Sözügedən 3 mərtəbəli bahalı villa paytaxtın Babək prospektinin üzərində yerləşir. Villanın qiymətinin milyon manatdan çox olduğu deyilir. Sözügedən villanın Vaqif Əsədova məxsus olmasını qonşular da təsdiq edib.
Qonşular bildirib ki, Vaqif Əsədovun “NZS”-də başqa bir villası da var.
“Vaqif müəllim, bu villanı yeni tikdirib. Özü də tez-tez bura gəlir. Əvvəl onun evi “NZS”-də məktəb tərəfdə idi. O köhnə evidir. Bunu isə yeni tikdirib”, – deyə Vaqif Əsədovun qonşuları deyib.
Qonşuların fikirlərinə görə, Vaqif Əsədovun “NZS” qəsəbəsində digər obyektləri də var. Vaqif Əsədova məxsus olduğu deyilən 3 mərtəbəli villanın fotolarını aşağıda təqdim edirik.
Xatırladaq ki, Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov da jurnalistlər üçün inşa edilən binadan ev almaq istədiyini bildirib.
V.Əsədov mətbuata açıqlamasında ev almaq istədiyini inkar etməyib:“Haqqında yazılan onu gözü götürməyənlərin növbəti qarayaxmalarıdır. Əvvəla, mənim evim yoxdur. Ailə üzvlərim isə çoxdur. Siz heç bilirsiniz, mənim nə qədər ailə üzvüm var? Kimin nə yazdığından asılı olmayaraq, Allah alnımıza nə yazıbsa, o da olacaq. Sosial şəbəkələrdə haqqımda yazılanlar ürək bulandırmadan, paxıllıqdan başqa bir şey deyil. Mənzil almaq üçün müraciət etmişəm, ya etməmişəm ondan kimə nə? Əgər yazırlarsa ki, Vaqif Əsədovun villası filanı var, yenə deyirəm, bu ancaq paxılıq hissidir, onlar haqq-ədalət hissini unudublar. Əgər haqqımda yazılanlar həqiqətən varsa, onda başqaları buna niyə kədərlənir, niyə paxıllıq hissini ortaya qoyurlar? Tutaq ki, evim var, yenə də ev istəyirəm. Bunun kimə nə aidiyyatı var, heç bilirlər mən hansı şəraitdə yaşayıram? Ən azından məni mətbuat nümayəndəsi kimi qəbul edənlər, necə olur ki, ev üçün müraciətimə belə reaksiya verirlər. Belə çıxır ki, mən sizdən deyiləm? Evi olan, ya olmayan müraciət edir, bu onların düşüncəsidir. Haqqımda yazılanlar cəfəngiyyatdır. Bu cür yazanlar fəaliyyətimə paxıllıq edənlər, yaxşı işlərimi gözü götürməyənlərdir”.
Vaqif Əsədov musavat.com-a açıqlamasında milyonluq villasının olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. O, deyib ki, istəyən jurnalist gəlib, araşdırıb, sözügedən villanın kimə məxsus olmasını öyrənə bilər: “Hazırda “Formula-1” yarışları ərəfəsidir, biz yolların bağlanmasından danışıb, bununla bağlı informasiya veririk. Yollarla bağlı mənə sual verin. Bu cür məsələlər bəllidir ki, yalan məlumatdır. Mənim düşmənim yoxdur, paxıllığımı çəkənlər var. Görünür, məlumat qıtlığı olduğu üçün hansısa dostlarım gündəmdə qalmaq məqsədilə bu cür xəbərləri verirlər. İkincisi də villası olan minlərlə insan var. Nə üçün onlardan yazmırlar? Mənimlə bağlı yazılan məlumat bir daha deyirəm ki, cəfəngiyyatdır. Çox güman ki, məni gündəmdə saxlamaq üçün bu cür yazını yazıblar. Sağ olsunlar, dostlarımız”.