Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Gündəm Hadisə İctimai Siyasət Xəbərlər

Qarabağ müharibəsinin qazancları qorunmalıdır

Türkiyənin keçmiş xarici işlər naziri Yaşar YAKIŞ Turan Agentliyi üçün xüsusi olaraq

Dağlıq Qarabağ problemini həll etməmək üçün Minsk Qrupunun 26 il gözləməsinə baxmayaraq,bu müddətdə Azərbaycan vaxtı boş keçirməyərək hərbi potensialını gücləndirmək üçün mühüm addımlar atmış,vaxtdan səmərəli istifadə etmişdi.Ordusunu həm silah-sursat həm də tədris baxımından müasir səviyyəyə gətirən Azərbaycan izlədiyi düzgün strategiya ilə 10 noyabr qələbəsini əldə etmiş və hərbi tarazlıq baxımından çox mühüm mövqeyə yüksəlmişdir.İndi müharibədə əldə edilmiş o qazancları qorumaq və möhkəmləndirmək vaxtıdır.  

Azərbaycan ordusunun önündə  Şuşanı azad edəndən sonra Xankəndinə daxil olmaq üçün  heç bir əngəl qalmayınca Rusiya hərbi əməliyyatların gedişinə müdaxilə etmişdir. Rusiya bu addımı sadəcə Xankəndinin Azərbaycan tərəfindən geri qaytarılmasının qabağını almaq üçün atmadı. Hərbi əməliyyatların əvvəlində Rusiya prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanı dəstəkləməyərək onun Qərbə meylli siyasətindən narahatlığını gizlətmirdi. Belə bir vəziyyətdə Vladimir Putin heç də rəğbət bəsləmədiyi Paşinyanın hərbi cəhətdən məğlubiyyətinə göz yuma bilərdi. Ancaq bunu etmədi.Rusiya dövlətini idarə edənlərin strateji refleksləri üstün gəldi.Rusiya özünün   Qafqazdakı təsirli rolunu davam etdirə bilmək üçün meydana çıxan fürsəti əldən vermədi və Dağlıq Qarabağı həll edilməyən bir konflikt şəklində saxlamaq siyasəti yürütməyə üstünlük verdi.   

Azərbaycan ordusu atəşkəsə razı olmayıb hərbi əməliyyatları davam etdirsəydi,nə ola bilərdi? Belə hallarda keçmişlə bağlı  reallıqdan uzaq bir çox  variant söyləmək mümkündür.Təbii ki,Xankəndini itirməmək üçün Ermənistan ordusu daha şiddətli döyüşlərə girə bilər və bu halda hər iki tərəf çox itki verərdi. Belə bir riskə gedilib-gedilməməsiylə bağlı ayrıca təhlil aparıla bilər.Bu savaşda Rusiya Azərbaycan torpaqlarında yenidən hərbi varlıq yaratmaq üçün meydana çıxan fürsətdən istifadə etdi. Təxminən 100 il əvvəl Stalinin Dağlıq Qarabağa Azərbaycan ərazisində muxtariyyət verməsindəki əsas niyyət Kremlin bu bölgədə öz hakim rolunu davam etdirmək istəməsiylə bağlı idi.Əlbəttə ki,regiondakı tarazlıqların 100 ildən sonra hansı vəziyyətdə olacağını Stalinin dəqiq şəkildə təxmin etməsi mümkün deyildi.Ancaq Ermənistan ilə Azərbaycan arasındakı münaqişələrin uzun tarixini nəzərə  alanda Stalinin o vaxt Rusiya üçün düz addım atdığını görürük. O, Azərbaycan ilə Ermənistanı münaqişə etdirmək və  bunun nəticəsində  Rusiya üçün oyunu qurmaq və idarə etmək yolunu açıq saxladı. 

Keçən ilin noyabrında Putin eyni şəkildə Rusiyanın Qafqazda hakim rol oynaması üçün meydana çıxmış fürsətdən yaxşı istifadə etdi.

