İşsizlikdən şikayətlənən Saatlı rayon sakini həbs olunub
“İcra başçısının müavinləri hər dəfə xəbər göndərirdilər ki, prezidentə “Youtube” vasitəsilə videomüraciətləri silsin. Vüsalsa əksinə, müraciətlərinin nəticəsi olmadıqca, yeni videomüraciətlərini qoyurdu. Mayın 15-də isə şikayəti əsasında Meydan TV-də yazı dərc olundu. Elə həmin gün polislər qandallayıb apardılar”.
Saatlı sakini Vüsal Axundov mayın 15-də polislər tərəfindən saxlanılaraq rayon polis şöbəsinə aparılıb.
Həmin gün Meydan TV Vüsal Axundovun işsizliklə bağlı şikayətini işıqlandırmışdı.
Həyat yoldaşı Rəna Axundova Meydan TV-yə danışır ki, bundan əvvəl də yerli icra hakimiyyətinin vəzifəli şəxsləri Vüsalı əgər şikayətlərini dayandırmasa, həbsə atdıracaqları ilə hədələyib. Rəna xanım hesab edir ki, həyat yoldaşını məhz videomüraciətlərinə və Meydan TV-dəki yazıya görə həbs ediblər.
“Vüsal iş istəyirdi, başqa heç nə…”
Rəna Axundova: “Vüsal iş istəyirdi, başqa heç nə… Deyirdi iş verin, yaxşı maaş verin, işləyim, ailəmə yaşamağa yer düzəldim. 11 aylıq körpəmə yemək ala bilmirəm, işləyim, uşağımı böyüdüm. Hərbi xidmətdən gələndən iş üçün müraciət etmədiyi qurum qalmamışdı. 11 aylıq bir övladımız var, özüm də 4 aylıq növbəti uşağa hamiləyəm. Ailənin başçısına işləməyə iş verməkdənsə, iş tələb etdiyinə görə tutub həbsə atıblar, mən körpəylə tək qalmışam. Bu gün uşağı bağçadan götürməliydi, vaxt ötdü, evə gəlib çıxmadılar. Zəng vurdum, telefonu söndürülmüşdü. Sonra yaxınlarımız xəbər verdi ki, Vüsalı tutublar”.
“İcra hakimiyyətinin binasına polis çağırıb tutdurublar”
Rəna xanım deyir, həmin gün Vüsal Axundov yerli icra hakimiyyətinə gedib, orada da polis çağırıblar: “Bir dostu var, müharibədə ayağından zədə alıb. Vüsal həmin dostunun sosial probleminə görə onunla birlikdə icra hakimiyyətinə gedib. Binanın qarşısında dayanarkən icra hakimiyyətinin bir neçə işçisi tutub içəri aparıblar, telefonunu əlindən alıb yaddaşını yoxlayıblar. Səs yazıları olub, hamısını siliblər, sonra da polis çağırıblar. Polislər yoldaşımı döymək istəyəndə pəncərədən özünü atıb, ancaq qaça bilməyib. Tutub polis şöbəsinə aparıblar. Aparan kimi sənəd tərtib edib, birbaşa məhkəməyə aparıblar, məhkəmə 10 sutka həbs kəsib. Polisə getdik, biri dedi, guya polislərin paqonunu cırıb, biri dedi, guya icra hakimiyyətinin otaqlarını dağıdıb, stol-stulları qırıb… Cinayətkarlar ortalıqda gəzir, dolaşır, haqqını tələb edənləri şərləyib həbsə atırlar. Həyat yoldaşımın həbsi birbaşa icra başçısının sifarişidir. Çünki həmin günədək dəfələrlə yoldaşımı açıq-aşkar hədələyib ki, ya səsini kəs, ya da üstünə narkotik, oğurluq atdırıb şərlətdirəcəm səni…”
Qanunsuzluqlardan, özbaşınalıqlardan danışıb
Vüsal Axundov mayın 15-də Meydan TV-yə bildirmişdi ki, bu ayın əvvəli icra hakimiyyətindən ona işsizlər üçün yaradılmış “DOST İŞ Mərkəzi” MMC-nin maaş kartı verilib. Kartda 173 manat məbləğində maaş olub. O, icra hakimiyyətinə gedərək, heç yerdə işləmədiyi halda bu maaşın ona hansı əsaslarla verildiyini öyrənməyə çalışıb. Bildiriblər ki, get otur evdə, hər ay kartdan pulunu çıxart xərclə, qalan şeylər sənlik deyil… Vüsal Axundov bu yolla maaş almaq istəmədiyi bildirir, işlə təmin olunmasını tələb edirdi. O, “Youtube” vasitəsilə ölkə başçısına videomüraciətlərində rayondakı işsizliklə yanaşı başqa qanunsuzluqlardan, özbaşınalıqlardan da danışıb.
Saatlı Rayon Polis Şöbəsindən isə Meydan TV-yə bildirilib ki, Vüsal Axundovla bağlı Saatlı Rayon İcra Hakimiyyətindən şikayət daxil olub. Polis işçiləri həmin ünvana gedərkən Vüsal Axundov polisin qanuni əmrinə tabe olmayıb və müqavimət göstərib. O, şöbəyə gətirilərək barəsində inzibati xəta haqqında material tərtib olunub və Saatlı Rayon Məhkəməsinə göndərilib. Vüsal Axundova İnzibati Xətalar Məcəlləsinin polisə müqavimət maddəsilə 10 sutka həbs cəzası kəsilib. Hazırda Saatlı Rayon Polis Şöbəsinin təcridxanasında saxlanılır.
Yenifakt.info
Müstəqil xəbərlər portalı