Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Ferman Ceyranlının təzyiqlərdən şikayətləndiyi deyilir

Gürcüstan Apellyasiya Məhkəməsinin bu ölkədə həbsdə olan cərrah, «Lancet» klinikasının həmtəsisçisi Fərman Ceyranlı barədə qərarını gecikdirdiyi bildirilir.

Cərrahın qızı Lalə Hüseynli AzadlıqRadiosuna deyib ki, bu gün, sentyabrın 25-də apellyasiya şikayəti üzrə məhkəmə prosesi 3 aylıq fasilədən sonra davam etdirilib. Sentyabrın 25-də keçirilən iclasda Fərman Ceyranlı çıxış edib.

Lalə Hüseynlinin sözlərinə görə, Fərman Ceyranlı çıxışında saxlanma şəraitindən şikayət edib, saxlanılma şəraitinin yerli qanunlara, Gürcüstanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə zidd olduğunu bildirib.

“İstintaq təcridxanasında davamlı psixoloji təzyiq altında saxlanılıram. Bütün sutkanı video-müşahidə altında saxlayırlar. Heç bir əsas olmadan 5 günlüyə cərimə kamerasına yerləşdirmişdilər. Bunun bir məqsədi var, məni psixoloji cəhətdən qırmaq və guya, cinayət törətdiyimi etiraf etdirmək. Ancaq buna nail ola bilməyəcəklər”, qızının deməsinə görə, cərrah məhkəmə prosesindəki çıxışında belə deyib.

Verilən məlumata görə, F.Ceyranlı həmçinin, həbsinin səbəbləri haqda da danışıb.

Lalə Hüseynlinin sözlərinə görə, atası Azərbaycan və Gürcüstanın siyasi hakimiyyətlərinin birgə fəaliyyəti nəticəsində siyasi motivlərlə həbs edildiyini, heç bir qeyri-qanuni əmələ yol vermədiyini bildirib.

Fərman Ceyranlının çıxışından sonra məhkəmə heyətinin prosesin oktyabr ayının 23-dək təxirə salınmasına qərar verdiyi söylənir.

Cərrahın qızı Lalə Hüseynli bundan əvvəl də AzadlıqRadiosuna demişdi ki, əslində proses çoxdan başa çatmalı idi. Onun fikrincə, sadəcə məhkəmə qərarının elan olunması 3 aydan çoxdur ki, yubanır.

Məhkəmədən sonra həmçinin, Fərman Ceyranlının beynəlxalq hüquq müdafiə təşkilatlarına, ictimaiyyətə ünvanlanmış müraciəti yayılıb. Həmin müraciətdə də cərrah heç bir cinayət əməlinə yol vermədiyini, siyasi səbəblərdən həbs edildiyini vurğulayır. Müraciətdə beynəlxalq hüquq müdafiə təşkilatlarından yardım istənilir.

Fərman Ceyranlı ilə qızının bu açıqlamasına, hələlik, Gürcüstan Apellyasiya Məhkəməsi və bu ölkənin başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Cərrahın həbsi ilə bağlı dediklərinə Azərbaycan hüquq-mühafizə orqanlarından da münasibət almaq cəhdləri nəticə verməyib.

Ancaq hakimiyyəti müdafiə edən şəxslər və bəzi deputatlar vurğulayıblar ki, Fərman Ceyranlının siyasi baxışlarına görə, həbs edildiyini deməsinin heç bir əsası yoxdur.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir