
A.Layıcov AzadlıqRadiosuna bu yazıda söhbətin konkret hansı dustaq və vəkilindən getdiyini də açıqlamaq istəməyib. Ancaq yazının məzmunundan söhbətin onun özündən və müvəkkili olan Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevdən getdiyi ehtimal olunur. «Uzaqbaşı, vəkilliyi əlimdən alacaqsınız» cümləsi məhz onun özünün təzyiqlərlə üzləşdiyini deməyə əsas verir.
C.Hacıyevin ailə üzvləri bugünlərdə bildirmişdilər ki, son vaxtlar ona telefon zəngi və yaxınlarıyla görüş qadağası qoyulub, yanına göndərilən sovqatı belə qəbul etmirlər. Ona görə də C.Hacıyev aclıq aksiyası keçirir.
Penitensiar Xidmət isə aclıq xəbərini təsdiqləməmişdi.
A.Layıcov Vəkillər Kollegiyasından uzaqlaşdırılmaq təhlükəsiylə üzləşib və məqsəd də onu elə C.Hacıyevin işinə görə cəzalandırmaqdır.
«Vəkillər Kollegiyası rəhbərliyinə A.Layıcovun cəzalandırılması üçün müraciət olunub. Cahangir Hacıyevlə bağlı yeni cinayət işinin istintaqında Aqil Layıcovun davranışı – müvəkkilinin mövqeyini müdafiə etməsi, geri çəkilməməsi istintaq orqanını narazı salıb. Ona görə kollegiya rəhbərliyinə şikayət olunub ki, onu cəzalandırsınlar», – AzadlıqRadiosunun əldə etdiyi məlumatda belə deyilir.
A.Layıcov özü xəbəri nə təsdiq, nə də təkzib edib. Bildirib ki, bu barədə ümumiyyətlə, danışmaq istəmir.
Qeyd edək ki, indiyədək siyasi işlərə çıxan bir neçə vəkil Vəkillər Kollegiyasından uzaqlaşdırılıb. Vəkillər bunu cəza tədbiri saysa da, qurum iddiaları rədd edib.