Cümə axşamı Əli Seyfəliyevin sədrliyi ilə Ali Məhkəmə “Kanal 13” İnternet televiziyasının direktoru, 6 il azadlıqdan məhrum edilmiş jurnalist Əziz Orucovun azadlığa buraxılması barədə qərar qəbul edib.
Vəkil Cavad Cavadov Turan-a bildirib ki, məhkəmə jurnalistin hərəkətində cinayət tərkibinin olmadığını nəzərə alaraq 192.2.2-ci maddə (qanunsuz sahibkarlıq) üzrə ittihamı Ə.Orucovun üzərindən götürüb.
308.2-ci maddə (vəzifə səlahiyyətlərindən istifadə ağır nəticələrə səbəb olduqda) üzrə ittiham isə daha yumşaq – 308.1-ci maddəyə tövsif edilib.
Onun cəza müddəti 3 ilədək azaldılmışdı və məhkəmə CM-in 70-ci maddəsini tətbiq edib – üç il sınaq müddəti olmaqla şərti cəzanın tətbiqi- və jurnalistin həbsdən azad edilməsi barədə qərar qəbul edib.
Vəkilin sözlərinə görə, yaxın saatlarda jurnalist azadlığa buraxılacaq. Ötən gün Ə.Orucov 14 saylı koloniyanın tibb məntəqəsinə yerləşdirilib.
Xatırladaq ki, Ə.Orucov 2017-ci ilin mayında həbs edilib və 2017-ci ilin dekabrın 15-də mühakimə olunub. O, özünü təqsirkar bilməyib.
Hüquq-müdafiə təşkilatları onu siyasi məhbus hesab edirdilər.