İctimai fəal, “Gündəm-xəbər” qəzetinin bölgə müxbiri, həbsdə olan Məhbub Zülfüqarov dekabrın 6-da azadlığa çıxıb. Bu haqda hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat verib.
M.Zülfuqarlı 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılırdı: “Məhbub bəy dünən azadlığa çıxıb. O, cəzasını çəkib, başa vurub”, -hüquq müdafiəçisi bildirib.
Xatırladaq ki, M.Zülfüqarov İmişlidə yaşayır. O, böhtanda günahlandırılaraq 5 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
M.Zülfüqarovu “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik Hüquqi Şəxsin Cənub Ərazi İdarəsinin direktoru Saleh Səmədov məhkəməyə vermişdi. Səbəb jurnalistin Heydər Əliyev Fonduna və hüquq-mühafizə orqanlarına S.Səmədovdan şikayət yazması olub.
İmişli məhkəməsi jurnalisti Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilərək, 5 aylığa azadlıqdan məhrum etmişdi.
M.Zülfüqarov hüquq- müdafiə təşkilatları tərəfindən “siyasi məhbus” kimi tanınırdı.