Buradan məsələnin başqa bir mühüm tərəfinə keçmək istəyirəm ki,o da savaşda əldə edilmiş üstünlüyün Azərbaycan tərəfindən qoruna bilməsi problemidir. Bunlardan biri Laçın dəhlizi məsələsidir. Bir insanın Ermənistan ərazisindən çıxıb Azərbaycan ərazisindəki Dağlıq Qarabağa gedə bilməsi üçün  pasport və ya şəxsiyyət vəsiqəsi nəzarətindən keçməsi təbiidir.Hal-hazırda pasport nəzarətinin Rusiya hərbçiləri tərəfindən həyata keçirildiyini görürük. Çünki atəşkəsdən sonra Azərbaycan öz torpağı olan Dağlıq Qarabağa girişlərə Rusiyanın nəzarət etməsinə qarşı çıxmamışdır. Ancaq bu vəziyyətin atəşkəsdən bir müddət sonra da olsa gündəmə  gələcək olan sülh sazişi müzakirələrində də təsdiq edilməsi böyük səhv olar.Buna görə də Rusiyanın pasportlara və ya  şəxsiyyət vəsiqələrinə nəzarət etdiyi məntəqəsinən əvvəl və ya sonra mütləq Azərbaycanın da nəzarət məntəqəsi  olmalıdır. Çünki ora Azərbaycanın ərazisidir və bu işlərə Azərbaycanın  öz məmurları nəzarət etməlidir. Bundan başqa Ermənistandan Dağlıq Qarabağa giriş-çıxışlar üçün Rusiya tərəfindən Azərbaycanın nəzarətində olmayan bir pasport nəzarət məntəqəsinin açılmasıyla bağlı söhbətlər də gəzir. Bir dövlətin müstəqillik hüququna başqa bir ölkənin müdaxiləsi mənasını daşıyan belə bir yanaşma beynəlxalq hüquqda mövcud deyildir.  

Bu məsələ təkcə ölkəyə gələn-gedən insanlarla deyil həm də gətirilən əşyalarla da bağlıdır. Beynəlxalq hüquqda dövlətlərin bu səlahiyyətini məhdudladıran  heç bir konvensiya maddəsi yoxdur.Azərbaycanın dövlət orqanları bu hüququn pozulmasına əsla razılıq verməməlidir. Rusya öz sərhədlərini qanunlara görə çox ciddi şəkildə mühafizə etdiyinə görə,Azərbaycanın da bu hüququna  qarşı çıxması çətindir, buna hörmətlə yanaşmalıdır. İki ölkə  arasında sıx dostluq münasibətlərinin olduğunu nəzərə alsaq, Azərbaycan rəsmi dairələrnin  bu məsələni Rusiyaya izah edə bilməsi lazımdır. 

İkinci mühüm məsələ-erməni işğalından xilas edlməyən Dağlıq Qarabağ əraziləridir. Beynəlxalq hüquqa görə atəşkəs- problemin tamamilə həll edilməsi üçün tərəflərin müzakirə aparmalarına imkan verən mərhələdir. Ermənistan da daxil olmaq şərtiylə heç bir ölkə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğuna etiraz etmir. Buna görə də Azərbaycan hələ də işğal altında olan ərazilərin azad edilməsi məsələsini qətiyyən gündəmdən çıxarmamalıdır. Belə olmayan halda hərbi qələbənin verdiyi imkanlar müzakirə masasında itirilə bilər. 

Üçüncü məsələ- Rusiya “sülhməramlı qüvvələri”nin 5 ildən sonra Dağlıq Qarabağı və Azərbaycanı tərk etmələrinə dair problemdir.Rusiyanın Dağlıq Qarabağda öz hərbçiləri üçün tikdiyi binalar və kazarmalar orada uzun müddət qalacağına işarə edə bilər. Azərbaycanın bu məsələni daim gündəmdə saxlayaraq Rusiya “sülhməramlıları”nın Azərbaycandan çıxmasını vaxtında müzakirə etməyə başlaması lazımdır. Azərbaycan sazişdə 5 illik müddəti qəbul etdiyinə görə, Rusiyanın bu öhdəlikdə geri addım ataraq Azərbaycanı 5 ildən əvvəl tərk etməsini gözləməmək lazımdır və Azərbaycan bunu tələb edə bilməyəcəkdir. Ancaq Rusiya tərəfi  də Azərbaycanın razılığı olmadan orada 5 ildən çox qalmaq üçün təkid etməməlidir. Buna görə  Azərbaycan rəsmi dairələrinin 5 ildən sonra Rusiya “sülhməramlıları”nın Azərbaycanda davam etmələrinin gərək olmadığını daim gündəmdə saxlaması vacibdir. 

Dördüncü məsələ-Naxçıvanla Azərbaycan arasındakı nəqliyyat dəhlizinin açılmasıdır. Rusiyanın bu məsələdə cəhdlər etməsinə baxmayaraq, Ermənistan tərəfi öz müqavimətini davam etdirir. Buna görə Rusiya özünün İranla quru və dəmiryolu kommunikasiyasını bərpa etməyə üstünlük verir. Ancaq Naxçıvan ilə Azərbaycanı quru və dəmir yoluyla bir-birinə bağlaya biləcək  “Zəngəzur dəhlizi”nin açılması üçün görülməsi lazım olan işlər lazımi səviyyədə deyildir.   

