«Müsəlman Birliyi» Hərəkatının daha bir üzvü Rəvan İsmayılov fevralın 27-də gecə saatlarında Rusiyadan Bakıya qayıdarkən hava limanında saxlanılıb.
Bu haqda AzadlıqRadiosuna dindar fəalın yaxınları bildirib.
Onların deməsinə görə, fevralın 28-i günorta saatlarına qədər Rəvanın hava limanından hara aparıldığı, yeri haqda heç bir məlumat ala bilməyiblər. Bir qədər öncə isə onun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olduğunu öyrəniblər.
«Bir az əvvəl özü zəng eləyib «Bandotdel»də olduğunu dedi. Amma niyə saxlandığı, nə ittiham verildiyi məlum deyil», – R.İsmayılovun yaxınları bildirib.
R.İsmayılovun saxlanması ilə əlaqədar Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb.
Nardaran hadisələri ilə bağlı məhkəmələrin fəal iştirakçısı və ilahiyyatçı Taleh Bağırovun tərəfdarı olan R.İsmayılov 2017-ci ilin oktyabrında da həbs olunmuşdu. O zaman ictimai asayişi pozma və polisin əmrinə tabe olmamaqda suçlanaraq, ona 30 sutka inzibati həbs cəzası verilmişdi. Həmin məhkəmə qərarından apellyasiya şikayətinə baxılarkən R.İsmayılov polis idarəsində işgəncələrə məruz qalmasından danışmışdı:
«Məni küçədə tutmayıblar, bölmədən zəng eləyiblər, özüm getmişəm. Oradan məhkəməyə aparıb, qərarı alandan sonra təcridxanaya yox, Sabunçu Rayon Polis İdarəsinə gətirib, mənə işgəncə verdilər. Məni əllərim qandallı vəziyyətdə rəis müavininin otağına salıb yerə uzatdılar. Rəis müavini ayağını başıma qoymuşdu. Əvvəlcə döydülər, sonra rəis mənim bədənimə əlindəki aparatla cərəyan qoşdu. Yarım saata qədər mənə işgəncə verdilər. İşgəncə verə-verə çox pis söyüşlər söyürdülər – məni, Taleh Bağırzadəni…».