Mətbuatın ən az azad olduğu söylənən ölkələr qara rənglə göstərilib. Onların sayı cəmi 16-dır, amma aralarında Azərbaycan da var.
“The İndependent” qəzeti hər həftəsonu dünyanın müxtəlif məzmunlu xəritələrini dərc etmək ənənəsinə sadiq qalır.
Bu həftəsonu dərc edilmiş “media azadlığı xəritəsi” jurnalistlərin öz xəbər və reportajlarını sərbəst şəkildə hazırladıqları və ya medianın sərt şəkildə nəzarət olunduğu ölkələri müxtəlif rənglərdə əks etdirir.
Mətbuatın ən az azad olduğu söylənən ölkələr qara rənglə göstərilib. Onların sayı cəmi 16-dır, amma aralarında Azərbaycan da var.
Xəritədə Eritreya, Şimali, Koreya, Çin, Misir, Türkmənistan, İran və bir neçə başqa ölkəni də qaraya boyayıblar.
Xəritə qara rəngin “son dərəcə ciddi vəziyyəti” bildirdiyini göstərir.
Britaniya “qənaətbəxş vəziyyət” qrupuna salınıb. Sarı rənglə göstərilən bu kateqoriyada ABŞ, Kanada, Avstraliya, İspaniya, Fransa da var. Sarı – medianın ən yaxşı vəziyyətdə olduğunu göstərən rəng deyil.
Yaxşı vəziyyət kateqoriyasına daxil olan ölkələrin rəngi yaşıldır. Bu rəngdə Almaniya, İrlandiya, Skandinaviya ölkələrini, Yeni Zelandiyanı və hətta Kosta Rikanı görürük.
Məqalədə deyilir ki, bu xəritəni məxsusi olaraq “The İndependent” qəzeti üçün Statista statistika agentliyi Sərhədsiz Müxbirlər təşkilatının 2016-cı il üçün Dünya Mətbuat Azadılığı İndeksinin əsasında tərtib edib. Bu hesabatda dünyanın 180 ölkəsində media azadlığının vəziyyəti təhlil edilir.
Qəzet yazır ki, bu hesabata görə ötən il dünya boyunca mətbuat azadlığı az qala 4 faiz tənəzzül edib.
Paranoya
Sərhədsiz Müxbirlər təşkilatının baş katibi Christophe Deloire yazdığı məqalədə qeyd edir ki, bir çox dünya liderlərində “legitim jurnalistikadan paranoya” yaranıb və buna görə də açıq müzakirə və müstəqil jurnalistika üzərinə hücumlar baş verir.
Məqalədə deyilir ki, ən böyük media azadlığına Finlandiya, Norveç, Danimarka və Yeni Zelandiya malikdir.
Son hesabatda ilk dəfə olaraq Afrika qitəsi media azadlığının vəziyyətində Amerika materikini geridə qoyub.
Bu da qeyd olunur ki, media azadlığının ən yaxşı vəziyyətdə olduğu Avropada da vəziyyət pisləşməkdədir.
Məqalədə deyilir ki, Avropa boyunca aparılan antiterror və anticasus tədbirləri media azadlığına mənfi təsir göstərir.
Polşanın tənəzzülü
Bir sıra ölkələrdə insanların güdülməsini leqallaşdıran qanunlar qəbul edilib, maraqların toqquşması baş verir.
“The İndependent” yazır ki, hökumətlər dövlət mediası və hətta bəzən müstəqil mətbuat üzərində nəzarətini gücləndirib.
Məsələn, təkcə Polşa mətbuat azadlığı reytinqində bu il birdən-birə 29 pillə aşağı sürüşüb.
Bu ilin əvvəllərində Polşada qəbul edilmiş yeni qanun hökumətə ictimai media qurumlarına rəhbərliyin təyin edilməsi səlahiyyəti verir.
Bu qanunvericvlik aktının qəbul edilməsi media və insan haqları təşkilatları tərəfindən kəskin tənqid olunur.
Media vəziyyəti onsuz da yaxşı olmayan Çində vəziyyət Xi Jinping-in 2012-ci ildə hakimiyyətə gəlməsi ilə daha da pisləşib.