Bu gün Bakı İstintaq Təcridxanasında vəkil Fəxrəddin Mehdiyev Azadlıq qəzetinin maliyyə direktoru, AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli görüşüb. Onun ailə üzvləri vəkil Fəxrəddin Mehdiyevlə müqavilə bağlamışdı. Lakin məlum olmayan səbəblərdən vəkilə Faiq Əmirliylə görüş məktubu yubadılırdı.
Vəkil azadliq.info-ya bildirib ki, Faiq Əmirlinin səhhətində müəyyən problemlər var. Lakin, saxlanma şəraitindən narazılığı yoxdur. F. Əmirli ailə üzvləri ilə görüşə imkan verilməməsindən narahatdır. Vəkil bununla bağlı istintaq orqanı qarşısında vəsatət qaldıracağını bildirib. Eləcə də, Faiq Əmirlinin idarə etdiyi avtomobil onun həyat yoldaşının mülkiyyətində olmasına baxmayaraq əsassız olaraq Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində saxlanılır. Bununla bağlı Baş Prokrorluğa müraciət olunsa da məsələ müsbət həll olunmayıb. Ona görə də, məsələ ilə bağlı məhkəməyə müraciət ediləcək.
Xatırladaq ki, F.Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.
F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.
AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün Türkiyədə 15 iyul çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.