PSJ-nin baş məşqçisi Unay Emeri Fransa çempionatının son turunun “Marsel”lə oyununda (3:0) zədələnən Neymarın vəziyyətindən danışıb.
Media-fakt-ın yaydığı məlumata görə, ispaniyalı mütəxəssis ulduz futbolçunun Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında “Real”a qarşı oynaya biləcəyini söyləyib:
“Neymar bütün oyunlarda meydanaçıxmaq istəyir. Eləcə də “Real”la görüşdə. Ancaq hələlik qəti qərar vermək çətindir. Çünki Neymarın zədəsi var. Bununla belə, onun “kral klubu” ilə oyunda meydanda ola biləcəyi də istisna deyil”.
Ancaq Emerinin bu sözləri birmənalı qarşılanmayıb. Neymarın atası oğlunun “Real”a qarşı oynamamalı olduğunu bildirib: “Əlbəttə ki, o, “Real”la oyunu buraxacaq. İndiki məqamda başqa cür düşünmək absurddur”.
Braziliya mətbuatının iddiasına görə isə Neymarın “Real”a qarşı oynaması onun yayda Rusiyada keçiriləcək dünya çempionatından kənarda qalması ilə nəticələnə bilər. Maraqlıdır ki, PSJ rəhbərliyini hazırda dünya çempionatı deyil, Çempionlar Liqası maraqlandırır. Fransızlar mərhələ adlamaq üçün bu riski də gözə alıblar.
Qeyd edək ki, “Real” və PSJ arasında Madriddə keçirilmiş ilk oyun ispan klubunun 3:1 hesablı qələbəsi ilə başa çatmışdı.
Yenifakt.info
Müstəqil xəbərlər portalı