Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Azərbaycan hökuməti vətəndaş cəmiyyətilə müharibə aparır”

amnesty-international“Amnesty İnternational”: “Prinsipial, müstəqilliyini qoruyub saxlayan vəkillər də elan olunmamış bu müharibədən kənarda qala bilmir”

“Amnesty İnternational” beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycanda siyasi məhbusların hüquqlarını müdafiə edən vəkillərə qarşı təzyiqlər, o cümlədən Əsabəli Mustafayevin ətrafında baş verənlərlə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, iyunun 30-da Avropa İnsan Haqları Məhkəməsi Azərbaycana qarşı 18 qərarını elan etdiyi günün ertəsi həmin işlərdən 13-də ərizəçilərin vəkili olmuş Əsabəli Mustafayevin ölkədən çıxışına qadağa qoyulması məsələsi gündəmə gəldi.

“Hökumətin vəkilə qarşı bu addımı son illərdə vətəndaş cəmiyyətinin əzilməsinə hesablanmış kampaniyanın tərkib hissəsidir”, – deyə bəyanatda vurğulanır.

“Amnesty İnternational” xatırladır ki, Əsabəli Mustafayev həm də “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi” adlı təşkilatın rəhbəridir. Vergilər Nazirliyinin təqdimatı əsasında onun məhkəməsi keçirilib. Vergilər Nazirliyi onun ölkədən çıxışına qadağa qoyulmasını istəyir. Məhkəməyə təqdimatda da göstərilib ki, Əsabəli Mustafayevin rəhbərlik etdiyi təşkilat xarici qrantlardan əldə olunan gəlirlərdən vergini ödəməyib və onun təxminən 8 min manat vergi borcu var.

“Əsabəli Mustafayev özü isə vəziyyətin absurd olduğunu deyir. Bildirir ki, onu onsuz da mövcud olmayan hüququndan məhrum etmək istəyirlər. Çünki onun ölkədən çıxışına hələ iki il əvvəl Baş Prokurorluq tərəfindən qadağa qoyulub. 2014-cü ilin mayında Baş Prokurorluq onun təşkilatının bank hesabını dondurub, təşkilatı cərimələyib. Əsas kimi isə bunu göstəriblər ki, təşkilat aldığı bir sıra qrantlar barədə məlumatları açıqlamayıb.

Əsabəli Mustafayev isə bildirir ki, bütün sənədlər tam şəkildə Ədliyyə Nazirliyinə təqdim olunub. Lakin nazirlik qrantları qeydə almayıb və bu barədə təşkilatı da məlumatlandırmayıb”, – deyə bəyanatda bildirilir.

“Amnesty İnternational” yada salır ki, 2006-cı ildə təsis olunmuş Demokratiya və İnsan Haqları Resurs Mərkəzi Avropa Məhkəməsinə müxtəlif ərizəçilərin işləri üzrə 200-dən artıq iş göndərib. Onlardan 25-i üzrə ərizəçilərin xeyrinə qərar çıxarılıb. İşlərin bir qismi baxılma mərhələsindədir.

Bəyanatda Azərbaycanda hüquq müdafiəçilərinə, müstəqil vəkillərə qarşı təzyiqlərdən də bəhs olunur: “Azərbaycanda hüquq müdafiəçiləri mütəmadi olaraq, təzyiqlərə məruz qalır. Ölkənin tanınmış hüquqşünaslarından biri, Avropa Məhkəməsilə işləyən İntiqam Əliyev 2014-cü ilin avqustunda həbs olunmuş və 7 il 6 ay azadlıqdan məhrum edilmişdi. İntiqam Əliyev bu il martın sonunda həbsdən buraxılsa da, üzərindəki ittihamlar götürülməyib. Bu isə o deməkdir ki, vəkil kimi fəaliyyətinə, həmçinin ölkədən xüsusi icazə olmadan çıxışına qadağa var. Onun bank hesabı hələ də dondurulub, rəhbərlik etdiyi Hüquq Maarifçilik Cəmiyyəti isə qapalıdır.

Bundan başqa, hökuməti tənqid etdiyinə görə həbs olunanları müdafiə etmək üçün özündə cəsarət tapmış bir sıra vəkillər bu statusdan məhrum edilib. Onların arasında vəkillər Xalid Bağırov, Əlayif Həsənov, Aslan İsmayılov, Elçin Namazov da var. Həmçinin hazırda Yalçın İmanovun məsələsinə baxılır”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir