Bu gün Sabunçu rayon məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə hazırlıq iclası davam etdirilib.
Keçmiş MTN əməkdaşlarının cinayət işi üzrə bu prosesin artıq bir neçə aydır ki, davam edən Akif Çovdarov və əlaltılarının məhkəmə prosesi ilə oxşarlıqları xeyli çoxdur. Proses Sabunçu rayon məhkəməsinin eyni zalında keçirilir, məhkəmə heyəti dəyişməyib, dövlət ittihamçısı eyni şəxsdir, hətta bəzi zərərçəkmişlər və onların nümayəndələri belə həmin adamlardır.
Lakin fərqlər də az deyil. 10 təqsirləndirilən üçün şüşə qəfəsdə iki deyil, üç sıra skamya düzülüb, onların 20-yə yaxın vəkili üçün xüsusi əlavə yerlər hazırlanıb. Qeyd edək ki, bu səbəbdən məhkəmə zalı bu gün qələbəlik idi.
Oxşarlıqlardan biri də vəkillərin eyni vəsatətləri, tələbləri, hakimlərin təxminən eyni davranışlarıdır.
İndi isə bu gün məhkəmədə baş verənlər barədə xronoloji ardıcıllıqla.
***
Təqsirləndirilən Sübahir Qurbanovun vəkili Azər Tağıyev çıxış edərək bildirdi ki, onun müvəkkilinin səhhəti o qədər də ürəkaçan deyil və onun müayinə və müalicəsinin təşkili üçün S.Qurbanovun şəxsi vəsaiti hesabına Türkiyədən iki həkimin Azərbaycana gətirilməsi barədə həmin həkimlərlə razılıq əldə olunub. Bu səbəbdən də, vəkil məhkəmədən generalın təcridxanada müvafiq müayinə və müalicəsinin təşkil edilməsini istədi.
Xatırladaq ki, digər prosesdə təqsirləndirilən Akif Çovdarovun da vəkilləri dəfələrlə analoji vəsatətlərlə çıxış ediblər. Bircə fərqlə ki, həkimlər Türkiyədən deyil, Almaniyadan gətirilir. S.Qurbanovun misalında da məhkəmə heyətinin vəsatətə münasibəti eyni oldu: bu məsələ təcridxananın daxili intizam qaydaları ilə tənzimlənir və məhkəmə bu barədə qərar vermir. Buna görə də, vəsatət baxılmamış saxlanıldı.
Fizuli Əliyevin 100 il əvvəl alınmış mülkü həbs olunub
Təqsirləndirilən Fizuli Əliyevin vəkili İlham Əsədov çıxış edərək, ilkin istintaqın gedişində edilmiş bəzi hərəkətlərin qanuna və məntiqə uyğun olmadığını bildirdi. Belə ki, müvəkkilinin ulu babasının XX əsrin əvvəllərində Rusiya imperatorunun Yelizavetpol (indiki Gəncə) nümayəndəsinin imzası ilə əldə etdiyi mülkün üzərinə həbs qoyulub. Bundan başqa, 1999-cu ildən MTN-də işləyən F.Əliyevin həmin vaxtdan əvvəl əldə etdiyi, bəzi hallarda isə özünə belə aid olmayan mülklərə həbsin qoyulması bildirildi.
Yeri gəlmişkən, bir qədər sonra söz alan Fizuli Əliyev dedi ki, onun atasının adı cinayət işinin sənədlərində səhvən Zülfüqar kimi göstərilib, əslində isə Zülfiqardır. Təqsirləndirilən bildirdi ki, bu səhv üzündən onun tanımadığı Əliyev Fizuli Zülfüqar oğlu adlı bu işə heç bir aidiyyatı olmayan şəxsin də mülklərinə həbs qoyulub.
Müəmmalı disk: onun içində nələr var?
Vəkil İlham Əsədov onda olan səs yazılı diskin cinayət işinin materiallarına daxil edilməsini xahiş etdi. Onun sözlərinə görə, bu diskdə MTN əməkdaşı Kamal Seyfullayevin etirafları və telefon danışıqları yer alır.
Məhkəmədə qeyd olundu ki, əslində, bütün bu proses həmin Kamal Seyfullayevin yazdığı ərizə ilə başlayıb. Həmin ərizədə o, 2 milyon manat vəsaiti vəzifəli şəxslərə verdiyini qeyd edir. Lakin bundan iki gün sonra Kamal Seyfullayev ifadəsindən imtina edir və ölkədən qaçmağa çalışır, hava limanında saxlanılır.
Vəkilin sözlərinə görə, diskdə Kamal Seyfullayevin telefon danışıqları yazılıb və burada olan materiallar kifayətdir ki, cinayət işinin axarı tam başqa istiqamətdə getsin.
