Yenifakt.info

Müstəqil xəbərlər portalı

İctimai

Azərbaycanı tərk edən beyinlər

  Ceyhun Əlizadə: “Müəllimlərin təkcə biliyini yox, yaşayış şəraitini də qiymətləndirmək lazımdır”

 

Ötən 2 il ərzində Bakı şəhərində və ölkənin 12 bölgəsində dövlət ümumi təhsil müəssisələrində çalışan 60 min nəfərə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi aparılıb. Paytaxtın ardınca artıq bölgələrdə də müəllimlərin diaqnostik qiymətləndirməsi aparılır. Bu ilin noyabr-dekabr aylarında ölkənin 26 rayon və şəhərində dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi həyata keçirilir. Sonuncu dekabrın 8-də Kürdəmir, Ağsu, Ucar, Ağcabədi və Zərdab rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə start verilib. İlk imtahanlarda 2500-ə yaxın müəllim iştirak edib. İmtahandan keçən müəllimlər arasında yüksək bal toplayanlarla yanaşı, aşağı nəticə göstərənlər də var. Maraqlıdır, qiymətləndirmədən sonra orta məktəblərdə dərslərin keyfiyyətinin yüksəldilməsi mümkün olacaqmı?

 

Məsələyə münasibət bildirən sahibkar Ceyhun Əlizadə deyir ki, müəllimlərin diaqnostik qiymətləndirilməsinin aparılması ilkin olaraq müsbət addımdır: “Diaqnostik qiymətləndirmə müəllimlərin öz üzərlərində məsuliyyətlə çalışmaları baxımından müsbət qiymətləndirilməlidir. Çünki müəllimlik elə bir peşədir ki, mütəmadi olaraq biliklər yenilənməlidir. Bu mənada tədbirlər müəllimlərə biliklərini artırmaq üçün yaradılmış daha bir imkandır. Amma bütün bunlar orta təhsildə keyfiyyətin artırılmasına yönəldilməlidir. Əgər diaqnostik qiymətləndirmədən sonra müəllimlərin orta məktəbdə dərslərə can yandırması üçün kifayət qədər stimul olmasa, keyfiyyətin artmasından danışa bilmərik. Çünki müəllim çalışdığı məktəbdən onun yaşayışını təmin edəcək səviyyədə əmək haqqı almadığı təqdirdə, istər-istəməz ailəsinin maddi ehtiyaclarını ödəmə yollarını düşünəcək. Daha çox enerjisini orta məktəb dərslərinə deyil, dərsdən sonrakı hazırlıqlara ayıracaq. Odur ki müəllimlərin təkcə biliyini yox, yaşayış şəraitini də qiymətləndirmək lazımdır. Son bir il müddətində Azəarbaycan manatı 2 dəfə dəyər itirib. Manatın dəyər itirməsi ilə yanaşı, idxal olunan əksər mallar da bahalaşıb. Demək, 150-200 manat əmək haqqı alan müəllimin yaşayış səviyyəsi də bir il əvvələ nisbətən 2 dəfə pisləşib”.

 

Ceyhun Əlizadə bildirir ki, ölkənin gələcək inkişafı təhsildən birbaşa asılıdır: “Ölkə təhsilinin vəziyyəti ilə bağlı mütəmadi fikirlər səsləndirilir. Amma burada tək orta, yaxud ali təhsil mərhələsində islahat aparmaq yetərli deyil. Əgər bu gün ölkəmizdə ali məktəbə qəbul imtahanlarında ən aşağı bal toplayanlar müəllimlik ixtisaslarına qəbul edilirsə və ali məktəblər də keyfiyyətli təhsil verə bilmirsə, demək orta məktəblərdə tədrisin keyfiyyəti arta bilməz. Çünki ali məktəblərdə kifayət qədər biliyə yiyələnməyənlər orta məktəblərdə işləyəcəkləri zaman yüksək təhsil verə bilməyəcək. Demək, bir-biri ilə zəncirvari bağlı olan bu problemlər kompleks islahatlar aparılaraq həll edilməlidir”.

 

Ceyhun Əlizadə deyir ki, hazırda ölkədən olan beyin axını da respublikamız üçün yaxşı heç nə vəd etmir: “Bütün sahələrdə əmək haqqının aşağı olması, azad iş şəraitinin olmaması və işçilərin hüquqlarının normal şəkildə qorunmaması səbəbindən savadlı kadrların əksəiyyəti ölkəni tərk edir. Bu isə ölkəmizin gələcəyi üçün yaxşı bir şey vəd etmir. Demək, sabah xaricə üz tutan o peşəkar kadrların da yerini kifayət qədər səriştəsi olmayanlar tutacaq. Bu mənada hesab edirəm ki, nəinki təhsil, bütün sahələrdə insanların normal iş şəraiti olmalı, insanlar aldıqları əmək haqqı ilə ailələrini dolandırmaq imkanına malik olmalıdırlar. Həmçinin, ölkədə tibbi sığorta sistemi işləməli, işçilərin istirahət hüquqları təmin olunmalıdır”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir