Bu gün baş prokuror Zakir Qaralovun Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev barəsində Ali Məhkəmənin Plenumuna verdiyi protest əsasında məhkəmə prosesi keçirilib.
Ali Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, İntiqam Əliyevin barəsində olan cəza şərti hesab olunub və onun barəsində 5 il şərti cəza müəyyən edilməklə, azadlığa buraxılması barədə qərar qəbul edilib.
Musavat.com-un əməkdaşı xəbər verir ki, 6 saylı Cəzaçəkmə Müəssisəsinin önünə toplaşan insanlar hələ də İntiqam Əliyevin çıxmasını gözləyirlər. Ancaq əməkdaşımızın əldə etdiyi məlumata görə, hüquq müdafiəçisi İntiqam Əliyevin 6 saylı Cəzaçəkmə Müəssisəsindən artıq evinə buraxılıb.
Belə ki, Cəzaçəkmə Müəssisənin rəhbərliyi həbsxanın önünə çoxsaylı insanın toplaşdığını görərək, hüquq müdafiəçisini arxa qapıdan çıxararaq, evinə göndərdiyi bildirilir. Ancaq Cəzaçəkmə Müəssisənin yalnız bir çıxışı olduğuna görə heç kəs bu xəbərə inanmaq istəmir.
Hazırda Cəzaçəkmə Müəssisəsinin önündə toplaşan insanlar İntiqam Əliyevi gözləməkdə davam edirlər.
Bununla belə, vəkil Cavad Cavadov və İntiqam Əliyevin oğlu Nəcmin Əliyev də onun evə göndərildiyini təsdiqləyiblər.