Məhkəmə kollegiyası bildirdi ki, həmin disk cinayət işinin materiallarının siyahısına daxildir və bu məsələyə əlavə baxmağa ehtiyac yoxdur.
“Qorxuram, bundan sonra yenə evimi yandırsınlar”
Çıxışı xeyli davam edən vəkil İlham Əsədov məhkəmə zalına toplaşanların diqqətinə çatdırdı ki, bir dəfə başqa bir cinayət işi üzrə çıxışından sonra onun bağ evi yandırılıb və bu hadisənin təkrarlanacağından ehtiyat edir.
“Qorxuram, bu çıxışımdan da sonra evimi yandırarlar”, – vəkil yarızarafat-yarıgerçək bildirdi.
“Eldar Mahmudov məhkəməyə gəlib ifadə verməldiir”
Təqsirləndirilən Fərhad Atayevin vəkili Qəzənfər Rzayev qeyd etdi ki, bu cinayət işi üzrə ittiham edilənlər hərbçilərdir. Hərbi qanunlara görə isə, daha aşağı rütbəli şəxsi yuxarı rütbəli şəxsin əmrini yerinə yetirdiyinə görə ittiham etmək olmaz.
Vəkilin sözlərinə görə, onun müvəkkili ayrı-ayrı şəxslərin telefon danışıqlarını bilavasitə MTN-in ən yüksək vəzifəli şəxslərinin imzası ilə dərkənar qoyulmuş göstərişlər əsasında dinləyib. Bunu səbəb göstərən vəkil bütün bu cür sənədlərdə şəxsi imzası ilə dərkənar qoymuş keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun məhkəməyə gələrək ifadə verməli olduğunu dedi.
Məhkəmə heyəti bu tələbin məhkəmə baxışı zamanı təmin edilməsində problem görmədiyini qeyd etdi.
Bir müstəntiq eyni vaxtda iki şahiddən necə ifadə alıb?
Təqsirləndirilən Sübahir Qurbanovun vəkili Adil İsmayılov ilkin istintaq zamanı və cinayət işinin materialları hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin bir sıra tələblərinin ciddi şəkildə pozulması ilə bağlı geniş çıxış etdi.
Vəkil bildirdi ki, cinayət işinin cəmi 27 cildi ilə tanış olmağa imkan tapsa da, xeyli pozuntu və çatışmazlıqla rastlaşıb. Bunlardan bəzilərini o, məhkəmə zalına toplaşanların diqqətinə çatdırdı.
Adil İsmayılovun sözlərinə görə, cinayət işinin materiallarından məlum olur ki, onu tərtib edən müstəntiqlər ya çox tələsiblər, ya da ümumiyyətlə, materialların bəziləri ilə tanış deyillər. Çünki cinayət işində bəzi şahidlərin ifadələri… baş-ayaq tikilib. Bundan başqa, cinayət işinin materiallarında bəzi yerlərdə sadəcə ağ vərəqlər tikilib və vəkilin fikrincə, bunlar sonradan, lazım gəldiyi halda, əlavələrin edilməsi üçündür.
Digər pozuntu halı olaraq o, cinayət işinin materiallarından göründüyü kimi, eyni müstəntiqin eyni vaxtda iki ayrı şahiddən ifadə almasını misal çəkdi. Adil İsmayılov bildirdi ki, bu fakt həmin ifadələrin götürülmə vaxtlarının üst-üstə düşməsindən bəlli olur.
Daha bir pozuntu isə müstəntiqlər tərəfindən məhkəmə qərarı olmadan Sübahir Qurbanovun evində aparılan axtarış zamanı 2015-ci ilin noyabr ayında müsadirə edilmiş qiymətli əşyaların yalnız 2016-cı ilin iyun ayında, qanunun tələb etdiyi kimi, banka depozit şəklində yatırılmasıdır. Vəkilin sözlərincə, bunun üçün qanunvericilikdə cəmi yeddi gün vaxt ayrılıb, həqiqətdə isə yeddi ay keçib.
Adil İsmayılov bu göstərilənləri nəzərə alaraq, cinayət işinin istintaqa qaytarılması ilə bağlı vəsatət qaldırdı.
Hazırlıq iclası bitdi
Təxminən iki saat yarımlıq uzun fasilədən sonra məhkəmə kollegiyası cinayət işi üzrə hazırlıq iclasının bitdiyini bildirdi və qərarı oxudu. Prosesdə verilmiş vəsatətlər rədd edildi, təqsirləndirilənlərin barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən saxlanıldığı elan olundu.
Cinayət işi üzrə məhkəmə baxışı gələn həftənin çərşənbə axşamı günü, fevralın 28-də başlanacaq.
Prosesə sədrlik edən hakim Həbib Həsənov qeyd etdi ki, cinayət işinin məhkəmə baxışı üzrə iclaslar hər həftənin çərşənbə axşamı və cümə axşamı günləri keçiriləcək.(Virtualaz.org)