Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Müsahibə

Azər Kərimov: Əliyevlər hakimiyyəti qorxduqca müxalifətə qarşı daha aqqressiv olacaq.

Dünyanı bürüyən COVİD-19 pandemiyası səbəbiylə sərhədlər bağlanıb, insanlar və dövlətlər məhdudiyyətli davranmağa məcbur olub. Amma bəzi ölkələrdə yerli hökumətlər vəziyyətdən istifadə edərək rəqiblərini sıradan çıxarmağa çalışır. Maraqlıdır, bu proses nədən xəbər verir və digər ölkələrdə də müşahidə olunurmu?
Məsələ ilə bağlı suallarımızı mühacirətdə olan siyasi mühacir Azər Kərimov cavablandırır.

– Azər bəy, karantin rejimində Azərbaycanda baş verən prosesləri necə dəyərləndirsiniz?

– Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda koronavirusla bağlı karantin rejiminin tətbiqi təqdir olunmalıdır. Çünki bu səbəbdən ölkədə koronavirusa yoluxanların sayı digər ölkələrlə müqayisədə xeyli azdır. Amma hökumətin bundan rəqiblərini sıradan çıxarması üçün istifadə etməsi qəbul edilə bilməz. Martın 22-dən bəri həbs olunan bu şəxslər ya karantin rejimini pozması, ya da digər səbəblərdən saxlanılaraq 15 gündən üç ayadək həbs edilib. Bir nəfər isə “müalicə almaq üçün” psixiatriya xəstəxanasına göndərilib. Hesab edirəm ki, saxlanan şəxslərin bir çoxunun həbsi siyasi motivlidir. Musavat partiyası və Milli Şuranın idarə Heytinin üzvü Tofiq Yaqublunun xuliqanlıq (CM-nin 221.3-cü maddəsi) və vətəndaş cəmiyyəti fəalı, “Sumqayıt Gənclərinin Maarifləndirilməsi” İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Elçin Məmmədin oğurluq cinayəti (CM-nin 177.2.4-cü maddəsi) ittihamı ilə həbsinə başqa ad vermək olmaz. Hazırkı pandemiya vəziyyətində karantin rejimini pozmaq ittihamı ilə müxalif fəalların, jurnalistlərin İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hüquqazidd şəkildə həbsini pisləyir və hakimiyyəti yaranmış yeni situasiyadan müxaliflərə qarşı sui-istifadə praktikasını dayandırmağa çağırıram.

– Hakmiyyət rəsmiləri idda edir ki, karantin rejimi pozduğu üçün saxlanılan və cərimələnən yalnız müxalifətçilər deyil.

– Əlbəttə, karantin rejimi pozulduğu üçün başqa saxlanılan və cərimələnənlər var. Amma müxalifət təmsilçilərinə qarşı hökumət cərimə variantını deyil, azadlığın məhdudlaşdırılmasını seçir. Məlum karantin rejimi dövründə ehtimal olunan İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsini pozmaqda ittiham edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Faiq Əmirli, AXCP sədri Əli Kərimlinin cangüdəni Ruslan Əmirov, Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvləri Vəfadar Əliyev, Şakir Məmmədli, Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayev, Hikmət Ağayev, ictimai fəal Nəriman Abdullaya qarşı da cərimə sanksiyası tətbiq edilə bilərdi. Amma həmin şəxslərin siyasi baxışlarına görə onlara qarşı 15-30 gün müddətində inzibati həbs sanksiyası seçilib. Bundan başqa jurnalistlər Natiq İsbatov 30 sutka və İbrahim Vəzirov 25 sutka inzibati həbsə məhkum edilib. Bundan başqa Mirsahib Rahiloğlunun Şirvan şəhərində peşə fəaliyyətini həyata keçirərkən polis tərəfindən saxlanılması və 30 günlük inzibati həbs edilməsi isə karantin rejimindən sui-istifadənin geniş olduğuna dəlalət edir. AXCP üzvləri, hakimiyyəti ciddi tənqid videoları ilə gündəmə gəlmiş Aqil Hümbətov hazırda 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. Həmçinin, Azadlıq qəzetinin əməkdaşı, AXCP funksioneri Təzəxan Mirələmli Ata Abdullayevin şikayəti əsasında CM-in 221.1-ci maddəsi ilə açılmış qondarma cinayət işi üzrə təqsirləndirilmiş şəxs qismində məsuliyyətə cəlb olunub. Bundan başqa, “Müsəlman Birliyi” Hərəkatının üzvü Hikmət Ağayev həbs olunub və ona ağır işgəncələrin verilməsi də çox xoşa gəlməz hadisə kimi cəmiyyətdə ciddi skandal yaratdı.

– Azər bəy, hakimiyyəti bu addımları atmağa nə vadar edir?

Hakmiyyət bu prosesləri məqsədli şəkildə edir və bunun arxasında konkret məqsəd var: rejimi qoryub saxlamaq. Bunun üçün bütün metodlardan istifadə edir. Bilirsiniz ki, hakimiyyətin alternativ fikir qəti qebul etmək istəmir. Müxalifəti “Sərbəst toplaşmaq hüququ”dan məhrum edib, müstəqil medianın rəsmi saytları bloklanıb. Siyasi aktiv insanlar və dini inanclı insanlar şərlənərək həbs edilir. Mühacirətdə olan aktivistlərin Azərabcyandakı qohumlarına qarşı təqiblər və təzyiqlər göstərilir. Onlarla siyasi mühacirlərin yaxin qohumları arasında süni konflikt yaratmaq üçün kürəkənlərini və həbs edirlər, işdən çıxardırlar, valideynləri övladlardan imtina etdirilər.

Çıxış yolları nədir?


Azərbaycanda sosial vəziyyət ağırlaşdıqca rejim həbsləri artır. Əliyevlər hakimiyyəti qorxduqca müxalifətə qarşı daha aqqressiv olacaq. Azərbaycandakı vəziyyəti dəyişmək üçün  Beynəlxal maraqları, xüsuslə qərbin maraqlarını gücləndirmək lazımdir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir