“Himayədar” “Müasir Azərbaycan ailəsi qloballaşma və demokratikləşmə prosesində” layihəsinin II Mərhələsinin içrasına başladı
“Himayədar”
Humanitar Tərəqqi İctimai Birliyi Azərbaycan
Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə “Müasir Azərbaycan ailəsi qloballaşma və
demokratikləşmə prosesində” mövzusunda tədbirlərin təşkili layihəsinin II Mərhələsinin içrasına başlamışdır. Layihənin I
mərhələsində apardığı masabaşı araşdırması vasitəsilə Təşkilat
müəyyənləşdirmışdır ki:
– Azərbaycan cəmiyyətində ailə sabitliyi problemi yaranıb- ölkədə nikahların sayı azalır, boşanmaların sayı və nikaha daxil olma yaşı artır;
– İqtisadi-sosial-mənəfi faktorların təsiri səbəbindən gənc oğlanların rəsmi ailə qurmağa meylli azalıb;
– Boşanma əmsalında ciddi artımla bərabər birgəyaşayış müddəti də qısalıb. Gənc ailələr arasında boşanmaların sayı artıb. Hər boşanan üç ailədən biri beş il birlikdə yaşamadan boşanır;
– Yuxarı yaşda olanlar arasında boşanmalar getdikcə artır. 2017-ci ilin məlumatına əsasən ümumi boşanma sayının 20,78% 45-dən yuxarı yaşda olan kişilər, 13,93% isə 45 yaşdan yuxarı olan qadınların payına düşür;
– Boşanmaların sayına təsir göstərən amillər daha çox sosial, iqtisadi, psixoloji xarakterlidir;
– Nəsilvermə əmsalı da aşağı düşür-ailələrdə uşaqların sayı azalır. 2017-ci ildə ölkədə nəsilvermə əmsalı təbii artımı təmin edən rəqəmdən də aşağı düşüb;
– Faktiki nikahlar çoxalır. Son zamanlar nikahdankənar doğulan uşaqların diri doğuşlar sayında nisbətinin artması ölkədə ənənəvi nikahların tədricən faktiki nikahlarla (o cümlədən, dini nikahlarla) əvəzolunması meylinin artdığını göstərir. Bu cür ittifaqlarda iqtisadi cəhətdən daha zəif olan qadın, hüquqi cəhətdən də müdafiəsiz duruma düşür və bu bir çox hallarda ailə zorakılığı probleminin aktuallığını qorumasına şərait yaradır;
– Ailədə zorakılıq demokratik dəyərlərin inkişaf etməkdə olduğu cəmiyyətdə antidemokratik ailə mühitinin mövcudluğunun nəticəsi kimi meydana çıxır;
– Nailiyyətlərə baxmayaraq, erkən nikahlar problemi davam edir;
– Miqrasiya ailə üçün ciddi problemə çevrilir. Mütəxəssislər əhalinin təbii nəsil vermə əmsalının aşağı düşməsi, boşanmaların artması səbəbləri sırasında miqrasiya problemini ilk sıralarda qeyd edirlər. Artıq ölkədə “faktiki boşanma” fenomeni də yaranıb. Miqrasiya, xüsusən, əmək miqrasiyası sayəsində ailə üzvlərinin uzun müddət bir-birindən ayrı yaşaması və ayrı əmək fəaliyyəti (ev təsərrüfatı) ilə məşğul olması ailələrin təməlini sarsıdır. Bir çox hallarda belə ər-arvad arasında əlaqələr kəsilir. Və əgər faktiki nikah faktı varsa “faktiki boşanma” hadisəsi baş verir, əgər VVAQ orqanları tərəfindən qeydə alınmış rəsmi nikah faktı varsa VVAQ orqanları tərəfindən qeydə alınmayan faktiki boşanma hadisəsi baş vermiş olur.
Layihənin II mərhələsi bu problemlərin həllinə yardım etməyi, ailə insitutunun zəifləməsi problemi üçün həll formulları axtarışlarını və maarifləndirmə işini davam etdirməyi ehtiva edir.
Layihənin əsas məqsədi təməl insan haqq və azadlıqları çərçivəsində, insan əsaslı bir yanaşmayla ailə insitutunun qoruması və möhkəmləndirilməsini; ailə və cəmiyyətdə demokratikləşmə proseninin adekvatlığının təmin olunmasını; Azərbaycan ailəsinin spesifik xüsusiyyətlərinin mühafizə edilib gələcək nəsillərə ötürülməsini dəstəkləməkdir.
Layihə çərçivəsində əvvəlki mərhələdə yaradılmış Koordinatlar bazasına, Sənəd və Məlumat Arxivinə yeni məlumatlar əlavə edilərək İnformasiya bazasının, eləcə də www.himayadar.az saytının təkmilləşdirilməsi nəzərdə tutulur. Həmçinin, Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Tovuz, Cəlilabad və Masallı rayonlarında iki tip sorğunun (1. təsadüfi seçmə üsulu ilə kütləvi sorğu; 2. ekspert sorğusu) keçirilməsi, infoqrafiklərin, elektron banerlərın hazırlanıb sosial şəbəkələrdə yayılmasının davam etdirilməsi, flayer, yaddaş kitabçası və s. formatlı maarifləndirici informasiya daşıyıcılarının hazırlanıb çap olunması və insanlar, xüsusən, ucqarlarda, kənd yerlərində yaşayanlar arasında yayımı, eyni istiqamətli fəaliyyətlə məşğul olan qurumlar arasında əməkdaşlıgın və şəbəkələşmənın gücləndirilməsi planlaşdırılır. Layihənın sonunda isə fəaliyyətlərin sonucunda ortaya çıxan nəticələrin qərar qəbul edənlərə – hökumət qurumları, ayrı-ayrı əlaqədar (yetkil) şəxslərə çatdırmaq üçün fərdi görüşlərin təşkili nəzərdə tutulur.
“Himayədar” Humanitar Tərəqqi İctimai Birliyi