Manatın möhkəmlənməsinin fundamental əsası yoxdur, «İqtisadi Təşəbbüslərə Yardım» İB İdarə Heyətinin üzvü Samir Əliyev hesab edir.
Turan-ın məlumatına görə, o, «Facebook» səhifəsində yazıb ki, manatın bahalaşması uzunmüddətli və dayanıqlı deyil.
«Manatın bahalaşması spekulyasiya ilə bağlıdır. Kreditləşmə imkanları məhdudlaşan banklar yeni gəlir mənbəyi əldə ediblər və zərərləri valyuta alqı-satqısı hesabına aradan qaldırırlar», deyə o bildirib.
Ekspert qeyd edib ki, bir qayda olaraq ilin əvvəlki aylarında büdcə xərclərinin icra səviyyəsi aşağı olur. iqtisadiyyata yönəldilən pul kütləsi az olduğundan manat qıtlığı hiss olunur. Dollara tələbat isə aşağı səviyyədə olur.
S.Əliyev qeyd edib ki, manatın ucuzlaşması həmin borcların qaytarlmasına çətinlik yaradır. Bu vəsaitlərin bir hissəsi Neft Fondu tərəfindən Mərkəzi Banka ayrılan vəsait hesabına ödəniləcək. Məsələn, mətbuatda gedən məlumata görə, Azərbaycan hökuməti Beynəlxalq Bankın 3 milyard ABŞ dolları həcmində borcu öhdəsinə götürüb.
Ekspert hesab edir ki, Mərkəzi Bank spekulyasiyanın qarşısını almalıdır və manatın əsas olmadan bahalaşmasına imkan verməməlidir.
«Manatın indiki möhkəmlənməsi müvəqqətidir. Bir müddətdən sonra yenidən ucuzlaşma müşahidə ediləcək», deyə o bildirib.
Qeyd edək ki, fevralın əvvəlindən manat 9 qəpik möhkəmlənib: dollar 2 fevralda 1,92 manat, 8 fevralda 1,8252 manat olub.