Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Nardaran işi” üzrə məhkəmədə gərginlik

Fuad TaleMüəmmalı kitabçada İlham Əliyev barədə nə yazılıb?

Taleh Bağırzadə: “Dövlət məmurları o qədər qudurublar ki, öz rəhbərləri barədə bu sözü yazıblar”

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin işi üzrə məhkəmənin hazırlıq iclası iyulun 22-də davam etdirilib. “Hardaran işi”nə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyilə baxılır.

Məhkəmədə etiraz aksiyası

Bugünkü məhkəmə iclasının əvvəlində təqsirləndirilən şəxslər Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimlinin məhkəmə zalına buraxılmamasına etiraz olaraq, dəmir qəfəsdə üzlərini divara çeviriblər. Hakim etirazın səbəbini öyrənəndən sonra məsələ ilə maraqlanıb və ona bildirilib ki, məhkəmə zalında yer yoxdur. Təqsirləndirilən şəxslərin yaxınları yerlərini onlara verməyə razılaşıblar və Cəmil Həsənli ilə Əli Kərimli məhkəmə zalına daxil olub. Təqsirləndirilənlər də üzlərini çeviriblər.

Bundan sonra təqsirləndirilən şəxslərdən Cahad Babakişizadə, Əli Nuriyev və digərlərinin vəkilləri onların səhhətindəki problemləri, ailənin yeganə qazanc gətirəni olduqlarını və s. əsas gətirərək, barələrindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıblar. Ötən iclasda bir neçə başqa təqsirləndirilənin vəkili də eyni vəsatəti qaldırmışdı.

Prokuror vəsatətlərin əleyhinədir

Dövlət ittihamını müdafiə edən prokuror Nəsib Bayramov hər iki hazırlıq iclasında vəkillərin qaldırdığı vəsatətlərə münasibət bildirib. Prokuror vəsatətlərin heç birinin təmin olunmasına ehtiyac görməyib.

Dövlət ittihamçısı bildirib ki, müdafiə hüququnun pozulması səbəbilə işin məhkəmə baxışına xitam verilib yenidən istintaqa qaytarılması barədə vəsatətlər əsassızdır: “İş materialları ilə tanış olmaq üçün müdafiəçilərə kifayət qədər vaxt verilib və onlar da tanış olublar. Bundan sonra istədikləri sənədləri də məhkəməyə müraciət edib, surətini ala bilərlər”.

Yolverilməz sübutların xaric olunmasına dair vəsatətlərə münasibət bildirən prokuror deyir ki, sübutların qiymətləndirilməsi hazırlıq mərhələsinin yox, məhkəmə baxışının predmetidir.

Təqsirləndirilən şəxslərdən bəzilərinin səhhətində problemlər səbəbilə ev dustaqlığına buraxılmasına dair vəsatətlərə isə prokurorun münasibəti belə olub: “Əgər sağlamlıqlarında problem varsa, saxlanıldıqları təcridxananın, Penitensiar Xidmətin rəhbərliyinə müraciət edib, lazımi tibbi yardım ala bilərlər”.

Prokuror həmçinin məhkəmə iclaslarının protokollarının yazıldığını əsas gətirərək, prosesin audio yazısı və video çəkilişinə icazə verilməsi barədə vəsatətin də təmin olunmamasını istəyib.

“O kitabçanın da, bu cümlənin də mənə aidiyyəti yoxdu”

Bundan sonra Taleh Bağırzadə ötən iclasda qaldırdığı kitabça məsələsinə toxunub. Qeyd edək ki, söhbət iş materiallarına əlavə olunan “Hacı Tale Bağırzadənin müraciəti” adlı kitabçadan gedir: “İstintaq dövründə bizə 23 maddə ilə ittiham verilib. İttihamların da hamısı həmin o kitabçanın üzərində qurulub. Tutulan bütün adamların da evindən o kitabçadan “tapıblar”. O kitabçanın mətnində elə səhvlər var ki, oradan həmin kitabçanın 26 noyabrdan (Hardaran hadisələri) sonra hazırlandığı, onun qurama olduğu aşkar görünür. Bu həm də onu göstərir ki, ittihamlar da quramadır. O kitabçada səhvlərlə yanaşı, belə bir cümlə var: “Tale Bağırzadə deyir ki, oğru İlham Əliyevə qarşı çıxın”. O kitabçanın özü kimi, bu cümlənin də mənə aidiyyəti yoxdur. Həmin kitabça hüquq-mühafizə orqanlarından biri tərəfindən hazırlanıb və həmin ifadəni də oranın məmurları yazıb. Dövlət məmurları o qədər qudurublar ki, öz rəhbərləri barədə bu sözü yazıblar. Kim yazıb? Bunu mənim adımdan yazmaq nə deməkdir? Bu kitabçanı hazırlayanların kimlər olduğunu da mən prosesin gedişində deyəcəm. Bu vəsait bu işin taleyini həll edir”.

“Zombi polislərin bizə elədiyi zülmləri ört-basdır edirsiz”

Məhkəmə yalnız Nardaran hadisələri zamanı ölən polislərlə bağlı ekspert rəyləri, meyitlərə baxış protokolu və hadisə yerinin müayinə sənədlərinin surətlərinin vəkillərə verilməsi barədə vəsatəti təmin edib. Qalan digər bütün vəsatətlər rədd edilib. Bu da təqsirləndirilən şəxslərin etirazına səbəb olub.

“Göstəriş verin, məni ümumiyyətlə, bu məhkəməyə gətirməsinlər. Çünki bu, məhkəmə deyil, tamaşadı. Bu cür məhkəmə aparmaqdansa, elə birdəfəlik ömürlük oxuyun mənə, çıxıb gedim. Siz burada məhkəmə aparmırsız, camaata divan tutan hakimiyyəti müdafiə edirsiz. Zombi polislərin bizə elədiyi zülmləri ört-basdır eləməklə məşğulsuz. Burada adamların taleyi həll olunur, biz sizin üçün oyuncaq deyilik”, – deyə təqsirləndirilən Abbas Hüseynov etirazını bildirib.

Daha sonra hakimlər işin məhkəmə baxışına verildiyini açıqlayıb və məhkəmə baxışı avqustun 3-nə təyin olunub.

Xatırladaq ki, ötən il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat keçirilib və həmin gün, eləcə də ondan sonra ümumilikdə təxminən 70 nəfər həbs olunub. Həbs olunanlarla bağlı işlər bir neçə qrupa bölünüb və ayrı-ayrılıqda məhkəməyə göndərilib. Taleh Bağırzadə və daha 16 nəfərin də işi bir icraatda birləşdirilib. Ötən il dekabrın 8-də “facebook”da yazdığı statuslara görə həbs olunan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının da işi buna birləşdirilib.

Aytən

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir