Araşdırmalar nəticəsində üzə çıxarılan və “Panama sənədləri” (“Panama papers”) adı altında yayılan ifşa materialları bütün dünyada böyük səs-küy yaradıb. Məlumdur ki, həmin materialların bir qismi Əliyevlər ailəsinin var-dövləti barədədər. “Euronews” telekanalı “Panama sənədləri”nin konkret Əliyevlərə aid hissəsilə bağlı geniş reportaj yayımlayıb.
Panama sənədləri” adlandırılan araşdırmanın əsas fiqurlarından biri də Azərbaycan prezidenti Ilham Əliyevdir. O, 2003-cü ildə atasının ölümündən sonra bu kürsüyə sahib olub. Ifşa sənədlərinin müəllifləri iddia edir ki, o vaxtdan bəri Ilham Əliyev və xanımı Mehriban Əliyeva əməlli-başlı “ofşor imperiya” qurublar.
“Panama sənədləri” araşdırmasında ayrıca bir bölüm Azərbaycan prezidentinin ailəsinə həsr olunub. Ifşa sənədlərində bu ailənin sistemli ofşor şirkətlərlə əlaqələri üzə çıxır.
Bu sənədlər həmçinin onu göstərir ki, Azərbaycanın vergilər naziri Fazil Məmmədov Əliyevlər ailəsinin iştirakı ilə “Ata Holding”i necə yaradıb. “Ata Holding”in bank, telekommunikasiya, tikinti və neft-qaz sektorlarında biznesi var.
Fazil Məmmədov Mossack Fonseca vasitəsilə Panamada iki şirkət yaradıb – FM Managment Holding Group və UF Universe Foundation. Ikinci şirkət birinciyə nəzarət edib. Bu şirkətin də idarəedicilərindən biri Mehriban Əliyeva olub.
FM Managment Holding Group da öz növbəsində Böyük Britaniyada şirkətləri var və səhmlərinin də 51 faizi “Ata Holding”ə məxsusdur. Onların dəyəri hələ 2014-cü ildə yarım milyard dollar qiymətləndirilirdi.
Panama sənədləri”nə, həmçinin “Korrupsiya və Mütəşəkkil Cinayətkarlığı Araşdırma Layihəsi”nin araşdırmaları nəticəsində üzə çıxarılan məlumatlara əsasən, 2006-cı ildə prezident Əliyev Azərbaycandakı 6 qızıl mədəninin işlənməsini bir neçə şirkətə həvalə edib. Onların arasında iki ofşor şirkətlər də olub və bu şirkətlərin əsl sahibləri onun qızları Arzu və Leyla Əliyevalardır. Britaniyanın Globex International LLP və Panamanın Londex Resourses S.A. şirkətlərinin səhmlərinin 56 faizi Əliyeva bacılarına məxsusdur. Bu iki şirkət Azərbaycanın qızıl mədənlərinin konsorsiumunun səhmlərinin müvafiq olaraq, 11 və 45 faizinə sahibdir.
Mossack Fonseca-nın arxivindən məlum olur ki, Əliyevlər ailəsinin başqa ofşor şirkətlərdə də payı var.
Azərbaycan prezidentinin mətbuat xidməti “Euronews”a bütün bunları belə şərh edib: “Məlumdur ki, prezident Ilham Əliyev siyasi fəaliyyətə başlamamışdan əvvəl uğurlu biznesmen olub. Onun biznes fəaliyyəti şəffaf və qanuni olub. Cənab Əliyev prezident olandan sonra sahibkarlıq fəaliyyətini dayandırıb. Onun ofşor şirkətləri yoxdur. Bu barədə ittihamlar əsassızdır. Onun yaxınlarının biznesi tamamilə leqal və şəffafdır”.
azadliq