İctimaiyyət nümayəndələri ölkə rəhbərliyini Leyla Yunusa və Arif Yunusa qarşı cinayət təqibinə son qoymağa çağırır
Hüquq müdafiəçiləri Leyla Yunus və Arif Yunusun həbs edilməsi ictimai sektorda olduqca pis qarşılanmışdır. Azərbaycan Liberal Partiyasının sədri Əvəz Təmirxanın facebook səhifəsində yazır: “Azərbaycn hüquq-mühafizə orqanları Sülh və Demokratiya İnstititunun rəhbəri Leyla Yunusu və onun həyat yoldaşı
Arif Yunusu “dövlətə xəyanət, “vergidən yayınma” və sair sübut olunmamış cinayətlərin törədilməsində təqsirləndirərək, Leyla Yunus haqqında həbs qət-imkan tədbiri seçmiş, Arif Yunusdan isə başqa yerə getməmək haqqlnda iltizam almışdır. Azərbaycan Liberal Partiyası hesab edir ki, Leyla Yunusun və Arif Yunusun təqsirləndirilməsinin səbəbi onların Azərbaycan hakimiyyətinin yeritdiyi siyasətə qarşı müxalif mövqedə durmasındadır. ALP hesab edir ki, hüquq müdafiəçisi Leyla Yunusun və Arif Yunusun qanunsuz təqsirləndirilməsi iqtidarın Konstitusiyaya, Qanuna, insan haqlarına hörmətsizlyini bir daha əyani nümayiş etdirir, Azərbaycan xalqıının və dövlətinin beynəlxalq imicinə ciddi xələl gətiririr və təcavüzkar Ermənistanın Azərbaycana qarşı informasiya müharibəsinin şiddətləndirilməsinə münbit şərait yaradır. ALP iqtidarın bu addımını yolverilməz sayır və ölkə rəhbərliyini Leyla Yunusa və Arif Yunusa qarşı cinayət təqibinə son qoymağa çağırır”.
Bu barədə müxbirimizin suallarını cavablandıran Azərbaycan İnsan Hüquq və Azadlıqlarının Müdafiə Komitəsinin sədr müavini Xədicə Eyvazova da baş verən bu addımın siyasi sifariş olması qənatindədir. Xanım Eyvazova bildirir ki, ölkədə insan hüquq və azadlıqlarının pozulmasıyla bağlı yerli və beynəlxalq ictimaiyyəti məlumatlandıran, eyni zamanda tənqidi münasibətdə olan Leyla Yunusun həbsi, Arif Yunusun isə ölkədən çıxışına qadağa qoyulması birbaşa siyasi sifarişdir.
Xanım Eyvazova baş vermiş bu hadisəni belə şərh edib: “Burada hər hansı hüquq pozuntusu və ya qanun pozuntusundan söhbət gedə bilməz. Azərbaycan məhkəmələri siyasi hakimiyyətin sifarişlərini yerinə yetirir. Paralel olaraq hər iki şəxsin beynəlxalq ictimaiyyətdə nüfuzunun olması və Azərbaycanda insan hüquqları sahəsində həqiqətləri demokratik institutlara çatdırması bu həbsin əsas səbəbidir. Mən düşünürəm ki, bu əslində Azərbaycanın beynəlxalq nüfuzunu aşağı salır və dünyada bizim qeyri-demokratik ölkə kimi tanınmağımıza səbəb olur”.
X.Eyvazova hesab edir ki, Azərbaycanın siyasi rəhbərliyi bu cür həbsləri dayandırmalı və hüquq müdafiəçilərinə fəaliyyət imkanı tanımalıdır. Çünki, insan hüquqlarının qorunduğu ölkələrə münasibət daha fərqlidir və beynəlxalq təşəbbüslərə həmin ölkələrin qoşulması da daim dəstəklənir. Lakin X.Eyvazova yaxın gələcəkdə Azərbaycan siyasi hakimiyyətinin bu cür addımlar atacağına inanmadığını da bildirdi.