Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

“AzerGold” hansı zərurətdən yaradıldı?

“AzərGold”a ehtiyac vardıPrezident İlham Əliyevin sərəncamı ilə 2015-ci ildə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılıb.

Səhmləri dövlətə məxsus olan “AzerGold” QSC Azərbaycanda əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Qeyd edək ki, buna qədər Azərbaycanda əlvan metal yataqlarının öyrənilməsi, kəşfiyyatı və bütövlükdə bu sahədəki məsələlərin idarə olunması işləri bir mərkəzdən həyata keçirilmirdi. Ölkədə bu səlahiyyətlər müxtəlif qurumlar tərəfindən icra edilirdi. Ehtiyatları təsdiq edilmiş onlarla yeni müxtəlif əlvan metal yataqlarının mövcud olduğu bir şəraitdə bu qərarın vacibliyi diqqət çəkir.

Azərbaycanda əlvan metallardan mis, qurğuşun, sink, kobalt, civə, sürmə filizlərinin geniş yataqları mövcuddur. Mis ehtiyatları əsasən Balakən-Zaqatala, Gədəbəy, Qarabağ və Naxçıvan, Ordubad rayonlarındadır. Qazax rayonunda filiz, Naxçıvanın Ordubad rayonunda qurğuşun ehtiyatları qiymətləndirilib və proqnoz resursları hesablanıb. Avropada ən nəhəng yataq hesab olunan və dünyanın ən iri yataqları sırasına daxil olan Filizçay kolçedan-polimetal yatağının sənaye ehtiyatları təsdiq olunub. Kiçik Qafqaz ərazisində qurğuşun və sink filizləşməsi əsasən damar tipli kütlələr şəklində yayılıb və çox böyük yataqlar əmələ gətirib. Naxçıvan MR-nın Şərur və Ordubad rayonlarında təsdiq edilmiş qurğuşun-sink yataqları mövcuddur. Respublikada böyük alüminium ehtiyatları var. Daşkəsən rayonunun ərazisində Zəylik alunit filizləri yatağı mövcuddur. Bu yataq respublika üzrə ümumi filiz ehtiyatlarının 29,7% -ni təşkil edir. Kəlbəcər filiz rayonunda civənin dövlət balansında qeydə alınmış sənaye ehtiyatları yerləşən 4 yatagı mövcuddur.

Ekspertlər bildirirlər ki, Azərbaycan ərazisində qızılçıxarma sənayesi üçün böyük perspektivlər var. Son onilliklər ərzində aşkar edilmiş çoxsaylı qızıl yataqları potensial qızıl ehtiyatlarının az bir hissəsini təşkil edir. Hazırda ölkədə 10-dan artıq ehtiyatları təsdiq edilmiş qızıl yataqları mövcuddur. Prezidentin ehtiyatları müvafiq qaydada təsdiqlənmiş yataqların sayının getdikcə artdığını nəzərə alaraq bu sahədəki işlərin daha yaxşı koordinasiya edilməsi və mövcud yataqların istismarının müasir tələblərə cavab verə biləcək bir səviyyədə qurulub aparılmasını təmin etmək məqsədilə “AzerQold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması barədə sərəncamı bu baxımdan təqdirlə qarşılanıb.

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, “AzərGold”un yaradılmasında əsas məqsəd Azərbaycanda digər əlvan materiallara olan tələbatın ödənilməsi üzrə yerli istehsalı artırmaqdır: “Azərbaycan qızıl emal edən ölkədir. Ölkədə qızıl ehtiyatı il ərzində 20 faiz artır. Lakin Azərbaycanda qızıl sahəsi hələ tam formalaşmayıb. Bu gün Azərbaycan qızılın əhəmiyyətli hissəsini dünya bazarından alır. Yerli istehsalın qızıla olan tələbatını formalaşdırmaq üçün QSC-nin yaradılması müsbət haldır. Yeni qurum istehsalda yeni, yerli innovativ texnologiyaların fəaliyyətini təmin edəcək”. Ekspert deyir ki, “AzərGold” ətraf mühit standartlarını gözləməklə qızıl istehsalının genişləndirməyi nəzərdə tutub.

V.Bayramovun sözlərinə görə, Azərbaycanın qızıl ehtiyatlarının bir hissəsi işğal olunmuş ərazilərdə qaldığı üçün həmin ehtiyatları hasil etmək mümkün deyil: “Hazırda Ermənistan işğal zonalarında qızıl ehtiyatlarının istehsalını həyata keçirir. Buna görə, dünya qızıl ehtiyatları ilə müqayisədə Azərbaycanın qızıl ehtiyatlarını çox geniş, zəngin hesab etmək olmaz. Lakin Azərbaycan və region bazarını nəzərə alsaq, Azərbaycanın qızıl ehtiyatları əlvan metal kimi ölkənin bu sahədə ixrac potensialının artırılmasına xidmət edə bilər.

Ümumiyyətlə, Azərbaycanda əlvan metalların ixracatı zəifdir. Ən çox ixrac olunan qızıldır. Digər əlvan metalların (mis, alüminium) ixracatı zəif qiymətləndirilir”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir