Oktyabrın 17-də Pakistanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın “RİA Novosti” agentliyinə müsahibəsində bu ölkənin hərbi qüvvələrinin Azərbaycan ordusuna yardım etməsi ilə bağlı fikirlərinə cavab olaraq bəyanat yayıb.
Pakistan XİN Ermənistanın Baş nazirinin ittihamlarını əsassız adlandırıb.
Pakistan Azərbaycanın münaqişə üçün kifayət qədər gücə sahib olduğunu vurğulayıb və Ermənistan rəhbərliyini qanunsuz addımlarını ört-basdır etməkdə günahlandırıb: “Pakistan Azərbaycana diplomatik, mənəvi və siyasi dəstəyini ardıcıl şəkildə genişləndirib. Pakistan qardaş Azərbaycan xalqının yanında durmağa davam edəcək və onun hər hansısa təcacüzə qarşı özünümüdafiə hüququnu dəstəkləyəcək”.
Bəyanatda həmçinin bildirilir ki, sülhün əldə edilməsi yalnız BMT qətnamələrinin icrası və Ermənistan qüvvələrinin münaqişə zonasından çıxarılmasından sonra mümkün ola bilər.
Sentyabrın 27-dən Azərbaycanla Ermənistan arasında münaqişə alovlanıb, döyüşlər gedir.
Azərbaycan Cəbrayıl, Füzuli şəhərlərini, Hadrutu, onlarla kəndi, əhəmiyyətli yüksəklikləri işğaldan azad etdiyini bildirir.
Oktyabrın 10-da tərəflər humanitar atəşkəs haqda razılıq əldə etsələr də, tərəflər onun pozulmasında bir-birini ittiham edir.
Yenifakt.info
Müstəqil xəbərlər portalı