonra bu məsələ qapandı. Əgər mən istədikləri ifadəni versəydim, Cəmil Həsənli, Əli Kərimli və Fuad Qəhrəmanlını tutacaqdılar”.

“Elə vəziyyətə salmışdılar ki, sanksiya üçün məhkəməyə aparanda yeriyə bilmirdim”

Digər təqsirləndirilən Abbas Hüseynov bildirib ki, məhkəmədən ədalətli nəticə gözləmir. Ona görə də məhkəmə üçün yox, əslində nə baş verdiyinin ictimaiyyətə bəlli olması üçün ifadə verir. O, ifadəsində ittihamların qondarma olduğunu bildirib, işgəncəyə məruz qalmasından danışıb. Əməliyyat zamanı yaralandığını deyən Abbas Hüseynov qeyd edib ki, uzun müddət, hətta yaxınları belə, onun sağ olduğunu bilməyib. Çünki onun öldüyü barədə yalan məlumat yayılıb: “İşgəncələrlə bağlı Zakir Qaralova məktub yazmışam. Mənə cavab gəlib ki, “sizi tutarkən heç əlinizi qandallamayıblar, öz xoşunuzla ifadə vermisiz”. Təsəvvür edin, nə qədər şərəfsizdilər ki, bizi tutub maşında aparanda maskalılardan biri Əkbər qardaşımızın cəsədini göstərib deyirdi ki, “bunun qarnına güllələri mən doldurmuşam”. Məni gecədən səhərə qədər əli qandallı vəziyyətdə, başıma torba keçirib döyürdülər. Məcbur eləyirdilər ki, tutulanların əleyhinə ifadə verim. Məni elə vəziyyətə salmışdılar ki, sanksiya üçün məhkəməyə aparanda yeriyə bilmirdim, zombi polislərdən ikisi qoluma girib aparırdılar. Çirkinliklərini ört-basdır eləmək üçün məhkəməyə aparanda paltar, ayaqqabı alıb geyindirdilər. Dövlət hesabına təyin olunan vəkil, hakim bir soruşmadı ki, bu adamın üz-gözü niyə bu gündədi?”

Abbas Hüseynov deyir ki, həbsindən əvvəl Yasamal RPİ-nin rəisi İsfəndiyar Mehbalıyev onun anasını çağıraraq, oğlunun başına oyun açılacağı ilə hədələyib.

“Cahangir Hacıyev mənə verilən işgəncələrə şahiddi”

Abbas Hüseynov ona verilən işgəncələrlə əlaqədar Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin şahid qismində məhkəmədə dindirilməsini istəyib: “Çünki həmin vaxt o da “bandotdel”də idi və mənə verilən işgəncələri, bədənimdəki xəsarət izlərini görüb”.

Tale Bağırzadə də Abbas Hüseynovun dediklərini təsdiqləyib: “Bandotdel”də qardaşlarımızın işgəncədən qışqırtıları məni narahat edirdi. Abbasın da səsini eşitdim, müstəntiqə dedim ki, Abbası çağırın, ona deyəcəm ki, tələb olunan ifadəyə qol çəksin. İnsanları öldürmək olmaz, gecə səhərə qədər qışqırıq səsləri gəlirdi”.

Abbas Hüseynovun sözlərinə görə, yanvar ayında ondan işgəncə altında istədikləri ifadəni alandan sonra evlərilə telefonla əlaqə saxlamasına imkan verilib: “Bu hakimiyyətin əli nə qədər insanın qanına batıb. Bu cür hakimiyyəti necə müdafiə edirsiz?”

Məhkəmə prosesi avqustun 4-də digər təqsirləndirilən şəxslərin ifadələrilə davam edəcək.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir