Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apellyasiya Komissiyasının iclası keçirilib.
Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şura üzvü Sahib Məmmədovun sədrliyi ilə keçirilən iclasda 2016-cı il üçüncü maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan 20 QHT-nin müraciətinə baxılıb.
Bundan başqa qarşılıqlı anlaşma və müzakirə şəraitində keçən iclasda komissiyaya təqdim olunmuş hər bir layihə yenidən nəzərdən keçirilib və onların hazırlanmasında yol verilmiş nöqsanlar QHT rəhbərlərinin nəzərinə çatdırılıb.
Müzakirələrdən sonra ekspertlərin rəyi də nəzərə alınaraq Apellyasiya Komissiyasına müraciət edən QHT-lərin layihələri ilə bağlı Şuranın qərarı məqbul hesab olunub.
Sonda Apellyasiya Komissiyasının üzvləri QHT rəhbərlərinin nəzərinə çatdırıb ki, müsabiqəyə təqdim olunan layihələr ictimai baxımdan aktuallığı ilə, yerinə yetiriləcək fəaliyyətlərin isə konkretliyi ilə seçilməsi vacibdir.