Azərbaycan ərazisi olan Dağlıq Qarabağla Ermənistan arasındakı Laçın dəhlizinin Zəngəzur dəhliziylə müqayisəsi ortaya anormal bir tablo çıarır. Çünki Laçın dəhlizi bir ölkə ilə  başqa bir ölkə (Azərbaycanla Ermənistan) arasındakı gediş-gəliş üçündür və hal-hazırda Dağlıq Qarabağ ilə Ermənistan arasında başqa bir dəhlizin açılmasından söhbət getməsinə baxmayaraq, bir ölkənin iki ərazisi (Azərbaycanla Naxçıvan) arasındakı kommunikasiya xətlərinin açılmasına əngəllər törədilir. Azərbaycanın bu ziddiyyəti Rusiyaya izah etməsi lazımdır. Digər tərəfdən, Türkiyə və Azərbaycanın regional inkişafa xidmət edəcək olan Zəngəzur dəhlizi  layihəsinin Ermənistan üçün də faydalı olacağını bildirmələri  və bunu “hər iki tərəf mənfəət əldə etsin” prinsipiylə təqdim etmələri lazımdır.

Beşinci məsələ -minalarla bağlıdır.İşğal illərində Dağlıq Qarabağ ərazisində torpağa basdırılan minaların xəritəsini Ermənistan tərəfi Azərbaycana vermişdir. Ancaq Kəlbəcər və başqa bölgələrdə minaya düşərək həlak olanların aqibəti bu  məsələyə ciddi yanaşmaq lazım olduğunu göstərir. Ermənilərin verdiyi mina xəritələrini bir tərəfə qoyub o ərazilərin təmizlənməsi işini tender yoluyla ixtisaslaşmış bir şirkətə vermək və minaların o şəkildə təmizlənməsinə nail olmaq  necə olardı? Belə bir təşəbbüs  varlı  ölkə olan Azərbaycan üçün maddi çətinlik yaratmayacaqdır. 

Dağlıq Qarabağla birbaşa əlaqəsi olmasa da problem ilə əlaqəsi olan başqa bir mövzu da vardır: Maltepe universitetinin müəllimi professor Hasan Ünal bir məqaləsində maraqlı fikir irəli sürdü:təklifinin realist olmadığını müəllif özü də qəbul edir ancaq bu təklif üzərində düşünməyə dəyər.Məlumdur ki, hal-hazırda Kipr adasında iki dövlət vardır: Şimali Kipr Türk Cümhuriyyəti və Cənubi Kipr Yunan Üsuli-İdarəsi. Əgər Avropa Birliyinin  və beynəlxalq ictimaiyyətin mühüm hissəsinin uyğun gördüyü formada bu iki dövlət vahid federal dövlət halına gətirilsə, o federal dövlət Avropa Birliyinin üzvü kimi Rusiyanın əleyhinə qəbul edən bütün qərarlara riayət etmək məcburiyyətində qalacaqdır. Hal-hazırda Cənubi Kipr bunu edir. Türkiyə və Şimali Kipr isə  təkidlə adada problemin iki müstəqil dövlətin tanınmasıyla həll edilməsini istəyir. Əgər Şimali Kipr Türk Cümhuriyyətini tanımamaları üçün Rusiya Azərbaycana və digər Türk cümhuriyyətilərinə təlqinlərdən vaz keçsə, bəzi dövlətlərin Kiprdə problemin iki müstəqil dövlətin tanıması yoluyla problem həll edilə bilər. Amma Kipr adası indiki kimi bölünmüş vəziyyətdə qalsa, Cənubi Kipr Qərb blokundan Rusiyaya qarşı qalmağa davam edəcək və hətta gələcəkdə NATO-ya qəbul edilməsi üçün təzyiqlər artacaqdır. Bu halda Türkiyə öz veto hüququndan istifadə etsə belə, təzyiqlərin artacağını gözləmək olar. 

Uzun sözün qısası,- Azərbaycan kimi güclü və özünə arxayınçılığı artmış bir ölkədən gözlənilən əsas addım keçən ilki atəşkəslə əldə etdiyi uğurların hamısına sahib çıxmaq və mümkün olduqca əldə etdiyi  uğurları daha irəliyə aparmaq olmalıdır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir