Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Ənnağı Hacıbəyli də ölkədən gedə bilmir

annagi hacibeyliNəsimi Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyilə Azərbaycan Hüquqşünaslar Assosiasiyasının rəhbəri Ənnağı Hacıbəylinin ölkədən çıxışına qoyulan qadağanın götürülməsi ilə bağlı şikayətinə baxılıb.

Qapalı keçirilən məhkəmə iclası barədə AzadlıqRadiosuna Ənnağı Hacıbəylinin nümayəndəsi Xalid Bağırov məlumat verib. Şikayətin iki aydan çoxdur məhkəmənin icraatında olduğunu deyən Xalid Bağırov bildirib ki, öncə iş məhkəmənin hakimi Babək Pənahovun icraatına verilib və 4 dəfə məhkəmə iclası təyin edilib. Hər dəfə də iş üzrə cavabdeh Baş Prokurorluğun nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən proses təxirə salınıb. Hakim Babək Pənahov məzuniyyətə getdiyi üçün iş məhkəmənin digər hakimi Şəlalə Həsənovanın icraatına verilib.

Xalid Bağırov bildirib ki, bu dəfə məhkəmə iclası Baş Prokurorluğun nümayəndəsinin iştirakı olmadan keçirilib. Məhkəmə iclasında hakim Şəlalə Həsənova şikayəti qəbul etməkdən imtina edib. Hakim imtinanı onunla əsaslandırıb ki, işə rayon məhkəməsində yox, inzibati məhkəmədə baxılmalıdır.

“Hakim qərarını əsaslandırarkən dedi ki, “təcrübə belədir”. Soruşduq ki, “bu təcrübə nə vaxtdan yaranıb?”. Dedi ki, “son iki aydır, təcrübə belədir”, – Xalid Bağırov bildirib.

Qeyd edək ki, 2014-cü ildə bir çox QHT-lərə açılmış cinayət işi ilə bağlı təşkilatların bank hesablarına həbs, təşkilat rəhbərlərinin də ölkədən çıxışına qadağa qoyulub.

Ənnağı Hacıbəyliyə hələ ötən il oktyabrın 2-də rəhbərlik etdiyi təşkilatla bağlı istintaqın bitdiyi, cinayət işinə xitam verildiyi yazılı şəkildə elan olunub. Amma üstündən 9 ay keçməsinə baxmayaraq, hələ də qadağalar götürülməyib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir